”Əmim oğlunu gözümün önündə, avtomatın qundağı ilə döyüb öldürdülər”

”Nardaran işi” üzrə təqsirləndirilənlərin növbəti məhkəməsi olub

Source:


”Nardaran işi” üzrə təqsirləndirilənlərin növbəti məhkəməsi olub

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadov və onula birlikdə təqsirləndirilən Elxan İsgəndərovun növbəti məhkəmə iclası olub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasa Ə. Bünyadov xərəkdə, həkim nəzarətində gətirilib. Əməliyyat zamanı güllələnən Ə.Bünyadov iflic olub və o, hazırda ev dustaqlığındadır.

İnsanları öldürdülər, güllələdilər

İclasda Əbülfəz Bünyadov ifadə verib. O, özünü təqsirli bilmədiyini deyib:

“”Müsəlman Birliyi” Hərəkatının idarə heyətində olmuşam. Taleh Bağırovu çoxdan tanıyıram. Gözəl ruhani, yaxşı dostdur. Hərəkat qurulanda dəstək vermişəm və yanında olmuşam. Bizim nizamnaməyə baxsanız, görərsiniz ki, orada terror və digər cinayətlər barəsində heç nə yoxdur. Bizim qanvermə aksiyalarımız, şəhidlərlə bağlı tədbirlərimiz, idman yarışlarımız olub. Hadisə günü gəlib insanları öldürdülər, güllələdilər. Həmin gün evdə 20-30 nəfər var idi. Taleh Bağırov bizdə bir neçə dəfə qalıb. Biz ailəvi dost idik”.

İnsanlarda qorxu yaratmaq, dini gözdən salmaq istəyirdilər

Prokuror və vəkillərin suallarını cavablandıran Ə. Bünyadov yaddaş problemi olduğunu deyib:

“Məni Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başı üstə maşından yerə atdılar, travma almışam. Hadisə günü maskalılar güllə ata-ata evə girdilər. Necə heyvanları öldürüb, cəsədlərini üst-üstə atarlar, bizi də elə etdilər. Öldürdüklərini öldürdülər, güllələdiklərini güllələdilər, qalanlarını da tutdular. Həmin vaxt biz namaz qılırdıq. Əgər Talehlə hakimiyyətin bir problemi var idisə, onu normal şəkildə çağıra bilərdilər. İnsanlarda qorxu yaratmaq və dini gözdən salmaq üçün bunu belə etdilər. Nardaranda Azərbaycan bayrağını asmağı qəhrəmanlıq kimi təqdim edirlər. Nardaranda hər zaman Azərbaycan bayrağı olub. Hadisə vaxtı mənim yanımda Abbas adlı uşaq var idi. Ona güllə atmaq istəyirdilər. Dedim yazıqdı, uşaqdı atmayın. Maskalı çevrilib mənə iki güllə vurdu. Bizim evdə silah olmayıb, ola bilməz”.

Oğlum hələ də yüksək səs eşidəndə qorxur

Ə. Bünyadov deyib ki, nə Taleh, nə digər hərəkat üzvləri heç yerdə gizlənməmişdilər ki, onları gəlib tutsunlar:

“Həmin vaxt evdə yoldaşım, anam, beş yaşlı uşağım var idi. Oğlum hələ də yüksək səs gələndə qorxur. Talehin Nardaranda olması İmam Hüseyn məclisi ilə bağlı idi. Mən orada 30-40 nəfər maskalı gördüm. Amma çox, haradasa yüz nəfər olardılar. Güllələdikləri adamları sürüyüb səkinin üstünə qoydular. Sonra üst-üstə maşına atıb apardılar. Rəfailin meyiti maşında idi. Amma Fərayılı maşında avtomatın qundağı ilə döyüb öldürdülər. Fərayılla Rəfail mənim əmim oğlanlarıdılar. Maşında onlar məni döyəndə Fərayıl etiraz etdi, dedi, yaralıdı, vurmayın. Ondan sonra məni buraxıb, onu döyüb öldürdülər. Sonra məni apardılar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin zirzəmisinə. Titrətməm içəridə qanaxmam var idi. Bütün paltarlarımı çıxarmışdılar, yalnız alt paltarım qalmışdı. Bir nəfər çay verdi, içə bilmədim, komaya düşdüm”.

“Su istədiyimə görə həkim sillə ilə vurdu”

Daha sonra Daxili İşlər Nazirliyinin hospitalına aparıldığını söyləyən Ə. Bünyadov bildirib ki, orada həkimlər əvvəlcə onunla pis rəftar ediblər. Hətta bir dəfə su istədiyinə görə həkim ona sillə ilə vurub:

“Sonradan dedilər ki, sizi terrorçu kimi təqdim ediblər, lakin görürük maraqlı dünyagörüşünüz var. İki ay orada qaldım, heç kimlə görüşə imkan vermədilər”.

Ə. Bünyadov deyib ki, Nardaranda polislərə müqavimət göstərən olmayıb:

“Orada çəkiliş də olub. Əgər biz müqavimət göstərsəydik, silahımız olsaydı, çəkdiklərin üzə çıxarardılar. Orada ancaq öz vəhşilikləri olduğu üçün həmin görüntüləri gizlədirlər”.



Xatırlatma:

Ə.Bünyadov CM-nin 120 (qəsdən adam öldürmə), 228 (qanunsuz silah saxlama), 28, 214 (terrorçuluğa cəhd), 274 (dövlət çevrilişinə cəhd) və s. maddələrlə təqsirləndirilir. E.İsgəndərova da qəsdən adam öldürmə istisna olmaqla, onunla eyni maddələrlə ittiham verilib.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Nəticədə “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.

Onlar özlərini təqsirli bilmirlər.

Ana səhifəXəbərlər”Əmim oğlunu gözümün önündə, avtomatın qundağı ilə döyüb öldürdülər”