Elmə ömür həsr etmək

Və ya əsl azərbaycanlı Lütfi Zadə

Source:
Lütfi Zadə
Lütfi Zadə

Yadımdadır, hardasa 2008-ci il idi. Lütfi Zadə Azərbaycana səfərə gəlmişdi. Jurnalistlər ondan ölkədəki vəziyyət barədə soruşanda, o, ölkəmizi xeyli tərifləyib, sonda da demişdi:

“Azərbaycanda xüsusilə mədəniyyətə, incəsənətə yüksək səviyyədə dövlət qayğısı var…”

Lütfi Zadə bu sözləri o ərəfədə deyirdi ki, onun ailə üzvü olan rejissor Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrını M.Şəhriyar adına Mədəniyyət Evindəki balaca otaqlarından çıxarmışdılar və truppa öz tamaşalarını göstərməyə yer tapmırdı.

O vaxt belə baxanda, adama elə gəlirdi ki, axı bu adamın Azərbaycan hökumətindən nəyi asılıdır ki, nə gözləyir, nə umur ki, belə təriflər yağdırır, gerçəyi görməmək üçün özünü bu qədər korluğa vurur? Yəni bir elm adamı, bir ziyalı, bir dövlətin mədəniyyətə münasibəti özünə bu qədər aydın olduğu halda, niyə belə yalan danışsın, gerçəyi belə nümayişkaranə şəkildə görməzdən gəlsin axı?

Bu sualın cavabı bugünlərdə tapıldı. Yalandan, ya gerçəkdən kimsə Lütfi Zadənin Azərbaycanda basdırılmaqla bağlı vəsiyyətnaməsini ortaya atdı. Guya elm adamı “ölməyə vətən yaxşı” ritorikasına sadiq qalaraq, ömrünü Amerikada başa  vurandan sonra Azərbaycanda dəfn edilmək istəyirmiş.

Əslində, Lütfi Zadənin bu vəsiyyətnaməni, doğrudan da, yazıb-yazmamasının, ya da belə bir istəyini deyib-deməməsinin heç bir fərqi yoxdur. Çünki onun Azərbaycanda olub-keçənlərə münasibətindən aydındır ki, o, belə bir şeyi rahatca deyə bilər. Nədən ki, bizim elm, mədəniyyət, ədəbiyyat adamlarımızın böyük əksəriyyətinin yaşı 70-i ötəndən sonra hakimiyyətə loyallaqda, gerçəkləri görməzdən gəlmələrində bir neçə leveli birdən adlamağının ancaq bir səbəbi var: Fəxri Xiyabanda yer, bir balaca heykəldən, ya büstdən, adına bir küçədən-filandan, hansısa şəkildə bir əbədiləşmə…

Bu əbədiləşmə arzusudur onları görərkən görməz, bilərkən bilməz edən, danışa bilərkən susduran, yaşlarının ahıl çağında daha müti edən.

Məhz bu baxımdan Lütfi Zadə daha çox azərbaycanlıdır, daha çox bizdəndir, daha çox doğmadır. Odur ki, “Lütfi Zadə azərbaycanlı deyil axı”, ya da “özünü azərbaycanlı hesab etmir axı” deyənlər kənardan çox sadəlövh göründülər. Lütfi Zadə o qədər azərbaycanlıdır ki, bir az Anardır, bir az Yaşar Nuridir, bir az Qədir Rüstəmov, bir az da Alim Qasımovdur.

İşin ən gülməli tərəfi də, insanların çoxunun “Lütfi Zadə ömrünü elmə həsr edib” arqumenti idi. Əjdaha arqument idi. Adamlardan soruşan olmadı ki, alim bəs ömrünü elmə həsr etməyib, nəyə həsr etməli idi, şou-biznesə, ya futbola? Özü də “həsr etmək” nə deməkdir? Adam ömrü boyu öz işini görüb. Həsr etmək odur ki, sən, məsələn, hiper zəkalı mikrobioloqsan, karyeranın çiçəklənən çağında birdən anan yataq xəstəsi olur, sən də karyeranı, işini, gələcəyini atıb xəstə anana qulluq edirsən, özünü ona həsr edirsən. Həsr etmək belə olur. Yoxsa alimin elmlə, bəstəkarın müsiqi ilə, zərgərin cəvahiratla məşğul olması, ömrü ona həsr etmək demək deyil.

Nə edək, sadəcə tale gətirib, dünyada tanınanlarımız o qədər azdır ki, kiminsə gəlib ölkəmizdə ölmək istəməyinə sevinirik.

Halbuki, normalda pis olmalı idik ki, bura ölkədir, ya qəbristanlıq? Niyə bura işləməyə, yaşamağa, gəzməyə yox, ölməyə gəlir həmvətənlərimiz?

Ana səhifəMənim FikrimcəElmə ömür həsr etmək