Nazir: “Mərkəzləşdirilmiş qaydada qəbul xoşagəlməz halları aradan qaldıracaq”
“Məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu yay aylarında başlanacaq”.
Bunu təhsil naziri Emin Əmrullayev martın 1-də keçirdiyi brifinqdə deyib.
O bildirib ki, qəbul onlayn qaydada mərkəzləşmiş şəkildə həyata keçiriləcək.
“Bu da xoşagəlməz halları aradan qaldıracaq”, – nazir qeyd edib.
Onun sözlərinə görə, bağçalara işə qəbul MİQ (Müəllimlərin işə qəbulu üzrə müsabiqə) vasitəsilə keçiriləcək.
Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət bağçaları yenidən Təhsil Nazirliyinin tabeliyinə verilib.
Uşaq bağçaları son 10 ildə yerli icra hakimiyyətlərinin tabeliyində olub.
Bu müddət ərzində uşaq bağçalarına qəbulla bağlı narazılıq halları da qeydə alınıb.
Hazırda ölkədə ümumilikdə 1825 bağça fəaliyyət göstərir.
Bunların 1692-si dövlət bağçasıdır.
Bağçalarda ümumi uşaq sayı 126509-dur.