Emin Aslanın ölkədən çıxışına qadağa qoyulub

Gürcüstana getmək istəyən hüquqşünas sərhəddən geri qaytarılıb

Source:


Gürcüstana getmək istəyən hüquqşünas sərhəddən geri qaytarılıb

İyulun 18-də hüquqşünas Emin Aslan Gürcüstana gedərkən sərhəddə saxlanılıb. Ona ölkədən giriş-çıxış əməliyyatlarına həbs qoyulduğu bildirilib. Bu barədə onun yaxınları və dostları sosial şəbəkələrdə paylaşıblar.

Onların sözlərinə görə, Emin Aslana bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışı yasaqlanıb.

Emin Aslan ölkədən çıxışına qoyulan qadağa ilə bağlı bildirib ki, 18 iyul tarixində, saat 9:30-da uçuşum var idi:

“Bakı Beynəlxalq Hava Limanındaki sərhəd keçid məntəqəsinə yasınlaşanda, pasportumu yoxlayan sərhəd işçisi mənim ölkədən çıxışıma qadağa qoyulduğunu bildirdi. Detalları dəqiqləşdirərkən məlum oldu ki, mənim ölkədən çıxışıma qadağa Daxili İşlər Nazirliyi tərəfindən qoyulub. Ölkəyə çıxışıma qadağa yeni deyil, belə ki, Amerikadan Bakıya qayıtdığım gün, 30 may 2018-ci ildə qoyulub. Bundan sonra dərhal vəkilimlə əlaqə saxladım, onların köməkliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə ölkədən çıxışıma qoyulan qadağanın səbəblərini öyrənmək üçün sorğu göndərdim.

Bildiyiniz kimi, Amerikadan Bakıya qayıdandan sonra 4 iyun 2018-ci ildə qanunsuz olaraq saxlanılmışam və inzibati qaydada 30 gün həbsdə olmuşam. Bu 30 gün müddətində və bundan sonrakı dövrdə nə mənə, nə də mənim yaxınlarıma ölkədən çıxışımla bağlı qadağanın olması barәdә məlumat verilməyib. Bu, mənim hərəkət azadlığımın kobudcasına pozulmasıdır. Çünki mən heç bir cinayət işində şahid və ya təqsirləndirilən şəxs olmamışım. Adıma hər hansı bir kredit və ya vergi borcum yoxdur”.

Bir müddət öncə Emin Aslan ABŞ-ın Sirakuz Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq Bakıya qayıdıb.

O, Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Yaxınları nişanlısı ilə birlikdə ikən “Park Bulvar” yaxınlığında saxlanılan hüquqşünasın harada olması və vəziyyəti barədə 1 sutkadan çox məlumat ala bilməyiblər.

İyunun 5-də Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbəinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib.

İyulun 5-də cəza müddəti başa çatan Emin Aslan sərbəst buraxılıb.

Ana səhifəXəbərlərEmin Aslanın ölkədən çıxışına qadağa qoyulub