Elmir Mirzəyevə cavab

Ramiz Rövşən niyə zorlanmış qızı sevə bilməz?

Source:


Bir müddət əvvəl Ramiz Rövşənin qəhramanı və Dostoyevskinin Raskolnikovu haqqında bir məqalə yazılmışdı. Deyilənlər, göstərilən arqumentlər və s. maraqlı idi və razılaşmışdım. Lakin bu mövzuda mənim də deyəcəyim bir neçə söz var. Öncə ondan başlamaq istərdim ki, Azərbaycan və Rusiya cəmiyyətlərinin torpağı, beyinləri, fikirləri fərqlidir. Rusiyada yaşamış yazıçı ilə Azərbaycanda yaşamış bir yazıçı arasında çox fərqlər var. Eləcə də, qəhrəmanlar arasında.

Əgər zorakılığa məruz qalmış bir qıza və ya fahişəyə Rusiyada normal münasibət adi haldırsa, Azərbaycanda qeyri-adi haldır. Rusiyada bu hadisələrin təsvirini Dostoyevski impressionist (bu haqqda bir az sonra) şəkildə vermişdisə, Azərbaycanda da həyat tərzinin təsviri şeirə başqa cür köçürülə bilməzdi. Əks halda, bu, mübaliğə olardı. Belə olduqda isə daha çox ədəbi etirazlara səbəb olardı.

Bir az söz açdığım impressionist üslub haqqında. Biz əgər bu tərzi daha çox rəssamların, heykəltaraşların işlərində görmüşüksə, ədəbiyyatda belə hallara da rast gəlinib. Əgər fikir versək, Dostoyevski bu əsərdə açıq-saçıqlığa, intim hallara, seksə yer verməyib. Məsələn, “Cinayət və Cəza” əsərində nə qədər axtarsanız da, Sonyaya fahişə deyilməsinə, əsərdə cinsi əlaqələrin təsvirinə rast gəlmək mümkün deyil.

Bəlkə Dostoyevski utanırdı belə təsvirlərin verilməsinə?

Əsərdəki impressionizm də elə budur. Yazıçı əsərdə “fahişə” sözünü işlətmir, lakin oxucular anlayır ki, Sonya fahişədir və cəmiyyət onu qəbul etmir. Dostoyevski bunu ustaca, üstü bağlı şəkildə və spontan şəkildə təsvirlərlə çatdırır və paralel olaraq, əsərdə heç bir intim məqama rast gəlmək mümkün deyil. Raskolnikovun 600 səhifəlik macərasından uzun-uzadı danışmaq olar lakin məsələ elə burada bitsə yaxşıdır.

Əgər məsələ namus-qeyrət məsələsidirsə, Ramiz Rövşənin maço qəhrəmanının tipik Azərbaycanlı üzüdürsə, məşhur Nobelli yazıçı Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərində mövzunun elə məhz bu olduğunu görə bilərik. Magik-realist üslubunda yazılmış bu əsərdə Santiqao Nasarın başına gələnlərdən “namus üstündə” öldürülməsindən danışılır.

Əgər Markes öz əsərində qatil maço qardaşlar obrazını yaradıbsa, yaşadığı mühitin təsvirini olduğu kimi veribsə Ramiz Rövşən yaratdıqda nəyə görə etiraza səbəb olur. Həm də bunu mütləq qeyd etməliyəm ki, belə mühafizəkar mühit təkcə Azərbaycan deyil İtaliya, Meksika və digər nəhəng dünya ölkələrində də mövcuddur.


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəElmir Mirzəyevə cavab