Əlövsət Əliyev barəsindəki ittihamlara aydınlıq gətirdi

“Emin Şəkinskinin o xanıma işgəncə verdiyini sübut edən dəlillər var idi”

Source:


“Emin Şəkinskinin  o xanıma işgəncə verdiyini sübut edən dəlillər var idi”

Bakı Ağır Cinayətlər Məhkəməsində Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İttihama görə, Namiq Camalov Gülnarə Şəkinskayanın, eləcə də sonuncunun övladları – Nadiya, Həmidə, Məryəm və Cəvahir Şəkinskayaların dövlət sərhədini qanunsuz keçmələrindən ötrü rəsmi sənədlərin qanunsuz hazırlanması üçün Pənah Dadaşov, Zeynəb Cəfərova, Saçlı Həsənova, Əlövsət Əliyev və qeyriləri ilə özgənin külli miqdarda əmlakını talama barədə razılığa gələrək cinayət əlaqəsinə giriblər.

İstintaq zamanı məlum olub ki, G.Şəkinskaya qeyd olunan cinayətlərin törədilməsində Əlövsət Əliyev, Namiq Camalov, Şəfiqə Bağırova və digərləri ilə yanaşı həm də doğma qardaşı Fərid Yusubla əlbir olub.

Belə ki, Fərid Yusub ölkə xaricində olmasına baxmayaraq bacısı ilə internet vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıb, ona müvafiq məsləhətlər verib. G.Şəkinskaya məhz onun tövsiyəsi əsasında 60 min manatı talayaraq saxta pasportlar əldə edib və övladları ilə birgə Gürcüstan ərazisinə keçib.

Fərid Yaqub 15 aprel, 2014-cü ildə Minsk-Tiflis aviareysi ilə Gürcüstana gələrək bacısı ilə görüşüb, ona Gürcüstandan üçüncü ölkəyə keçmək üçün məsləhətlər verərək sonradan yaşadığı ölkəyə – Belarusa qayıdıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2 (oğurluq), 320.1 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.

İttihamda qeyd olunur ki, sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslər – Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Əlövsət Əliyev istintaqdan qaçıb gizləndiklırinə görə barələrində axtarış elan olunub.

Gülnarə Şəkinskaya DİN Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş həyat yoldaşı olub.


“Mən Gülnarəyə də  xaricdə sığınacaq ala bilməsinə əsas olan halları izah etdim”

Cinayət işində adı hallanan hüquq müdafiəçisi Əlövsət Əliyev hazırda Almaniyada mühacirətdədir. Hüquq müdafiəçisi barəsində deyilənlərlə bağlı bəyanat yayıb.

Əlövsət Əliyevin Meydan TV-yə göndərdiyi bəyanatında deyilir:

“Azərbaycan Miqrasiya Mərkəzinin (AMM) əsas nizamnamə  fəaliyyətlərindən biri  miqrasiya ilə bağlı müraciət edənlərə  pulsuz məsləhətlərin verilməsi olub. AMM-in nizamnaməsinə və həyata kecirdiyimiz layihələrin məqsədlərinə uyğun olaraq müraciət edən şəxslər barədə anonimlik daim  gözlənilmiş və müraciət edən şəxslər və onların müraciətlərinin məzmunu haqqında razılıqları olmadan məlumatlar yayılmalı deyil.

Təqribən 2014-cü ilin yanvar ayında (ola bilsin daha əvvəl olub)  Gülnara Şəkinskaya adlı xanım AMM rəhbəri kimi mənə müraciət edib və keçmiş əri tərəfindən himayəsində olan uşaqlarının zorla alınması təhlükəsi olduğunu bildirib, özünün iştirakı olmadan uşaqları ilə ərinin görüşməsi haqqında məhkəmə qərarını (baxmayaraq ki, ərinin uşaqları ilə görüşməsinə heç bir maneçilik törədilməyib və istədiyi gün və günün istənilən vaxtı uşaqları ilə görüşüb),  eyni zamanda məcburi olaraq ruhi əsəb xəstəlikləri dispanserinə aparılmasını bildirib  və ordan ona verilmiş tibbi sənədləri mənə təqdim edib. Müraciət zamanı bildirdi ki, əgər ölkəni tərk etməsə onun ruhi əsəb xəstəlikləri dispanserinə salınmasına real təhlükə mövcuddur. Bunlara əsaslanaraq  Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların hər hansı birindən və ya hər hansı bir ölkədən qaçqın statusu almaq üçün məndən məsləhət istədi.  Mən qaçqın statusu almağa əsas olan hallar  haqqında ona geniş məlumat vermişəm. Eyni zamanda ona Qanunun əsas prinsiplərindən birini, yəni heç kəsin vətəndaşı olduğu ölkənin ərazisində qaçqın statusu almaq hüququnun olmadığını izah etmişəm.

Bu zaman mən onun DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin keçmiş arvadı olduğunu bilmişəm. Gülnarə Şəkinskaya Eminin imkanlarının geniş olduğunu, onun tərəfindən daimi izləndiyini, uşaqların məktəbə aparıb-gətirilməsi üçün 2 sürücünün ayrılmasını, iki nəfərin isə  onların mühafizəsi üçün ayrılmasını da bildirmişdi.

Digər şəxslərə olduğu kimi mən Gülnarəyə də  xaricdə sığınacaq ala bilməsinə əsas olan halları izah etdim. Hətta ona hansı sübutlarının lazım olacağını da izah etdim.

Həmin vaxt onun uşaqlarının xaricə aparmasına icazənin olub-olmadığı ilə də maraqlanmamışam və bu mənim fəaliyyətimə aid olan iş deyil”.

Əlövsət Əliyev daha sonra yazır: “Emin Şəkinskinin  o xanıma işgəncə verdiyini sübut edən dəlillər var idi. Boşanmalarına baxmayaraq, polis əməkdaşlarını qanunsuz olaraq ona nəzarət üçün ayırmışdı. Ruhi-əsəb xəstəlikləri dispanserinə aparılmışdı və s.

Aprelin əvvəllərində Gülnarə xanım mənə zəng etdi və Gürcüstanda olduğunu bildirdi. Ona verdiyim məsləhət üçün təşəkkür etdi.  Xahiş  etdi ki, ona baş verənlərlə bağlı bir dəstək  məktubu göndərim. Mən də göndərdim.  Bu qədər”.

Əlövsət Əliyev müraciətində maraqlı bir məqama da toxunub: “Mən Gulnarə xanımdan əvvəl onun qardaşına və bacısına hüquqi yardım göstərmişəm. Gülnarə xanıma qədər səhv etmirəmsə, 2012-ci ildə Azərbaycan Miqrasiya Mərkəzinə onun 09. 09. 1964-cü ildə anadan olmuş bacısı Yusubova Elnarə Rəhim qızı hüquqi yardım üçün müraciət etmişdi. Ona xarici pasport verilməsinə məhdudiyyət qoyulmuşdu. Biz onun adından Daxili İşlər Nazirinə və ölkə başçısına müraciət etdik və iki aydan artıq apardığımız yazışmadan sonra cənab Emin Şəkinskinin bu qanunsuz göstərişini ləğv etdirdik. Ondan əvvəl isə hələ 2008-ci ildə bizim təşkilata Gülnarə xanımın qardaşı 24 noyabr 1978-ci ildə anadan olmuş Yusubov Fərid Rəhim oğlu müraciət etmişdi. Onun da ölkədən getməsinə cənab Emin Şəkinski tərəfindən qadağa qoyulmuşdu. Onu İrana getmək istədiyi zaman Astarada sərhədçilər saxlayaraq polisə təhvil verdilər. 10 gün heç bir sənədləşmə aparmadan onu polisdə saxladıqdan sonra xüsusi konvoyla Bakıya gətirdilər. Pasportu və digər sənədləri isə qanunsuz olaraq Emin Şəkinski tərəfindən götürüldü. Yalnız 6 aylıq yazışmadan sonra – ölkənin birinci xanımının dərkənarı ilə olan məktub prokurorluğa göndəriləndən sonra onun sənədlərinin geri alınmasına nail ola bildik və o ölkəni tərk edə bildi”.

Hüquqşünas hesab edir ki, QHT rəhbəri kimi ona münasibətdə baş verənlər cənab  Emin Şəkinskinin cinayətkar əməllərinin qarşısını almasıyla bağlıdır: “Mən onun əməllərindən ancaq şikayət etməklə bu işləri görmüşəm. Gülnarə xanımın və onun qızlarının da ölkədən çıxarılmasına bu qayda ilə və ya məhkəmə qaydasında nail ola bilərdim. Bunun üçün tələb olunan potensiala malik idim və ona görə saxta sənəddən istifadəyə ehtiyac yox idi.

Mənim barəmdə nəyə görə cinayət işinin olması faktı işin istintaqını aparan müstəntiqə və barəmdə həbs-qətimkan tədbiri seçən hakimə də bəlli deyil.

Göründüyü kimi, haqqımda qəbul edilən prosessual qərar  sübutlara və faktlara deyil, Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Şəkinskinin istintaq orqanlarına davamlı olaraq cinayətkar təzyiqlərinə əsaslanır. Cənab İlham Əliyevin sinif yoldaşı olmasından qürrələnən, “çox sevdiyi və hər gün baş çəkdiyi balaları” üzərində polis əməkdaşlarını  mühafizəçi kimi təyin etməsinə  baxmayaraq, nəzarəti itirmiş “general” şəxsin ölkədə cinayətkarlığa qarşı mübarizə strategiyasını müəyyən edən, cinayətkarlığa qarşı  mübarizəyə rəhbərlik etməli olan Baş İdarəyə necə rəhbərlik etməsinin nə qədər gülməli olmasının fərqindəmisiniz?

Sonda  jurnalistlərə müraciət və xahiş edirəm edirəm. Məhkəmə prosesi açıq keçirilərsə, prosesi izləməyinizi xahiş edirəm. Daha ətraflı və dolğun məlumat ala bilərsiniz”.

Ana səhifəXəbərlərƏlövsət Əliyev barəsindəki ittihamlara aydınlıq gətirdi