47,5 mln. dolların qaytarılması tələb edilir
“Bank Standard”ın 82 nəfər əmanətçisi bankın müflisləşməsində təqsirli bildikləri şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi Rayon Məhkəməsinə müraciət ediblər.
Bu barədə məlumatı “Standart” bankın Kreditorlar Komitəsinin sədri, hüquqşünas Əkrəm Həsənov verib.
Bildirib ki, vətəndaşlar 6 kollektiv iddia irəli sürüblər. Onlar təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan çox məbləğin ödənilməsini tələb edirlər:
“Bu, təxmini 81 mln. manatdır. Ümumiyyətlə, əmanətçilərin bu bankda 157 mln. manatı qalıb. Yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq”.
İddiada əsas sübut (təbii, digər sübutlar da var) kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var (yəni zərər 1 mlrd. manatdan çoxdur!), buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq.
Hüquqşünas deyir ki, bu və digər sübutlara əsasən, əmanətçilər bankın müflisləşməsində Mərkəzi Bank, habelə şəxsən onun sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucovu (bank nəzarətinə görə məsul olmuş “Bank Mamed”in kürəkəni) təqsirli bilirlər:
“Onların əsas vəzifəsi səmərəli bank nəzarətinin həyata keçirilməsi (əmanətçilərin maraqlarını qorumaq üçün) olduğu halda, əksinə, “Bank Standard”dakı qanun pozuntularına ən azı göz yummuş (bəlkə də onlarda iştirak etmiş!), tədbir görməmiş, üstəlik, bankı yeri gəldi-gəlmədi kreditləşdirmişlər. Bankın auditoru olmuş “KPMG” şirkəti də var.
Əmanətçilər düşünürlər ki, bu şirkət bankın auditini qeyri-obyektiv həyata keçirib. Onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln. manat zərərin olduğunu vurğulamışdı. Halbuki, artıq o zaman zərər xeyli çox olub.
Əmanətçilər bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibovu da təqsirli bilirlər. Bildirirlər ki, onların qanunsuz əməlləri elə Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanlarımız da axtarır.
Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln. manat zərərə görə də Abbasovun təqsiri araşdırılmalıdır”.Əmanətçilərin təqsirli bildiyi digər qurum isə Maliyyə Bazarlarına Nəzarət Palatasıdır:
“Habelə şəxsən onun Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədov. Əmanətçilər hesab edirlər ki, bu şəxslər bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş “sağlamlaşdrma” proseduruna görə suçludurlar. Belə ki, əvvəla, həmin prosedur Nazirlər Kabinetinin qərarı və planı olmadan aparıldığı üçün qanunsuz olub.
Daha sonra, Ləğv Planında birbaşa qeyd olunur ki, bu prosedur uğursuz olub və bank əlavə iri itkilərə məruz qalıb. Üstəlik Mərkəzi Bankın həmin dövrdə banka ayırdığı 115 mln. manatın taleyi müəmmalıdır”.
Əkrəm Həsənov deyir ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə, əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər. 2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.
Bank “Standart”ın lisenziyası 2016-cı ilin oktyabrında ləğv edilib.
2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu, onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.
Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.