Emin Ağalarova Nardaranda daha beş obyekt üzrə tikintiyə icazə verilib

Emin Ağalarova Nardaranda daha 5 obyekt üzrə tikintiyə icazə verilib – Foto: Chatgpt

“Nardaran İnvest” MMC üç villa tikəcək, şirkətin daha iki qeyri-yaşayış binasının isə sadələşdirilmiş qaydada istismarına icazə verilib

Tikintilərin Dövlət Reyestrində “Nardaran İnvest” MMC-nin sifarişi ilə Nardaran qəsəbəsində yerləşən beş obyektə dair yeni rəsmi sənədlər açıqlanıb.

Sənədlərin üçü fərdi yaşayış evlərinin tikintisinə, ikisi isə qeyri-yaşayış binalarının sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə bağlıdır. Beş obyektin hamısının layihəçisi “ZN Design Group” MMC-dir.

“Nardaran İnvest” MMC-nin qanuni təmsilçisi Ağalarova Cəmilə Teymur qızıdır. C. Ağalarova xalq artisti, biznesmen, Prezident İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarovun yaxın qohumudur. Cəmilə Ağalarova həmçinin Emin Ağalarova aid olan “Crocus” brendi altında fəaliyyət göstərən 4 şirkətin Baş icraçı direktorudur.

İki qeyri-yaşayış binası üçün FHN rəyi

Reyestrin birinci çıxarışı Nardaran qəsəbəsinin İstiqlaliyyət küçəsi, giriş 224 ünvanında yerləşən qeyri-yaşayış binasına aiddir.

Sənədə əsasən, Fövqəladə Hallar Nazirliyi iyulun 8-də obyektin istismara hazırlığı ilə bağlı 13412 nömrəli rəy verib. Bir mərtəbəli binanın ümumi sahəsi 786,72 kvadratmetr, tikinti sahəsi isə 845,6 kvadratmetr göstərilib. Obyekt 0,0846 hektar torpaq sahəsində yerləşir. Divarının yer səthindən hündürlüyü 4,9 metrdir.

İkinci qeyri-yaşayış binası İstiqlaliyyət küçəsi, giriş 288 ünvanında yerləşir. FHN bu obyektlə bağlı da iyulun 8-də 13413 nömrəli istismara hazırlıq rəyi verib.

Çıxarışda binanın ümumi sahəsinin 363,6 kvadratmetr, tikinti sahəsinin 401,3 kvadratmetr olduğu qeyd edilir. Obyekt 0,0402 hektar torpaq sahəsində yerləşir. Bina bir mərtəbəli göstərilsə də, sənəddə divarın yer səthindən hündürlüyü 14,3 metr kimi qeyd olunub.

Beləliklə, sadələşdirilmiş istismara icazə verilən iki qeyri-yaşayış obyektinin ümumi sahəsi 1150,32 kvadratmetrdir.

Reyestr sənədlərində onların konkret olaraq hansı məqsədlə istifadə ediləcəyi göstərilmir. Hər iki tikili yalnız “qeyri-yaşayış obyekti” kimi təqdim olunur.

Sənədlərin məzmunundan görünür ki, FHN obyektlərə birbaşa istismar icazəsi deyil, istismara hazırlıq rəyi verib. Çıxarışların başlığında isə qeyri-yaşayış binalarının sadələşdirilmiş istismarına icazə verildiyi qeyd olunur.

Nardaran–Ləhiş yolunda isə üç yeni villa

“Nardaran İnvest” MMC eyni zamanda Nardaran–Ləhiş yolunun 300 metrliyi, 32X ünvanında üç fərdi yaşayış evi tikəcək.

Onlardan biri reyestrdə “Villa 164” kimi göstərilib. İkimərtəbəli evin ümumi sahəsi 711,07 kvadratmetr, tikinti sahəsi 448,33 kvadratmetrdir. Villa üçün 0,22 hektar torpaq sahəsi ayrılıb.

Eyni ünvanda tikiləcək ikinci fərdi yaşayış evi “Villa 163” adlandırılıb. İkimərtəbəli və altıotaqlı villanın ümumi sahəsi 754,15 kvadratmetr, tikinti sahəsi isə 400,61 kvadratmetrdir. Tikinti üçün ayrılan torpaq sahəsi 0,221 hektardır.

Üçüncü ev reyestrdə “Villa 155” kimi qeyd olunub. Doqquzotaqlı villanın ümumi sahəsi 849,24 kvadratmetr, tikinti sahəsi 614,52 kvadratmetrdir. İkimərtəbəli ev 0,3172 hektar torpaq sahəsində tikiləcək.

Üç villanın layihə üzrə ümumi sahəsi 2314,46 kvadratmetrdir. Onların yerləşəcəyi torpaq sahələrinin ümumi ölçüsü isə 0,7582 hektara çatır.

İcazə prosesi martda başlayıb

Reyestr çıxarışları göstərir ki, üç villanın tikintisinə dair ekspertiza rəyləri martın 6-da verilib.

“Villa 164” üçün 41479, “villa 163” üçün 41478, “villa 155” üçün isə 41476 nömrəli ekspertiza rəyi hazırlanıb. Hər üç layihənin şəhərsalma sənədlərinə uyğunluğu ilə bağlı rəylər iyunun 18-də verilib.

Tikinti icazələri bundan bir aydan çox sonra,  iyulun 27-si və 28-də rəsmiləşdirilib.

Beş çıxarışda obyektlərin tikinti və ya istismara hazırlanması üçün çəkilən xərc, maliyyə mənbəyi və qeyri-yaşayış binalarının gələcək təyinatı barədə məlumat yoxdur. Reyestr ictimaiyyətə yalnız sifarişçi, layihəçi, ünvan, sahə göstəriciləri və dövlət qurumlarının verdiyi icazə və rəylər barədə məlumat təqdim edir.

İlham Əliyevin keçmiş kürəkəni və ölkənin əyləncə sənayesinin parlaq siması olan Emin Ağalarov Nardaran qəsəbəsindəki dəbdəbəli “Sea Breeze” istirahət-kurort kompleksinin sahibidir. Bu yeni tikililər isə həmin kompleksin genişləndirilməsi üçün nəzərdə tutulur.

Ana səhifəXəbərlərEmin Ağalarova Nardaranda daha beş obyekt üzrə tikintiyə icazə verilib