Elşad Babayevin qətlinə görə heç kim cəzalandırılmayıb

“Bu gün qardaşımın qırxıdır. Mən geri çəkilmək niyyətində deyiləm və qatillərin cəzalandırılmasına nail olacağam”

Source:


“Bu gün qardaşımın qırxıdır. Mən geri çəkilmək niyyətində deyiləm və qatillərin cəzalandırılmasına nail olacağam”

14 saylı cəzaçəkmə müəssisəsində vəfat etmiş Elşad Babayevin bacısı Simuzər Babayeva yanvarın 29-da baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib. Görüşdə həmçinin Baş Prokurorluğun istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov, Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və Qaradağ rayon prokurorluğunun müstəntiqi Eyyub Bəşirov da iştirak edib.

Bu barədə “Turan İA”-a S.Babayeva özü bildirib.

Rüstəm Usubov bildirib ki, faktla bağlı 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddə ilə cinayət işi açılıb. Lakin Babayeva bununla razı olmadığını ifadə edib və istintaqın “özünü öldürmə həddinə çatdırma” və ya “qəsdən adamöldürmə” maddələri ilə aparılmalı olduğunu hesab edir, belə ki, mərhumun cəsədində işgəncə və zorakılıq izləri var.

“Mən həmçinin bu cəzaçəkmə müəssisəsindən azad edilmiş, KİV-də qardaşımın ölümü və ardınca orada məhbusların etirazları haqqında danışan hüquqşünas Qurban Məmmədovun niyə dindirilmədiyini soruşdum. Bundan sonra Usubov müvafiq göstəriş verib”, deyə S.Babayeva qeyd edib.

Onun sözlərinə gör, 14 saylı cəzaçəkmə müəssisəsində əməkdaşların heç biri məsuliyyətə cəlb edilməyib və hətta işdən belə kənarlaşdırılmayıb. Digər məhkumların verdiyi məlumata görə, onun qardaşına qarşı zorakılıq tətbiq edənlər arasında əməkdaşlar Faiq və Firdovsinin adları da çəkilir, amma onlar işləməkdə davam edir.

“Bu gün qardaşımın qırxıdır. Mən geri çəkilmək niyyətində deyiləm və qatillərin cəzalandırılmasına nail olacağam”, – deyə S.Babayeva bildirib.

O, həmçinin qardaşının kardiomiopatiyadan vəfat etdiyini hesab edən tibbi ekspertizanın rəyi ilə razı deyil. “Bu, doğru deyil, qardaşımın heç vaxt ürək xəstəliyi olmayıb”, deyə S.Babayeva bildirib. O qeyd edib ki, dekabrın 13-də qardaşı karserə salınıb və amansızlıqla döyülüb. Sonrakı günlərdə də işgəncələr davam edib və məhkuma yemək verməyiblər və həkim çağırmayıblar.

Elşad Babayevin ölümü cəzaçəkmə müəssisəsində məhkumların etirazlarına səbəb olub və iğtişaşlar xüsusi qüvvələr cəlb edilməklə yatırılıb.

Ana səhifəXəbərlərElşad Babayevin qətlinə görə heç kim cəzalandırılmayıb