Elxan Şahinoğlu: Azərbaycanın nəbzini yoxlayırlar

Azərbaycan və Rusiyanın müdafiə nazirləri görüşdü

Source:
foto APA
foto APA


Azərbaycan və Rusiyanın müdafiə nazirləri görüşdü

“Rusiya və Azərbaycan Xəzər regionunun təhlükəsizliyinin təmin olunması üçün əməkdaşlığı genişləndirir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı, general-polkovnik Zakirə Həsənovla keçirdiyi görüşdə deyib.

Noyabrın 30-da Moskvada Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında MBD Müdafiə Nazirləri Şurasının növbəti iclası çərçivəsində görüş keçirilib. Görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub.

Görüş zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

“Hesab edirik ki, Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur. Ona görə də, bizə bu regionda daha da effektli əməkdaşlıq etmək lazımdır”, – deyə Rusiya müdafiə naziri qeyd edib.

S. Şoyqu ölkələrin buna olduqca yaxınlaşdığını da vurğulayıb: “Əminəm ki, bu, regionda sabitliyə əhəmiyyətli dərəcədə təsir edir”.

Zakir Həsənov isə bildirib ki, iki ölkə arasında hərbi və hərbi-texnika sahədə əməkdaşlıq inkişaf edir. O, bugünkü görüşün hər iki ölkə üçün səmərəli olacağını deyib.

Zakir Həsənov onu da bildirib ki, hazırda Rusiya ali hərbi məktəblərində 80-dən çox azərbaycanlı kursant təhsil alır.

örüşün sonunda müdafiə nazirləri iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planını imzalayıblar.

Görüşü şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Meydan TV-yə deyib ki, Rusiyanın Xəzər dənizində güclü hərbi donanması var və Rusiya gəmiləri Bakı limanında ara-sıra görünür, yaxud Azərbaycan hərbi gəmiləri qonşu ölkənin limanlarına daxil olur:

Elxan Şahinoğlu foto Meydan TV

“Yəni Xəzər dənizində iki ölkənin əməkdaşlıq imkanları olduğundan bir-birinin maraqlarına zidd addım atmırlar. Bir müddət öncə Rusiya və İran Amerikanın hərbi baxımından Xəzərdə fəallaşmasından narahat idi. Düzdür, Azərbaycan Amerikadan hərbi avadanlıqlar alsa da, heç vaxt Vaşinqton və Təl-Əvivlə əməkdaşlığından üçüncü dövlətə qarşı istifadə etməyib. Moskva və Tehran bunu anlayır. Ona görə Rusiya müdafiə nazirinin açıqlaması obyektiv situasiyanı əks etdirir”.

Ancaq politoloq düşünür ki, Moskva toplantısında başqa məsələlər də müzakirə edilə bilər:

“Sadəcə, nazir Şoyqu məlum açıqlamanı işlətməklə Azərbaycanla başqa məsələnin həllinə çalışır. Rusiyada nəşr olunan “Nezavisimaya qəzeta”da maraqlı bir məqalə dərc olunub, bildirilir ki, Rusiya Hələbi ələ keçirəndən sonra MDB-də ümumi qoşun yaradıb Suriyaya göndərmək istəyir ki, koalsiya formalaşsın. Söhbət minaların təmizlənməsi, dövlət obyektlərinin müdafiəsindən gedir. Bu, Azərbaycan üçün çox təhlükəli təklifdir. Səbəblərdən biri odur ki, Suriyada beynəlxalq koalisiya yoxdur, müxtəlif qüvvələr arasında savaş gedir. Bəli, Azərbaycan sülhməramlıları İraqda, Kosovada, Əfqanıstanda iştirak edir, sadəcə, beynəlxalq koalsiyanın daxilində. İkinci, Rusiyanın yaratmaq istədiyi MDB koalisiyasında Ermənistan da yer almalıdır. Belə olduqda, Azərbaycanın koalisiyada yer alması doğru deyil. Nəhayət, Bakı Moskvanın təklifinə razılaşsa, tərəf olacağı anlamına gəlir. Deməli, minlərlə insanın qətliamının baiskarı Bəşər Əsədi və Rusiyayla tərəfdaşlığı seçəcək. Qarşısında isə strateji müttəfiqi Türkiyə və Amerikanı görəcək. Ola bilsin bu məsələlər müzakirə altındadır, amma Kremlin nəzarətində olan qəzet bu barədə yazırsa, deməli, Azərbaycanın nəbzini yoxlayırlar”.

Ana səhifəAnalitikaElxan Şahinoğlu: Azərbaycanın nəbzini yoxlayırlar