Dünən həmyerlimiz Elnur Hüseynov “O səs Türkiyə” musiqi yarışmasının qalibi olub, onu ürəkdən təbrik edirəm, gələcək fəaliyyətində uğurlar diləyirəm. Elnurun rəqabətli ortamda haqq etdiyi qələbəsi, düşünmək üçün, analiz üçün ciddi material verir.
Son qürur verici xəbərlərdən biri də ABŞ-da yaşayan Tural Bədirxanlıdan gəlmişdi, bu gənc azərbaycanlı təhsilini ABŞ-da alıb, orada çalışmağa başlayıb, sonra kiçik bir şirkət qurub – «Namo Media» və bu şirkəti «Twitter» şirkətinə 50 mln. dollra satıb.
Daha bir örnək: Sergey Mixayloviş Brin – 1973-cü ildə Moskvada anadan olub, 90-cı illərdə ABŞ-a köçüb, hamımızın gündəlik istifadə etdiyimiz Google şirkətinin yaradıcılarından biridir, 2014-cü ilin məlumatına görə dünyada milyarderlər arasında 24-cü yerdədir, adamın 22,8 mlrd. dollar varidatı var.
Sual: Niyə həmyerlimiz Tural, rusiyalı Sergey Azerbaycanda və ya Rusiyada belə bir şirkət qurub, uğur qazana bilmədilər? Cavabı çox sadədir: ABŞ-da, Avropada biznes üçün Ədalətli və Rəqabətli mühit var. Əsas budur, sonra bazarın böyüklüyü, təlabat və sairə amillər gəlir, amma, ilk və ən vacib şərt Rəqabət və Ədalətdir!
İstedadlı, bacarıqlı, bilikli insanların öz bacarığını, qabiliyyətini, potensialını açmaq üçün, mütləq rəqabətli, ədalətli siyasi və iqtisadi sistem lazımdır. Mənim bir tanıdığım var, Nefçala bölgəsindəndir, 1996-ci ildə Fransaya köçmüşdü, uzun illər əlaqəmiz itdi, 2008-ci onu təsadüfən xaricdə gördüm, adam böyük bir Fransa şirkətinin satiş üzrə direktoru işləyirdi, həyatda bütün istəklərinə çatmışdı, xoşbəxt idi. Özü mənə dedi ki, Neftçalada qalsaydı, maksimum, yol kənarlarında əlində balıq satardı. Yəqin sizlərin də onlarla belə tanışlarınız var, hansılar ki, ölkədən köçüblər, ciddi uğur hekayələri yazıblar.
Elnur da Azərbaycanda uğur qazana bilmədi, çünki, Şou-Biznes adlanan iyrənc bir məkanda istedad, bacarıq, qabiliyyət deyil də, başqa bağlantılar vacib rol oynayır. Elnurun bu qələbəsi bir daha sübut edir ki, qapalı, rəqabətsiz, ədalətsiz mühitdə uğur hekayəsi yazmaq mümkün deyil. Bunun günahı çox bacarıqlı olan xalqımızda deyil – günah ədalətsiz, rəqabət olmayan, inhisarçı, təhsilə önəm verməyən bu eybəcər siyasi sistemdədir. Siyasi sistemimizi aça bilsək, rəqabətli və ədalətli etsək, bizim insanlar həyatda çox şeyə nail olarlar, mən buna tam əminəm!