Əmanətlərin Sığortalanması Fondu maliyyə yolları axtarır

Samir Əliyev: Fondun müstəqilliyini artırmaq lazımdır

Source:


Samir Əliyev: Fondun müstəqilliyini artırmaq lazımdır


“Əmanətlərin Sığortalanması Fondunu kapitallaşdırmaq üçün yollar axtarırıq”.

“APA -Economics” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı bank forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün 11 bank üzrə Fond tərəfindən 710 milyon manat məbləğində vəsait ödənilib. “Hazırda təxminən 45 mln. manata qədər vəsait ödənişini gözləyir. Bu ödəniş 130 min əmanətçiyə ödənilməlidir. Fondun bu öhdəliyi yerinə yetirmək üçün bu gün kifayət qədər likvid vəsaitləri var. Dövlət zəmanəti ilə fonda kredit verilib. Lakin bu kreditlər fond və ümumilikdə bank industriyasının hökumət və Mərkəzi Bank qarşısında öhdəliyidir. Bu öhdəliyi qaytarmaq üçün bank industriyası uzun müddət ərzində çalışmalıdır”, – deyə R. Aslanlı qeyd edib.

R. Aslanlı bildirib ki, fond kifayət qədər kapitallaşdırıldıqdan sonra restrukturizasiya prosesi tamamlanmış bank sektoruna və əhaliyə dəqiq siqnal verilməlidir: “Bu siqnalla bildirməliyik ki, biz əmanətlərin sığortalanması sistemini kapitallaşdırmışıq və fond öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər maliyyə dayanıqlığına malikdir. Bundan sonra dövlət bu proseslərdən kənara çəkilməlidir”.

R.Aslanlının fikirlərini Meydan TV-yə şərh edən iqtisadçı Samir Əliyev son zamanlar Əmanətlərin Sığortalanması Fondunun məsuliyyətinin və bu quruma tələbatların artdığını düşünür:

“Banklar bağlandığından dövlət sığortalanan əmanətləri qaytarmaq məcburiyyətindədir. Məlum oldu ki, fondun kapitalı bağlanan bankların əmanətlərini qaytarmağa cavab vermir. Çünki fond yaradılanda müəyyən faiz şərti qoyulmuşdu. 12 faizdən aşağı əmanətlər sığortalanır, amma bu, bütün əmanətləri qaytarmaq demək deyildi, yəni əmanətlərin ən yaxşı halda 30 faizi tam kompensasiya olunur. Əgər bank bağlanarsa, yerdə qalan əmanətin taleyi sual altına düşürdü. Sonradan hökumət fikrini dəyişdi, 3 il müddətinə 100 faiz təminat verdi. Həmin qərardan sonra bir neçə bank bağlandı və dövlət məsuliyyəti götürdüyündən fond pulları vermək məcburiyyətində qaldı. Nəticədə Əmanətlərin Sığortalanması Fondunun vəsaiti qurtardı. Belə vəziyyətdə Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan dövlət zəmanətilə kredit alıb, əmanətçilərin kreditini qaytardı. Bu baxımdan Əmanətlərin Sığortalanması Fondunun fəaliyyətinin təkmilləşdirilməsinə ehtiyac var, çünki fondun kapitallaşması problemi həllini tapmalıdır”.

Samir Əliyev foto sosial şəbəkə

Ancaq Samir Əliyev Əmanətlərin Sığortalanması Fondunun kapitallaşmasının çox çətin olduğunu düşünür: “Həm də hazırda yeni əmanətlər də yoxdur ki, banklar üzvlük haqqı versinlər. Kapitallaşmasını artırmaq üçün fondun idarəetmə strukturunda müəyyən dəyişiklik edilməli və kapitallaşmanın cəlb edilməsi mexanizmləri axtarılmalıdır. Hesab edirəm ki, fondun səlahiyyətləri artırılmalıdır, məsələn, fondun müstəqil surətdə bankların əmanət bazasını bir növ audit etmək imkanı olmalıdır. Banklar bu sahədə məsuliyyətsizliyə yol verib, “Texnikabank”ın timsalında bunu gördük. Bundan əlavə, Əmanətlərin Sığortalanması Fondunun müstəqilliyini artırmaq lazımdır. Ancaq əsas məsələ kapitallaşmanı necə təmin etmək olacaq. Kapitallaşma dövlət tərəfindən veriləcək, yoxsa fərqli xətt seçiləcək?”

Ana səhifəAnalitikaƏmanətlərin Sığortalanması Fondu maliyyə yolları axtarır