Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik

FTB-nin sənədlərində müəmmalar yer alıb

Source: Meydan Tv



FTB-nin sənədlərində müəmmalar yer alıb


On altı il əvvəl azərbaycanlı araşdırmaçı jurnalist Elmar Hüseynov Bakıdakı evinin pilləkən boşluğunda güllələnib. Yeni üzə çıxarılan sənədlər rəsmi istintaqdakı çaşqınlıq yaradan və səhv addımlara işarə edir.


Əsas tapıntılar

  • Məhkəmə işinə cəlb edilmiş Federal Təhqiqatlar Bürosunun hüquq attaşesi hadisə yerindəki məlumatların toplanmasında kobud səhvlərə yol verildiyinə diqqət çəkdi və azərbaycanlı müstəntiqlərin qətlin xarici dövlət tərəfindən təşkil edildiyi fərziyyəsinə qapıldığını bildirdi.
  • Azərbaycanlı rəsmilərin axtardıqlarını iddia etdikləri qətlin əsas şübhəlisi uzun müddətdir qonşu Gürcüstanda yaşayır və orada müxtəlif əmlaklar alıb.
  • Məhkəmə prosesi təxirə salındığına görə, Azərbaycan hakimiyyəti Hüseynovlar ailəsini istintaqın vəziyyəti ilə bağlı yanıltmış kimi görünür

Araşdırmaçı jurnalist Elmar Hüseynov 2005-ci ilin 2 mart günü işdən evə qayıdanda Azərbaycanın paytaxtı Bakını qaranlıq bürümüşdü. Hüseynov arada bir gün batana qədər redaktə etdiyi “Monitor” jurnalının ofisində qalırdı.

Həmin axşam pilləkənlərin olduğu yer xüsusilə qaranlıq idi, çünki onun yaşadığı blokun qapısının üstündə işıq yox idi. Hüseynov üçüncü mərtəbəyə qalxarkən onun üstündə yarıavtomatik tapançası olan bir qatil peyda olub. Ona yeddi dəfə atəş açılıb. Altı güllə hədəfə dəyib. Ölümcül güllə Hüseynovun sinəsinin sol yuxarı hissəsini deşib, qan damarlarını doğrayıb və ağciyərini dəlib.

Hüseynov həyat yoldaşı, atası və bacısının onu gözlədiyi mənzilinə çıxmağı bacarıb. Qapı açılan kimi, o, qapının çölündə yerə çöküb.

Hücumla bağlı xəbər yayılan kimi televiziya müxbiri, Hüseynovun dostu Çingiz Sultansoy narahat olan həmkarından telefon zəngi gəldikdən sonra hadisə yerinə qaçıb. Polislər binanın qarşısında dayanıbmış və insan izdihamı yaranıb. Sultansoy qəfildən Hüseynovun həyat yoldaşı Ruşanənin pəncərəni açdığını xatırlayır. “Onu öldürdülər”,- deyə o qəfildən qışqırıb.

Polis jurnalistləri, Hüseynovun qonşularının və dostlarının girib-çıxmasına izin verərək kənara çəkilib. Sultansoy, Hüseynovun az öncə qalxdığı pilləkənlə yuxarı çıxıb və mənzilin qapısının açıq olduğunu görüb. Dostu içəriyə doğru bir neçə addım boyu yerə uzanmış, qarnı sviterindən çıxmış, üzü qan içində imiş. Sultansoy diz çöküb Hüseynovun hələ isti olan əlini tutub. Dostunun öldüyünü öz gözləri ilə görüb, onu öpüb və oranı tərk edib.

Hüseynovun reportajları siyasətçilərdən tutmuş nəhəng bizneslərə qədər Azərbaycan elitasını hədəf almışdı. Ölümündən xeyli əvvəl, o, hədə-qorxulara və təhdidlərə məruz qalmışdı. O gecədən bəri, dostları və ailəsi güclü şəxslərin onu təsirsiz hala gətirməyə cəhd edib- etmədikləri barədə fikirlər yürüdür.

Hüseynovun qətlindən sonra Bakıya göndərilən keçmiş ABŞ diplomatı və hazırda Sərhədsiz Reportyorların keçirdiyi beynəlxalq kampaniyaların direktoru olan Rebeka Vinsent (Rebecca Vincent) "Elmarın sui-qəsdindən öncə ona qarşı təzyiq edilməsi nümunəsi, jurnalistlərin qəsdən hədəf alındığı digər ölkələrdə gördüyümüz bir çox hadisəylə oxşarlıq təşkil edir",- dedi.

Hüseynov sui-qəsdinin 16-cı ildönümündə OCCRP qətl ilə bağlı araşdırmaya yeni işıq tuta bilər. Məlumat azadlığına söykənərək əldə edilən məhkəmə sənədlərinə və digər sənədlərə baxaraq, hesabatımızda istintaqa kömək üçün çağırılan FTB-nin əvvəllər dərc olunmamış bir sənədinin nəzərdən keçirilməsinə yer verilib.

Məlumatda, 2005-ci ildən bəri, əsasən Hüseynovun qatilinin və ya qatillərinin məhkəməyə cəlb edilməsindən məsul olan Azərbaycanın hakim orqanları tərəfindən hazırlanmış çaşdırma və səhvlər silsiləsi təqdim edilir. Məhkəmə işi həll edilməmiş olaraq qaldığı üçün OCCRP, əsas şübhəlinin hələ də itkin olduğunu, Azərbaycan rəsmilərinin isə Hüseynovun ailəsini istintaqın gedişatı ilə bağlı səhv məlumatlandırdığını təsbit edib. Nəticədə onsuz da narahatlıq doğuran bu hadisə Azərbaycanın mətbuat azadlığı sahəsinin daha da pisləşməsi kimi daha ciddi nəticələrə gətirib çıxara bilər.



“Qara nöqtə”

2005-ci ilin mart ayından etibarən Azərbaycanda mətbuat azadlığı, hadisədən il yarım öncə bu Cənubi Qafqaz xalqının cilovunu atasından alan Prezident İlham Əliyevin böyük təzyiqinə məruz qalıb. Kiçik Əliyev hakimiyyətə gəldikdən sonra səkkiz jurnalist həbs olunub və mətbuat azadlığı 2005-ci ilin noyabr ayında parlament seçkilərində daha çox qarşıdurma ilə üzləşməyə hazırlaşırdı. Həmin il Azərbaycan Sərhədsiz Reportyorların Dünya Mətbuat Azadlığı İndeksində 167 ölkə arasında 141-ci yeri tutub.

Hüseynovun “Monitor” adlı media orqanı, prezident və ailəsini də hədəf alaraq, korrupsiya ilə bağlı sərt xəbərləri yaymaqla tanınırdı. Hüseynovu nüfuzlu şəxslərin susdurduqları barədə şayiələr yayıldıqda, Əliyev ailəsinin və ya müttəfiqlərinin iştirakı ilə bağlı hər hansı bir ehtimalı qətiyyətlə rədd etdi. Cinayəti Azərbaycan tarixində "qara ləkə" kimi xarakterizə edərək hərtərəfli istintaq aparılacağına söz verdi və o vaxt ABŞ-a müraciət etdi. ABŞ-ın Azərbaycandakı səfiri Reno Harniş ABŞ Federal Təhqiqat Bürosunun (

Federal

Bureau of Investigation, FBI) mütəxəssislərindən kömək istədi.

Qətlin ertəsi günü o, "Bu cinayət hərtərəfli araşdırılmalı və günahkarlar məsuliyyətə cəlb edilməlidir", dedi.

FTB (FBI) rəsmiləri daha sonra hadisənin baş verdiyi Bakıda tanınmış müstəntiqlər və azərbaycanlı nazirlərlə görüşüb, hadisə yerinə baş çəkib, mövcud dəlilləri və autopsiya hesabatlarını araşdırıb və özləri sübutlar toplayıblar.

Lakin ilk andan etibarən Azərbaycan hakimiyyətinin Hüseynovun jurnalist fəaliyyətinə görə öldürülüb-öldürülməməsinə fokuslanmaq istəməməsi istintaqa mane olub. Bunun yerinə istintaqda məsul olan nazirlər, Ermənistanın Azərbaycan hökumətinə zərər vermək üçün sui-qəsd əmri verdiyinə dair yalan iddialar ortaya atıblar.

16 il sonra, qətldə şübhəli bilinənlərdən birinin Gürcüstanda sərbəst şəkildə yaşadığı, Tbilisidə mülkiyyət hüququ əldə etdiyi və ölkənin cənubunda yerləşən Marneulidə bir torpaq sahəsinə sahib olduğu görünür. Baxmayaraq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Ruşanə Hüseynovaya istintaqın israrla davam etdirildiyini bildirib, eyni dövrdə rəsmilər FTB-yə işin dayandırıldığını söyləyib.

Sərhədsiz Reportyorlardan Vinsentin fikrinə görə, rəsmilər heç bir nəticə əldə etməsələr də, Hüseynovun öldürülməsi dərhal öz təsirini göstərib. Ölkənin ən məşhur reportyorlarından birinin öldürülməsi digər araşdırmaçı jurnalistlərin növbəti dəfə eyni şeyin başlarına gələcəyi ilə bağlı qorxularını artırıb.

“Elmarın işi xüsusilə Azərbaycanda deyil, bütün bölgədə simvolik idi”,- deyə o qeyd edib: “Məqsədləri, şübhəsiz ki, müəyyən qırmızı xətləri keçməməsi üçün açıq bir siqnal göndərmək idi və bu günə qədər hiss olunan qorxunun yaradılmasında mühüm rol oynadı”.

Elmar Hüseynov
Elmar Hüseynovun məzarı



FTB-nin səhvləri

“Agentliyin hökuməti "yıxa biləcək" qədər ciddi olduğunu qeyd etdiyi cinayət işi 2005-2008-ci illər arasında tərtib edilib. OCCRP-nin fikrincə, bu, əvvəldən bir çox fürsətin qaçırıldığını vurğulayan hüquq attaşesi Brian Paarmannın ciddi narahatlıqlarını ortaya çıxarır.

Paarmann cinayətin baş verdiyi gecə polisin insanların pilləkən boşluğuna güllər qoymasının qarşısını almayaraq hadisə yerinə nəzarətdə böyük bir səhv buraxdığına və beləliklə, daban və ya ayaqqabı izlərindən dəlil toplama ehtimalını ortadan qaldırdığına işarə edib.

Paarmann, hadisə yeri şəkillərinin dəlillər ortadan qalxdıqdan çox sonra çəkildiyini və bunun "çox kiçik bir prosedur səhvi" olduğunu yazıb. O əlavə edib ki, istintaq qrupu əsas sübutları topladığı zaman əlcək belə taxmayıb.

Paarmann həmin gecə Hüseynovun mənzilinin dəhlizinin üstündəki işığın düzgün bir şəkildə bağlanmadığı üçün havanın həmişəkindən daha qaranlıq olduğunu anlayaraq, yerli müfəttişlərin ərazidəki izləri yoxlaya bilmədiklərini bildirib.

“Gizli barmaq izlərini aşkarlamaq üçün bu lampaya baxılıb-baxılmadığını soruşdum və çoxlu insanın ona toxunduğu barədə məlumatlandırıldım, buna görə bu səmərəsiz hesab edildi”,- deyə yazıb.

Paarmann, Hüseynovun autopsiyası ilə əlaqədar olaraq, qatili müəyyən edə biləcək dəri nümunələrinin olub-olmadığını yoxlamaq üçün jurnalistin dırnaqlarının altından nümunə götürülüb-götürülmədiyi soruşub. Cavabında bunun edildiyi, lakin nəticələrin mənfi olduğu deyilib. Ancaq azərbaycanlıların təqdim etdiyi ilk hesabatlarda "bu prosedur haqqında məlumata" rast gəlinməyib.

Bütün bunlara baxmayaraq, bəzi ipucları ümidverici görünürdü.

Cinayətin ertəsi günü Hüseynovun evinin qarşısındakı əkin sahəsində 5.45 mm-lik bir Baikal PSM yarıavtomatik tapança tapılıb. Tapançanın üstündə Rusiyada istehsal olunduğunu göstərən seriya nömrələri olub. Qısa müddətdən sonra yaxınlıqdakı digər əkin sahəsində tünd rəngli hörülmüş papaq aşkar edilib.

Paarmann, zəif nişançı olan cinayətkarın “tələsik və səliqəsiz” qətl törətdiyi qənaətinə gəldiyini yazıb. Silah "tapılması mümkün" olan yerdə tapılıb və izləri aydın görünürdü. Paarmanna görə, Azərbaycan hökuməti qətlin "səriştəli bir şəxs" tərəfindən törədildiyinə inanır, ancaq peşəkar cinayətkar silahın üstündəki bütün seriya və izləri silməli, silahı söküb atmalıydı.

Lakin FTB attaşesi Azərbaycan nazirlərinin yanaşmasından narahat idi. Onlar cinayət barədə bir neçə mümkün versiyanın olduğunu etiraf etsələr də, Paarmann hər hansı bir xarici dövlətin Azərbaycanda xaos yaratmaq üçün Hüseynova hücum əmri verdiyi nəzəriyyəsindən məyus görünürdü. Mümkün cinayətkarlar siyahısının başında Ermənistan dururdu, digər mümkün variantlar Rusiya və İran idi.

“Bir yerə toplaşmış nazirlər bu qətlin Hüseynova qarşı şəxsi zəmində və ya onun jurnalist fəaliyyətinə görə qisas ola biləcəyi ehtimalını qəbul etdilər, lakin daha çox niyə bunun sabitliyi pozmağa yönəlmiş, koordinasiya edilmiş, xaricdən dəstəklənən bir sui-qəsd olaraq gördüklərini sadaladılar ”, – deyə Paarmann qeyd edib.

Paarmann hökumət rəsmilərinin "bir neçə şeyi doğru etdiyini", ancaq ilkin nəticələrin dəhşətli olduğunu yazdı.

O, azərbaycanlı müstəntiqlərə bir sıra tövsiyələr verəndə ona "bunları nəzərə alacaqlarını" söyləyiblər. Bunun əvəzində FTB yavaş-yavaş kənara çəkilib.



İki şübhəli

İstintaq başladıldıqdan iki ay sonra rəsmilər şübhəli bilinən iki şəxsin kimliyini müəyyən etdilər: Tahir Qurbanov və Teymuraz Əliyev. Hər iki qonşu Gürcüstan vətəndaşı qətldən öncə Hüseynovun evinin yaxınlığında bir mənzil kirayə götürüb və cinayətdən sonra Azərbaycan-Gürcüstan sərhədini keçib.

Azərbaycanlı müstəntiqlər onların Bakıdakı evlərindən iki yastıq üzü və paltar götürüb. FTB bu əşyaların DNT-sini hadisə yerində tapılmış papaq ilə qarşılaşdırıb. Rəsmilər hər iki şəxsin qətldə iştirak etdiyini müəyyən edib. Federal Təhqiqatlar Bürosu bu insanlarla bağlı sübutları "güclü" olaraq qiymətləndirib, lakin heç birinin Hüseynovun jurnalist fəaliyyəti ilə əlaqələri olması ehtimalı görünmürdü və cinayətin motivi sirr olaraq qalırdı.

Axtarışa başlanıldı, ancaq Azərbaycan hakimiyyəti iki şəxsin şəkillərini internetdə yerləşdirməkdə istəksiz görünürdü. “Turan” xəbər agentliyinin 2005-ci ilin iyul ayında yayımladığı xəbərdə rəsmilər "bu insanların şəkillərini internetdə yerləşdirməyə ehtiyac olmadığını" qeyd edib.

Nəticədə Əliyev Gürcüstanda tapılıb və 2006-cı ilin sentyabrında Gürcüstan höküməti tərəfindən sorğu-sual edilərkən cinayətdə iştirak etdiyini inkar edib. 2006-cı ilin yayında Hüseynovu bir çox əlaqəsiz qətllərə görə mühakimə olunan Azərbaycan Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı Hacı Məmmədovun adamlarının öldürdüyü iddia edildikdən sonra sular daha da bulanıb. Vəziyyəti aydınlaşdırmaq üçün 2007-ci ilin yanvarında FTB Əliyevə yalan detektoru testi təklif edib.

Federal Təhqiqatlar Bürosunun hüquq attaşesinin müavini o zamankı Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudova Əliyev və digər şübhəlinin, böyük bir ehtimalla hələ də Gürcüstanda olduqlarını və Gürcüstan rəsmilərinin əməkdaşlıq etmə ehtimalı olduğunu yazdı.

Lakin FTB-nin ABŞ-ın Azərbaycandakı səfiri Anne Derseyə göndərdiyi özəl məktubda FTB-nin Azərbaycan tərəfinin yalan detektorunun hazırlanmasının önündə bir "maneə" kimi gördüyü düşünülür. FTB-nin işlə bağlı sənədlərində bunun edilib-edilmədiyinə dair heç bir dəlil yoxdur və istintaq dayandırılıb.

Ataşe, 2008-ci ilin sentyabrında Milli Təhlükəsizlik Nazirliyi ilə görüşdükdən sonra qeyd etdi ki: "[Nazirlik] araşdırmaların təxirə salındığını və artıq Federal Təhqiqatlar Bürosunun köməyinə ehtiyac duymadıqlarını bildirib". Halbuki, sadəcə bir neçə ay öncə, iyul ayında nazirlik rəsmiləri Ruşanəyə qatilləri məsuliyyətə cəlb etmək üçün yorulmadan çalışdıqlarını söyləmişdilər. Yüksək vəzifəli bir şəxs onun vəkilinə belə yazıb: "İşin tam, hərtərəfli və qərəzsiz istintaqı davam etdirilir".

2009-cu ilin mart ayında, cinayətin araşdırılması üçün israr edən Ruşanəyə yüksək vəzifəli bir məmurdan başqa bir cavab məktubu gəlib. O istintaqın davam etdiyini təkrarlayıb. Bununla yanaşı, məmur "ilkin istintaqın" 2009-cu ilin sentyabrına qədər uzadıldığını da əlavə edib. Bu son detal vacibdir, çünki qanuna görə Ruşanə cinayət işi ilə bağlı materialları yalnız ilkin istintaq başa çatdıqdan sonra görmək hüququna malik idi. Vəkili daha sonra bildirdi ki, qətldən dörd il sonra və Azərbaycan hakimiyyəti əsas şübhəliləri müəyyənləşdirdikdən çox sonra ilkin istintaqın hələ davam etdiyini söyləmək qəribədir. O, məhkəməyə etdiyi müraciətdə bunun "mümkünsüz olduğunu" söyləyib.

Sərhədsiz Reportyorlardan Vinsent Azərbaycanda rəsmilərin "ədalətin bərqarar olmasına qəsdən mane olduqlarını" söyləyib və "yeni sənədlərdə" ən yaxşı halda ədaləti bərpa etmək üçün siyasi iradənin olmadığını və ya daha da pis halda, cinayət istintaqını yayındırmaq, səhv yönəltmək və ya ona mane olmaq üçün cəhd göstərildiyini bildirib.



Tbilisidə mənzillər

Azərbaycan rəsmiləri 2009-cu ildə göndərdikləri məktubda Ruşanəyə Qurbanov və Əliyevin axtarışlarının davam etdirildiyini bildiriblər, halbuki Əliyevin harada olduğuna dair işarələr mövcud idi.

OCCRP-nin apardığı sadə açıq arxiv araşdırması nəticəsində Əliyevin şəxsiyyət vəsiqəsindən istifadə edən bir nəfərin Tbilisidə biri 2008-ci ilin mayında, digəri 2008-ci ilin iyun ayında olmaqla iki mənzil aldığı üzə çıxıb. Mənzillər anası da daxil olmaqla bir neçə yaxın qohumun yaşadığı binada yerləşir. OCCRP Azərbaycan rəhbərliyindən bu gedişatı davam etdirib-etdirmədiklərini soruşub, lakin şərh tələbi cavabsız qalıb. Əliyev şəxsən OCCRP-nin onun yaşadığı binaya aparılmış və qohumuna verilmiş yazılı suallara cavab verməyib.

Milli Təhlükəsizlik Nazirliyi 17 mart 2009-cu ildə Ruşanəyə yazaraq, İnterpolun Əliyevin Tbilisidə olduğunu bildirdiyini deyib. Qurbanovdan isə bir xəbər yox idi.

Bu məqaləyə münasibət bildirməkdən imtina edən Azərbaycan hakimiyyətinin bu məlumatı Ruşanəyə verib-verməməsi işin materialından aydın deyil.

Nəhayət, o, 2010-cu ildə işlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) iddia qaldırıb. İşlə bağlı sənədlərdəki iddialara cavab olaraq, Azərbaycan hakimiyyəti həqiqətən Əliyev və Qurbanovun ekstradisiyasını tələb etdiklərini, lakin Gürcüstan vətəndaşları olduqları üçün həmin ölkənin bundan imtina etdiyini iddia edib. Sənədlər göstərir ki, Azərbaycan bu müraciəti 2005-ci ildə Gürcüstana edib.

Azərbaycan hakimiyyətinə əlavə müraciətlər edilsə də, sualları cavablandırmayıblar. Bununla yanaşı, AİHM-nin 2017-ci il qərarı göstərir ki, Gürcüstan Baş prokurorunun müavini 2005-ci ildə Azərbaycana məhkəmə sistemi çərçivəsində Əliyevə qarşı cinayət işi açmağa hazır olduğunu söyləyib.

Başqa sözlə, Azərbaycan işi Gürcüstana verərsə, Əliyev məhkəməyə verilə bilər. Sənədlər Gürcüstanın qanuni əməliyyat apardığını göstərir, lakin onlardan heç bir şey gəlməyib.



Narahat edən suallar

Ruşanənin vəkili Knut Rognlien AİHM-nə bildirib ki, Azərbaycan rəhbərliyi şübhəlilərin tapıla bilməyən və ya danışıla bilməyən əcnəbilər olması haqqında israr etməklə, əslində narahatedici suallardan qaçıblar. FTB-nin sənədinə görə, bu tip suallar nazirlərin əvvəldən yayındıqları suallardandır.

"Əgər onlar qiymətləndirilsəydilər, Teymuraz Əliyev və Tahir Qurbanov da mümkün təmasları və qətlin səbəbləri barədə sorğu-sual edilə bilərdi",- deyə Rognlien qeyd edib.

Hüseynovu tanıyanlar deyirlər ki, bu məhkəmə işinin cəzasız qalması Azərbaycanda mətbuat azadlığına ciddi ziyan vurmağa davam edir.

Qətl zamanı Norveçin Azərbaycandakı səfiri Steinar Gil bunu "açıq şəkildə tənqid etmək istəyən və azad mətbuatın dəyərlərini müdafiə etmək istəyən jurnalistlərin risk altında olması” kimi qiymətləndirib.

Əliyev hələ də öz həyatını yaşayır və Qurbanovdan əsər-əlamət tapılmayıb. Cinayətlə bağlı həbs olunan yeganə şəxs Turqay Bayramovdur ki, hər iki şəxsə telefon aldığı üçün iki il həbs cəzasına məhkum edilib.

OCCRP-nin əlavə məlumat tələbinə cavab olaraq, Gürcüstan prokurorluğu AİHM-nin qərarını jurnalistlərə təhvil verib. Azərbaycan prokurorluğu eyni cür suallara cavab verməyib.

İstintaq dayandırılsa da, Azərbaycanda fəaliyyətdə olan daha üç jurnalist Hüseynovun mənzilinin qaranlıq pillələrində güllələnərək öldürüldüyü kimi qətlə yetirilib. Sərhədsiz Reportyorların Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 168-ci yerə düşüb.

"Bu gün Azərbaycanda mətbuat azadlığı yoxdur",- Gil qeyd edib: “Sıfırdır, yoxdur. Bundan sonra insanlar düşünür ki, əgər bu, Elmara edildisə, hər kəsin başına gələ bilər”.



Müəllif: Eleanor Rose, Londonda insan hüquqları sahəsində mütəxəssis olan və digər mətbuatlar sırasında “Guardian”, “Evening Standard” və “Independent” üçün yazılar hazırlayan araşdırmaçı jurnalistdir.



Aydan Yusubova (iFact) bu araşdırmaya kömək edib.

Ana səhifəAraşdırmaElmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik