“Elman Rüstəmov qanunu pozur”

Əkrəm Həsənov: “Azərbaycanın bir nömrəli problemi qanunun aliliyi prinsipinə riayət edilməməsidir”

Source:


Əkrəm Həsənov: “Azərbaycanın bir nömrəli problemi qanunun aliliyi prinsipinə riayət edilməməsidir”


“Ramazan ayının son günlərində Mərkəzi Bankın sədri özünəməxsus tərzdə (bankların hesabına) “fitrə” çıxarır. Banklara göstəriş verir ki, kreditlər üzrə faiz dərəcələrini və komisyon haqları aşağı salsınlar. Özü də etiraf edir ki, “buna bizim hüquqi baxımdan əsasımız yoxdur”. Başqa sözlə, qanunu pozduğunu gizlətmir. Bir növ, Robin Qud cildinə girərək, əhalinin rəğbətini qazanmaq istəyir”.

Bu sözləri öz Facebook səhifəsində hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov yazıb. Onun sözlərinə görə, fevralda əhalini aldadaraq manatı kəskin devalvasiya etdikdən və mayda Konstitusiya Məhkəməsini təhdid edərək, ona qanunsuz qərar qəbul etdirdikdən sonra xalqın Rüstəmova münasibəti həmişə mənfi olacaq: “Təsadüfi deyil ki, onun son günlər manatın sabitliyi haqda verdiyi vədlərini vətəndaşlar yumorla və ya təşvişlə qarşılayır.

Bununla belə, hər kəsin səhvlərindən ibrət alaraq müsbət tərəfə dəyişmək hüququ var. Lakin bunu qanunun pozulması yolu ilə etmək olmaz. Azərbaycanın bir nömrəli problemi qanunun aliliyi prinsipinə riayət edilməməsidir. Buna görə ən saf niyyətlər belə qanunun pozulması yolu ilə gerçəkləşdirilə bilməz. Bu gün yaxşı niyyətlə qanunu pozan, sabah pis niyyətlə də pozacaq. Mərkəzi Bankın fəaliyyəti buna bariz nümunədir. İndiyə qədər yol verdiyi qanun pozuntuları, bir qayda olaraq, pis niyyətlə edilib. Nəhayət ki, baş bankir qanunun onun üçün heç nə olduğunu özü də etiraf etdi”.

Əkrəm Həsənov “Rüstəmovun bu populist addımlarının insanlara real xeyri olacaqmı” sualına cavab verir: “Xeyr. Çünki bankların alternativ imkanları genişdir. Əvvəla, onsuz da çoxu demək olar ki, manatla kredit vermir. Bundan sonra dollar kreditlərinin həcmi daha da artacaq. Komisyon haqları və faiz dərəcələrini endirəcəklər, amma krediti dollarla verəcəklər. Digər imkan – “şapka” əməliyyatlarının həcmi artacaq: müştəridən rəsmi ala bilmədiklərini, qeyri-rəsmi alacaqlar. Başqa imkan – banklar kreditləri lombardlar (onların fəaliyyəti tənzimlənmir və nəzarət olunmur) vasitəsilə verəcək. Uzun sözün qısası: “dollarlaşma”, “şapkalaşma” və “lombardlaşma” geniş vüsət alacaq.

Digər tərəfdən isə onsuz da indiki durumda ağıllı adam nə banka əmanət qoyar, nə də oradan kredit götürər. Reallıqda belə də baş verir. Bankların iş həcmi azala-azala gedir. Deməli, Rüstəmovun “fitrə”si gecikib. İnsanlarımız banklardan artıq xeyli zərər çəkib. Rüstəmovun “robin qud”luğunun onlara artıq xeyri yoxdur. Ən azı o, belə düşünür”.

Hüquqşünas baş bankirə təklif də edir: “Onun qanunsuz göstərilşləri bankların gələcək əməliyyatlarına hesablanıb. Bununla belə, bu göstərişlər bankların faiz dərəcələrinin və komisyon haqlarının indiyə qədər mövcud olmuş miqdarının ədalətsiz olduğundan irəli gəlir, elə deyilmi? Elədirsə, vətəndaşlarımız indiyə qədər alınmış kreditlər üzrə də komisyon haqların və faiz dərəcələrinin endirilməsini tələb edə bilər. Qanunun geriyə qüvvəsi yoxdur? Hansı qanunun? Rüstəmov özü də deyir ki, göstərişi qanunsuzdur. Burada artıq qanun işləmir. “Robin Qud” doktrinası işləyir. Bankların gəliri ədalətsiz olubsa, vətəndaşlara dəyən zərər aradan qaldırılmalıdır. Gəlir ədalətli olubsa, Rüstəmov indi niyə belə göstəriş verir?!

Odur ki, borclular banklardan əvvəlki kreditlər üzrə də baş bankirin göstərişlərinə əməl etməyi tələb etsinlər. Əməl etməsələr, məhkəməyə müraciət etsinlər. Yeri gəlmişkən, Konstitusiya Məhkəməsinin məlum may qərarında da banklara göstəriş verilib ki, əhaliyə güzəştlər etsinlər. Hamını çaş-baş salan güzəştlərin miqdarı idi. Bundan sonra bu miqdarın müəyyən edilməsi üçün ən azı Rüstəmovun sözlərinə istinad etmək olar”. “Əslində, bankların faiz dərəcələrinin və komisyon haqlarının aşağı salınması üçün qanun pozuntusuna lüzum yoxdur. Mərkəzi Bankın kifayət qədər qanuni imkanları var. Onların ən əsası haqda daim deyirəm: kredit təşkilatlarının hamısına uçot dərəcəsi (3%) ilə manatda hərrac qaydasında kredit vermək lazımdır. Vəssalam! Sadəcə bunu etmək savad, səriştə, düzgünlük, bir sözlə, güclü və vicdanlı kadr potensialı tələb edir. Məhz bu da nə Mərkəzi Bankda, nə də bütövlükdə bank sistemində bu gün yoxdur. Əlbəttə, həm Mərkəzi Bankda, həm də banklarda müasir düşüncəli və savadlı menecerlər var. Lakin onların sayı və təsiri çox azdır. Əgər Mərkəzi Bankın orta statistik siması banklara gündə bir qanunsuz məktub göndərən və Konstitusiya Məhkəməsini hədələyən baş direktor Rəşad Orucovdursa, bankların orta statistik siması onun qayınatası, əslində bankir deyil, alverçi təbiətli və kollektor (Beynəlxalq Bankın problemli kreditlərinin qaytarılması ilə məşğul olacaq “Aqrarkredit”in rəhbəri) olan Məmməd Musayevdir” – deyə hüquqşünas fikirlərini yekunlaşdırıb.

Ana səhifəXəbərlər“Elman Rüstəmov qanunu pozur”