“Hilton Hotel”-in anbardarı Samir Zeynalov 15 gündən çoxdur ki, işsizdir. Onunla birlikdə 11 işçi də işdən azad olunub. Samir Zeynalov deyir ki, 2015-ci ildən xidmət müqaviləsi ilə çalışıb. Buna görə də nə istirahətləri olub, nə də maaşları artıb. Xidmət müqaviləsinin əmək müqaviləsi ilə əvəz olunmasını istədikdə isə işdən azad olunub.
Samir Zeynalov: “Mən bir il üç aydı işsiz idim. Məcbur olub xidmət müqaviləsi bağladım. Ümid edirdim ki, gələcəkdə mənimlə əmək müqaviləsi bağlayacaqlar. Buna dəfələrlə söz veriblər”.
Zeynalov bildirir ki, eyni zamanda hoteldə vəzifəli şəxslər tərəfindən də işçilərə alçaldıcı sözlər deyilib.
Samir Zeynalov: “ Mətbəx şöbəsinin rəhbər müavini Gökhan Sınmaz indi burda olmayan bəzi işçilərimizi təhqir edib. Hamımızın bununla bağlı yazılı müraciətimiz var. Elə təhqirlərdir ki, mən onu ictimailəşdirmək istəmirəm”.
“Hilton Hotel”dən suallarımızı heç kim cavablandırmadı.
Sosial hüquq məsələləri üzrə nəzarət sektorunun müdiri Elşən Tağıyev deyir ki, əmək və ya xidmət müqaviləsinin bağlanması işçi ilə müəssisə rəhbərindən asılıdır.
Elşən Tağıyev: “Əmək müqaviləsində normal iş saatı və istirahət hüququ var, amma xidmət müqaviləsində yoxdur. Xidmət haqqında hər hansı minimum-maksimum norma yoxdur”