“Elmimiz XIX əsr xurafat səviyyəsinə düşüb”


Altay Göyüşov: “İndiki akademiya Sovet dövrünün idbarlaşdırılmış, eybəcərləşdirilmiş və Azərbaycan xüsusiyyətinə uyğunlaşdırılmış formasıdır”.


İyunun sonu və iyulun əvvəli elm-təhsil olayları ilə yadda qaldı. Hakimiyyəti dəstəkləyən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının nəvələrini dövlət məktəblərinə qoymayacağı bəyanatı ictimai rəydə müzakirələr yaratdı. Ardınca AMEA-ya seçkilər diskussiyalar doğurdu.  Xüsusən də hakim ailədən müxbir və həqiqi üzvlüyə iki şəxsin seçilməsi, söhbət sabiq prezidentin bacısı Rəfiqə Əliyevadan və birinci xanım Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevadan gedir.


Tarixçi-alim Altay Göyüşovla söhbətimizdə akademiyaya seçkilər, bu modelin özünü doğruldub-doğrultmaması və təhsilimizin gündəlik problemlərinin yaratdığı suallara cavab almağa çalışdıq.




Altay bəy, AMEA-ya seçkiləri Meydan TV-yə qiymətləndirən professor Qüdrət İsaqov prosesin meyarsız və prinsiplərin müəyyənləşmədən keçdiyini demişdi. O, konkret fizika bölməsindəki seçkiləri iki alimin təsiri ilə yekunlaşdığını söylədi, bu baxımdan sizin ümumi gedişata münasibətiniz necədir?

–         Bu seçkilər Azərbaycan elminin dünya elmindən çox ciddi şəkildə geri qaldığının göstəricisidir. Ümumiyyətlə, elm sahəsi həmişə cəmiyyətin ən aparıcı sahəsi olmalıdır. Məsələn, Avropa ölkələrində, Amerikada univerisitetlər yerləşdiyi şəhərin ən qabaqcıl məkanı sayılır, yəni qabaqcıl düşüncənin məkanı olaraq. Azərbaycanda da ictimai düşüncənin inkişaf etmiş müəyyən yerləri var, ancaq bu nöqteyi-nəzərdən Azərbaycan elmi cəmiyyətimizin ən geridə qalmış hissəsidir. Bu durumun obyektiv səbəbləri var.



Nədən ibarətdir dediyiniz səbəblər?

–         Bu gün elmimiz dünyaya inteqrasiya baxımından həddən artıq geridə qalıb. Nəzərə alın ki, dünyadakı indiki sürət 50 il əvvəlki sürət deyil, dəyişikliklər istiqamətində. Amma Azərbaycanın ən böyük universiteti BDU-da, yaxud AMEA-da wi-fi yoxdur. Bu gün dünyada hansısa alimi kompütersiz təsəvvür etmək mümkün deyil, yəni elm mərkəzinin bütün iş günü şəbəkə vasitəsilə olmalıdır. Ancaq əksər akademiklərimiz kompüterlə işləməyi bacarmır. Səbəb də elmimizin geridə qalması və düzgün yol tutmamasındadır. Son seçkilər isə Stalin dövründə tətbiq olunan metoddur. Stalin başa düşürdü ki, xarici dövlətlə apardığı ideoloji müharibə dövründə, xüsusən, 1937-ci il olaylarından sonra, ona ciddi şəkildə elmi mühit lazımdır. O, elmi mühiti yaratmaq üçün müəyyən şərtlər yaratmışdı. Birinci, SSRİ yeganə ölkə idi akademiyaya seçkilər tam demokratik keçirilirdi. Hətta sabiq birinci katib Xruşov özü də akademiyaya seçkilərdə iştirak etsə də, seçilməmişdi. Yəni kənar adamların da prosesə qatılması mümkün deyildi. Çünki Stalin elmin kultunu yaratmışdı. Ki, azad rəqabət olmayan yerdə inkişafın olmadığını bilirdi. Bu mənada heç olmasa elmin inkişafı üçün azad rəqabət yaratmışdı. İkinci, Stalin maliyyənin çox vacib amil olduğunu başa düşürdü. Ona görə də SSRİ-də ən yüksək maaşı alimlər alırdı. Mərkəzi Komitənin baş katibindən sonra ən yüksək maaş SSRİ Elmlər Akademiyasının prezidentinin idi. Ümumiyyətlə, sovet dövründə alim və müəllim olmaq prestiş sayılırdı. Təsəvvür edin ki, indiki Azərbaycanda bunların heç biri yoxdur, amma seçkilər qalır. Və sovet dövrü tarixdə qalıb və biz keçid dövrünün də bitdiyini elan edirik, amma sovetin ölü sistemi qorunub saxlanılır. Halbuki, onun elmə heç bir aidiyyatı qalmayıb.



Bəs akademiyaya üzv seçilmək üçün hansısa kəşflərə ehtiyac vardımı?

–         Sözsüz ki, müəyyən tələblər vardı, birinci kitabın nəşr olunmalı və ümumsovet miqyasında müəyyən elmi dərgilərdə məqalələrin çıxmalıydı. Bunlar isə çox çətin idi. Mən hələ gedişatın içinə işləyən  korrupsiyanı, qohumbazlığı kənara qoyuram. Adi bir misal, dağılan sovet ittifaqında AYB, AMEA və başqa qurumlar müəyyən məqsədlər üçün yaradılmışdı, ancaq bu gün dünyada məqsədlər tamam dəyişsə də, biz sistemi saxlayırıq, islahatlar da aparmırıq. Səbəb də cəmiyyətdə hansısa toplumun hökumətə loyallığını təmin etməkdir.



Deməli, sırf siyasi məsələdir?

–         Bəli. Həm də Azərbaycan alimləri son dövrlər dünyada diqqət cəlb edən hansı elmi kəşflər edib? Nə baş verib ki, AMEA-ya seçkilər keçirilir? Axı Azərbaycan alimləri müasir elmdən ifrat dərəcədə geri qaldıqlarından elmi kəşflər edə də bilməzdilər. İstənilən elmin inkişafında iki vacib element olmalıdır, sovet dövründə elmi nailiyyətlər üçün rus dili vacib idisə, bu gün ingilis dili vacibdir. Alimlərimizin ingilis dilini bilməmələri elmi mübadilənin olmamasıyla nəticələnir. Amma sovet dövründə məcburi mübadilə vardı, yəni hər hansı alim SSRİ EA-nin müxbir üzvlüyünə namizəd olması üçün rus dilini bilməli və mərkəzi elmi dərgilərdə məqaləsi dərc olunmalıydı. Bugünkü alimlərimiz isə əksər hallarda Türkiyəyə getsə də, geri qayıtmır. Çünki qardaş ölkədə şərtlər daha sərfəlidir. Ona görə Azərbaycan elminin səviyyəsi bəyənilmir, hətta rişxənd edirlər. Biz artıq qonşularımızdan geri qalırıq. Səhiyyəmizin hansı vəziyyətdə olduğu məlumdur, vətəndaşlarımız kütləvi şəkildə İrana gedir. 20 il əvvəl sovet ittifaqı dağılanda Azərbaycan səhiyyəsi İran səhiyyəsindən heç geri qalmırdı. İnanın mənə, Azərbaycan elmi bu gün ifrat dərəcədə durğunluq dövrünü yaşayır. Hətta ciddi geriləmə var. Adam universitetlərdəki fəlsəfə dərsliklərini oxuyanda görürsən ki, Avropa təhsil məktəblərinin dərslikləri ilə necə fərqlənir. Elmimiz XIX əsrdə maarifçilərinin mübarizə apardığı xurafat səviyyəsinə düşüb. Hətta bunun elementlərinə də rast gəlmək olar, məsələn, mələklərin uçma sürəti haqqqında elmi araşdırma aparıldığı haqqında mətbuatda fikirlər yayıldı, təkzib də edilmədi. Bu gün elmin adı qalıb, məzmun isə ağır durumdadır. Mən seçkilərin gedişinə müdaxilə etmək istəmirəm, çünki ibtidaidən bunun əsası səhv qoyulduğundan düzgün ola bilməz.



O zaman inkişaf etmiş ölkələrdə elmi mərkəzlərə seçkilər keçirilirmi?

–         Yox, orda tamam fərqli sistemdir. Yalnız bizim təsəvvür etdiyimiz akademiya Fransada Rişelyenin akademiyasıdır ki, orda da sistem və fəaliyyət başqadır. İndiki akademiya sovet dövrünün idbarlaşdırılmış, eybəcərləşdirilmiş və Azərbaycan xüsusiyyətinə uyğunlaşdırılmış formasıdır. Aydındır ki, ölünü zorla ayaqda saxlamaq, özü də siyasi məqsəd olduğu üçün AMEA-ni saxlamaq istəyirlər. Ona görə də heç olmasa islahatlar keçirilməlidir.



Hansı islahatlar, məsələn, Qazaxıstanda akademiyanın institutları universitetlərin tabeçiliyinə keçdi…?

–         Hətta Qazaxıstanda da islahatlar aparıldı. Dünyada elm təhsil müəssisələrində həyata keçirilir, ona görə AMEA-ni təhsil müəssisəsinə keçirmək lazımdır. Sovet dövründə akademiya elmi düşüncə baxımından universitetlərdən öndəydi, bu gün vəziyyət o dərəcədə bərbaddır ki, ondan da geri qalır. AMEA-nin binasına daxil olanda, artıq bunu hiss edirsən.



Keçək təhsil problemlərinə, deputat Fəzail Ağamalı nəvələrini dövlət təhsil məktəblərinə qoymayacağını bildirib. Əgər hakimiyyəti dəstəkləyən deputat bu cür mövqe bildirirsə, o zaman sadə xalq nə etsin?

–         Sovet dövründə universal təhsil tətbiq olunmaqla orta təhsil səviyyəsi xeyli inkişaf etdi. Azərbaycanda insanların oxumaq-yazmaq bacarığı xeyli artmış, digər biliklərin də mənimsənilməsində irəliləyiş vardı. Etiraf edilməlidir ki, SSRİ dağılandan sonra orta və ali təhsilimiz sıradan çıxıb.



Sonuncu buraxılış imtahanlarında aşağı qiymət alanlar 50-60 faiz civarındaydı…

–         O cümlədən, hər il qəbul balını aşağı salırlar ki, məzunlar kənarda qalmasın. Bu, hakimiyyətin etirafıdır ki, hər il insanların bilik səviyyəsi aşağı düşür. Normal ölkələrdə əhalinin 47 faizi ali təhsil almalıdır, bizdə bu rəqəm 17-18 faiz civarındadır.



O zaman, sadə xalq nə etsin?

–         Sadə xalqın vəziyyəti çox ağırdır. Bu gün Azərbaycan təhsili məhv edilir, çünk rüşvət, alver, korrupsiya var. Ona görə təhsilin inkişafı üçün fundamental və kəskin yanaşma lazımdı. Əslində, ali təhsilin tamamilə sıradan çıxmamasının bir səbəbi var: 1992-ci ildə bir qərarla qəbul sisteminin dəyişdirilməsi təhsilin birdən-birə məhv olmasının qarşısını aldı. Sabah istənilən dövlətin gücü nefti və qazı ilə yox, intelektual və texnologiyası ilə ölçüləcək.



Bunlar olmasa, Azərbaycanı nələr gözləyir?

–         Heç nə, Azərbaycan xanlıqlar dövrünə, təhsilsiz zamana qayıdır. Azərbaycan hərbi xidmətində uşaqlar var ki, oxumağı və yazmağı bilmirlər. Bugünkü təhsilin dərsliklərindən başlamış tədrisinə qədər hər şey bərbad vəziyyətdədir.



Son sual, yeni nazir dəyişiklik edə biləcəkmi?

–         Hər halda niyyət göstərib köklü addımlar ata bilər. Hələ ki, tənəzzül sürətlə davam edir.

Ana səhifəVideo“Elmimiz XIX əsr xurafat səviyyəsinə düşüb”