Artıq 9 ildir jurnalist Elmar Hüseynovun doğum günü onsuz keçirilir. Bu dəfə də qəbir üstə gələn dostları “kimin sözü varsa, danışsın” deyib gözlədilər. Heç kim başlamaq istəmirdi. Kim nədən başlasın, nə desin? Qəbir üstü nitqlər qurumuşdu. Onun doğum günündə ölüm günü xatırlanırdı. “Binanın girişində onu güllələyiblər. Onun imkanı olmayıb öz sözün desin. Sözün də deyə bilmədi yazıq”-E. Hüseynovun atası Sabir Hüseynov deyir.
“Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev deyir ki, Elmar Hüseynov öldürülsə də, hakimiyyətin korrupsiya əməllərindən yazan jurnalistlər var. O düşünür ki, yeni qurbanlar ola bilər, amma proses dayanmayacaq.”Siz (red. Sabir Hüseynov) bayaq Elmarın dəcəlliyindən danışdınız. Dəcəllik daxili azadlıqdan irəli gəlir mənə görə…Daxildə o istəyi, barışmazlığı varsa, istənilən vəziyyətdə o özünü büruzə verməlidir. Elmar dəcəlliyinin qurbanı oldu”.
Elmar Hüseynov Fondu işini dayandırsa da, doğum günündə fondun bərpa olunduğu açıqlanır. RATİ-nin sədri Emin Hüseynov Fondun bərpasından sonra jurnalistlərin Elmar Hüseynovun ölüm işi ilə bağlı araşdırma yazılarını çap etdirəcəklərini bildirir.
Sabir Hüseynov hakimiyyət dəyişmədikcə oğlunun qatillərinin tapılmayacağını deyir. Amma onun üçün oğlu heç ölməyib də… O, hər gün evində yan-yana qoyulan şəkillərə baxıb, Elmarla dərdləşdiyini deyir.