Emin İbrahimova hökm oxunub

Emin İbrahimov. Foto: Meydan TV

Keçmiş diplomat 7 il azadlıqdan məhrum edilib

Həbsdə olan keçmiş diplomat – 2012-2016-cı illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində katib, 2016-2019-cu illərdə isə Uruqvaydakı Diplomatik Nümayəndəlikdə işlər vəkili vəzifəsində çalışmış Emin İbrahimova hökm oxunub.

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmənin hökmünə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə elan edilmiş ittiham ləğv edilib.

Keçmiş diplomat 2024-cü il iyulun 22-də həbs olunub.

Emin İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq – silah və ya silah qismində əşyadan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü. Məhkəmə sonradan də CM-in 221.3 (silah qismində əşyadan istifadə ilə xuliqanlıq) maddəsini ittihamdan çıxarıb.

Emin İbrahimov Kamal Şükürov adlı şəxsi bıçaqlamaqda ittiham olunur.

O, şərlənərək həbs olunduğunu bildirib.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Zamin Salayev, Kənan Basqal (Zeynalov), Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiyəddin Məmmədov da var.

Onlar tələb ediblər ki, hadisənin baş verdiyi iddia olunan ərazidəki kameraların görüntülərinə baxılsın. Lakin bu işlərin heç birində kamera görüntülərinə baxılmayıb.

Ana səhifəSiyasətEmin İbrahimova hökm oxunub