Böyük ofşor şirkətləri üçün xidmət göstərən, “Trident Trust” tərəfindən idarə olunan və kiçik bir qrupun rəhbərlik etdiyi geniş ofşor şirkətlər şəbəkəsi, Əliyevlərə İngiltərənin paytaxtında gizli şəkildə kütləvi daşınmaz əmlak sahibi olmağa kömək edib.
Əsas tapıntılar
- Azərbaycan Prezidenti İlham Əliyevin üç uşağı və iki yaxın ortağı gizli ofşor şirkətlərdən istifadə edərək lüks teraslar, kommersiya ofisləri və hətta Londonun mərkəzində qədim bar satın alıb.
- “Pandora Papers”dən sızdırılan sənədlər, bu əmlakların necə bir -biri ilə əlaqəli 84 ofşor şirkət şəbəkəsinə aid olduğunu göstərir.
- Əliyevlərin xaricdə milyonlarla dollar dəyərində daşınmaz əmlakı olduğu bildirilir. Ancaq bu sərvət onların İngiltərədəki əvvəllər bilinən holdinqlərini çox üstələyir və son qeydlər onları gizli saxlayan mürəkkəb ofşor mexanizminə işıq salır.
Əsrlər boyu London alış-veriş, yemək və yaxşı yaşayış baxımından dünyanın ən gözəl yerlərindən biri olub. Son bir neçə onildir ki, olduqca inkişaf etməsi sadəcə buranın cəlbediciliyini artırıb.
Ziyarətçilər və yerli sakinlər, “Hibiscus” restoranında qabaqcıl “molekulyar mətbəxdən”, valehedici Siciliya prospektində alış -veriş etməkdən və ya Qotik üslubda tikilən, XIX əsrə məxsus “Bloomsbury Gothic” adlı barda “Guinness” pivəsi içməkdən zövq alırlar.
“Knightsbridge” və “Thornwood Gardens” kimi yaşayış kompleksləri “Harrods” univermağından və bütün dünyada məşhur olan “Hyde Park”dan bir neçə addım uzaqlıqda tikilib. Bu komplekslər satıldıqda, əldən ələ keçən on milyonlarla funt sterlinq barədə bəzən yerli xəbərlərdə məlumat yazılır.
Ancaq İngiltərənin paytaxtında yerləşən, xoş təsir bağışlayan binaların heç bir yoldan ötənin maraqlanmadığı, hətta təcrübəli, yerli daşınmaz əmlak müxbirinin belə heç vaxt bilmədiyi ortaq bir cəhəti var: Belə ki, daşınmaz əmlaklar Azərbaycanın diktator prezidenti İlham Əliyevə yaxın olan bəzi adamlara məxsusdur.
Əliyevin iki qızı, oğlu, qayınatası və ailəsinə yaxın olan iki biznes ortağı Londonun məşhur tarixi binaları, ticarət obyektləri və prestijli məhəllələrdə lüks mənzillər də daxil olmaqla 429 milyon funt sterlinq (694 milyon dollar) dəyərindəki daşınmaz əmlakın sahibi olub.
Bu əmlak imperiyasının mülkiyyətinin kimə məxsus olması sistematik şəkildə “Sheldrake Six” və “Fliptag Investments” kimi adlı ofşor şirkətlərinin arxasında gizlədilib.
Lakin Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (
The
International Consortium of Investigative Journalists – ICIJ)
tərəfindən əldə edilən, OCCRP və digər media qurumları ilə paylaşılan yeni sızdırılmış ofşor sənədlərindən ibarət olan Pandora Sənədləri sayəsində reportyorlar bu şirkətlərin büründüyü məxfilik pərdəsini aradan qaldıra bilib.
Ümumilikdə, OCCRP, 2006-cı ildən bəri Əliyevlərə və ortaqlarına məxsus Britaniyanın Vircin adalarında qeydiyyatdan keçirilmiş, əvvəllər naməlum olan 84 ofşor şirkətini üzə çıxarıb.
Şirkətlər bir-birinə sıx bağlı bir sistemlə idarə olunur: Dəfələrlə sızdırılan qeydlər göstərir ki, bu şirkətlərin komandaları eyni gün sənədləşmə işləri aparıblar və ya menecerlərini dəyişdiriblər. Onların mülkiyyətçiləri və menecerləri də eyni azsaylı insan arasından seçilib.
PANDORA Sənədləri
Pandora Sənədləri, məxfiliyini qorumaq istəyən hər bir kəsə uzaq yurisdiksiyalarda gizli şirkətlər qurmağa kömək edən 14 ofşor xidmət təminatçısından – sızdırılmış milyonlarla faylın araşdırılmasının nəticəsində ortaya çıxıb. Dünyanın hər yerindən olan media tərəfdaşları, aralarında 30-dan çox dünya liderinin olduğu çox zəngin və güclü şəxslərin məlumatlarını təhlil etmək və onların hekayələrini üzə çıxarmaq üçün aylarla əməkdaşlıq edib. Gizli sənədlərdə adı keçənlər arasında dünyanın hər yerindən olan qaçaqlar, məhkumlar, məşhur insanlar, futbol ulduzları və dövlət məmurları da var.
Bir sıra şirkət İlham Əliyevin 2003-cü ildə ilk prezidentlik dövrünün başladığı müddətdə qeydiyyata alınıb. İndi dördüncü dəfə prezident seçilən Əliyev jurnalistlərin, vəkillərin və fəalların həbs olunması, seçkilərin saxtalaşdırılması və kütləvi korrupsiyaya əsaslanan, getdikcə daha da avtoritarlaşan rejimə rəhbərlik edir.
Onun oğlu Heydər hələ orta məktəbdə təhsil alarkən ilk ofşor şirkətini qurub. Londonda psixologiya ixtisası üzrə təhsil alan qızı Arzu isə 19 yaşı yeni tamam olanda öz şirkətini qurub.
Şirkətlər "hesab açmaq" və ya "Azərbaycan və Avropada ticarətlə məşğul olmaq" kimi qeyri -müəyyən açıqlamalar xaricində nə iş gördüklərini bildirməsələr də bir məqsədləri aydındır: onların bir çoxunun İngiltərənin paytaxtında və kənarda çox sayda əmlakı olub.
Bu əmlakların böyük hissəsini almaq üçün istifadə olunan pulun mənbəyi heç vaxt ictimaiyyətə açıqlanmayan sənədlərdə gizlədilib. Bu pul vəsaitlər qanuni ola və ya qanuni olmaya bilər, bu işə cəlb edilənlərin pulu mənşəyi haqqında az məlumatlı olavə ya heç məlumatı olmaya bilər. Bu barədə nəticəyə gəlmək üçün daha çox araşdırma tələb olunurdu.
Reportyorlar, şirkətlərindən ən az səkkizinin, əvvəllər OCCRP tərəfindən aşkar edilmiş geniş pul yuyulması və köçürmə sistemlərindən milyonlarla dollar nağd pul aldıqlarını, o cümlədən Azərbaycan, Rusiya və Troyka pulyuyan maşınlarından aldığını müəyyən edib. Bu pulun sonuncu mənbəyi də məlum deyil; Bu sistemlə həm qanuni, həm də qanunsuz vəsaitlərin köçürüldüyü məlumdur.
Bu ofşor şirkətlərin bəziləri son illərdə bağlansa və bəzi mülklər satılsa da, Əliyevlər daşınmaz əmlak üçün 2017-ci ildən bəri prezidentin qayınatası tərəfindən yaradılan və nəzarət edilən gizli fonda 125 milyon funt sterlinq (191 milyon dollar) pul köçürüblər.
Bu əmlaklardan biri 2018-ci ildə satılıb, lakin bu şirkətlər qrupu ilə bağlı Pandora qeydləri bitir və əlavə məlumat yoxdur.
Prezident İlham Əliyev administrasiyası, eləcə də Prezidentin uşaqları Leyla, Arzu və ya Heydər Əliyev bu xəbərə münasibət bildirmələri üçün göndərilən müraciətlərə cavab verməyib.
"Təkmilləşdirilmiş və davam edən araşdırma"
Əliyevlər ailəsinin Azərbaycandakı hökmranlığı 1991-ci ildə müstəqillik qazandıqdan iki il sonra ölkənin idarəçiliyini ələ keçirən köhnə Sovet məmuru, İlham Əliyevin atası olan Heydər Əliyev ilə başlayıb.
Yaşlı Əliyev avtoritar lider idi və onun rəhbərliyi altında Azərbaycan korrupsiyalaşmış neft -qaz dövlətinə çevrilməyə başladı. Ancaq ölkəni tanıyanlar onun rejiminin oğlunun rejimindən fərqli olduğunu xatırlayırlar.
1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olan Riçard Kozlariç (Richard Kauzlarich) "Heydər Əliyev korrupsiyanı çox ciddi nəzarətdə saxladı" deyə öz açıqlamasında qeyd edib: “O, əlbəttə ki, bu gün İlham Əliyev, həyat yoldaşı Mehriban və onların hörmət edilən ailələri kimi açıqsözlü deyildi".
"Demək istəyirəm ki, bunların hamısı əsasən özləri üçündür" – deyə o əlavə edib.
İlham Əliyev 2003-cü ildə prezident olandan sonra vəziyyət tez dəyişdi. Bir neçə il içərisində, kiçik qızı Arzu, cəmi 19 yaşındaykən, artıq İsveçrədə bank hesabı olan və Londonda yerləşən Knightsbridge bölgəsində 5,1 milyon funt sterlinq (9,7 milyon dollar) dəyərində üç mənzil satın alan “Strahan Holdinq və Finance” adlı ofşor şirkətinin ortağı olub.
Prezidentin qızı üçün şirkət quran, ofşor xidməti təklif edən “Trident Trust” adlı şirkətdən daha çox araşdırma və diqqət tələb edir.
Ancaq üç il sonra, 2009-cu ildə, “Trident Trust”, onun tərcümeyi-halını araşdırmaq üçün Londonda bir araşdırma şirkətinə tapşırıq verib. Sızdırılan məlumatlar arasında olan şirkət hesabatında, bu gənc qadınla əlaqəli olan hər hansı bir pul vəsaitinin niyə şübhəli hesab edilməli olduğu izah edilir.
“Müştərimizin diqqətini atası İlham Əliyevə qarşı geniş yayılmış və davamlı korrupsiya ilə bağlı iddialara, Prezident Əliyevə və ailəsininə məxsus olan bütün vəsaitlərin onun Azərbaycanda prezident olduğu üçün toplandığına dair geniş yayılmış fikirlərə cəlb edirik".
"Bir müştəri Arzu Əliyeva ilə münasibət qurmaq istəyirsə … onunla hər hansı bir əlaqə təkmilləşdirilmiş, davam edən araşdırma və yoxlamaya tabe olmalıdır",- deyə hesabatda deyilir.
O vaxta qədər əlaqələr artıq qurulmuşdu: “Trident Trust”, Arzu Əliyeva üçün ən az 16 ofşor şirkətini qeydiyyata almışdı. Londonun Knightsbridge bölgəsindəki üç mənzilə əlavə olaraq, bu şirkətlər eyni binada bir teras və Rumıniyada böyük bir ticari mülk satın alıb.
Hesabat “Trident Trust”a Əliyevlər ailəsi ilə işləməyə davam etməsi haqqında düşünməsi üçün fasilə versə də, xidmət təminatçısı bunu göstərməyib. O ildən etibarən Arzunun böyük bacısı Leyla və 11 yaşlı qardaşı Heydər də şirkətin müştərisi olub. Leyla Əliyeva Londonun dünyaca məşhur Regent küçəsi yaxınlığında böyük bir ofisi olan, “Trident” tərəfindən idarə olunan şirkətin sahibi olub. Gənc Heydər Əliyev isə “Michelinstarred” adlı restoranın, sənət qalereyasının və “Conde Nast”-ın baş ofisinin sahibi olub.
“Trident Trust” şirkətinin nümayəndəsi reportyorların suallarını cavablandıraraq qeyd edib ki, "Tridentlə əməkdaşlıq edən hər bir fond və biznes müəssisəsi göstərdiyi yurisdiksiyada tənzimlənir və tətbiq olunan bütün qaydalara tam riayət etmək öhdəliyi var. Trident mütəmadi olaraq məlumat tələb edən səlahiyyətli orqanlarla əməkdaşlıq edir".
"Trident müştərilərini media ilə müzakirə etmir",- deyə o əlavə edib.
2010-cu ilə qədər OCCRP və digər media qurumları artıq Əliyevin övladlarının var-dövlətini ortaya çıxarıb. Ofşor şirkətlər imperiyası, təbii ehtiyatların çıxarılması və telekommunikasiya haqqındakı bu hekayələr onların incəsənət sahəsində və mediada göstərilən karyeralarından tamamilə fərqli idi.
Uzunmüddətli fayda əldə edənlər
2010-cu ildə “Washington Post” yazırdı ki, Əliyevin üç uşağı Birləşmiş Ərəb Əmirliklərində 75 milyon dollar dəyərində daşınmaz əmlakın sahibidirlər. Sonralar Panama Sənədləri və digər araşdırmalar Arzu və Leyla Əliyevanın müxtəlif yurisdiksiyalarda ondan çox şirkətə sahib olduğunu üzə çıxarıb. Bu ofşor şirkətlər Avropa ölkələrinin paytaxtlarında dəbdəbəli daşınmaz əmlaka, üç telekom operatoruna (hökumətin Azərbaycan vətəndaşlarını dinləməsinə imkan verən), “AtaHolding” adlı tikinti və bank holdinqinə və hətta əsl qızıl mədəninə sahib olub.
Arzu, Londonda psixologiya ixtisasında təhsil alıb və bir neçə sənədli film çəkib. Onun həyatı haqqında çox az məlumat olsa da, o, hazırda Bakıda yerləşən bir media şirkətinin başçısıdır.
Onun böyük bacısı Leyla, Rus pop ifaçısı ilə ailə həyatı qurub, bir neçə il Moskovada yaşayıb və burada mədəniyyət sahəsində göstərişli bir jurnal dərc etdirib. Bundan əlavə, onun film prodüsseri olduğu, sənətlə məşğul olduğu, yardım fondunun vitse-prezidenti kimi çalışdığı və mərhum babasına yazdığı şeirin orta məktəblərin dərs kitablarına salındığı məlumdur.
Atasının xələfi olma ehtimalı olan Heydər haqqında isə çox az şey bilinir. O, 2018-ci ildə anasının əmisinin rəhbərlik etdiyi Azərbaycan Diplomatik Akademiyasından məzun olub.
Əliyevin övladlarının böyük sərvəti atalarından gəlirsə, qanuni gəlir olub-olmadığını izah etmək çətindir. Prezident olmamışdan öncə İlham Əliyev Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın vitse -prezidenti idi. Prezident kimi onun hazırkı gəliri bilinmir, ancaq onun 2015-ci ildə elan edilən son rəsmi maaşı illik təxminən 230.000 dollar idi.
Tərəfdaşlar
Əliyevin uşaqlarının gənc yaşda olması və iş təcrübələrinin azlığı ilə yanaşı, atalarının rəsmi gəliri nəzərə alındıqda, onların sahib olduqları böyük miqdarda sərvətin hardan gəldiyi sual doğurur.
Nə Əliyev, nə də həyat yoldaşı Mehriban Əliyeva öz sərvətlərinin dəyərini açıqlayıb. Prezidentliyə namizəd olan bir neçə şəxs bu cür məlumatın verilməsini tələb etsə də, Azərbaycan qanunları Əliyevlərdən bunu açıqlamağı tələb etmir.
Onların var-dövlətinin izahını axtaran jurnalistlər İlham Əliyevin ailəsi ilə Azərbaycanda sərvətini artıran oliqarx ailələri arasındakı əlaqəni araşdırmaq üçün illərlə vaxt sərf ediblər.
Vergilər Nazirliyinin keçmiş əməkdaşı olan iki vacib şəxs var. Belə ki, Fazil Məmmədov və Əşrəf Kamilov Azərbaycanın ilk ailəsi ilə yüz milyonlarla dollar büdcəsi olan, bank, tikinti, sığorta və digər sahələrini əhatə edən “AtaHolding” vasitəsi ilə əlaqələndirilir.
“Panama Papers” araşdırması çərçivəsində OCCRP göstərib ki, Məmmədov tərəfindən qurulan və sonradan Kamilovun rəhbərlik etdiyi biznes Əliyevin hakimiyyətini gücləndirən seçkilərdən bir neçə ay əvvəl yaradılıb. Bu, həm də üzə çıxarıb ki, Məmmədov necə güclü bir biznes və siyasi tərəfdaşlığın əsasını qoyaraq Əliyevlər ailəsini şirkətə qoşulmağa dəvət edib.
Gizli bir fond üçün layihə planı
“AtaHolding”dən əldə edilən mənfəət, çox güman ki, fəaliyyəti Panama Sənədlərində açıqlandıqdan sonra adı çıxan ofşor xidmət firması “Mossack Fonseca”nın köməyi ilə Məmmədovun yaratdığı gizli Panama fonduna axıdılıb. Sızdırılan sənədlər, İlham Əliyevin həyat yoldaşı Mehriban Əliyevanın Məmmədov ilə birlikdə fondun iki idarəçisindən biri olduğunu üzə çıxarıb. Ayrıca bir sənədə əsasən, prezidentin oğlu Heydər altı yaşında ikən və iki yeniyetmə qızı, Kamilov, Məmmədovun oğlu da fonddan yararlanan şəxslər olub. Ancaq sənədlərdə bu planın həyata keçirilib-keçirilmədiyi deyilmir.
Belə ki, Əliyevlər ailəsinin var-dövlətinin dəqiq mənbəsi məlum deyil, lakin aydındır ki, onların maddi gəlirləri “AtaHolding” və onu yaradanların uğurları ilə ayrılmaz şəkildə bağlıdır.
Ancaq yeni Pandora Sənədləri göstərir ki, Kamilov Əliyevlər ailəsinin ofşor imperiyası ilə hər kəsin düşündüyündən daha da yaxından əlaqəlidir.
Onun adı bu hekayədə araşdırılan 84 ofşor şirkətindən 35-də keçir, o cümlədən özü və ailə üzvləri 10 şirkətin səhmdarı kimi təmsil olunur. Hər üç işdə də Britaniyanın Vircin adalarında bir şirkət satın alan, qiymətli daşınmaz əmlak yığan və sonra onu Əliyevlər ailəsinin hesabına köçürən Kamilov olub.
Burdakı başqa bir önəmli şəxs Vergilər Nazirliyinin keçmiş əməkdaşı və eyni zamanda “AtaHolding”in rəhbəri olaraq fəaliyyət göstərən Qafar Qurbanov olub. O, bir-birilə əlaqəli olan 84 ofşor şirkətinin əksəriyyətinin direktoru vəzifəsində çalışıb. (İş dünyasındakı nüfuzu artdıqca, onu bu strukturda böyük qardaşı Adnan və daha sonra Məmmədovun qardaşı oğlu əvəz edib).
Bu şirkətlərin fəaliyyətlərinin böyük hissəsi naməlum olaraq qalır, ancaq idarəçiləri “Trident Trust”dan əldə edilmiş sənədlər göstərir ki, şirkətlərdən bəziləri İsveçrə və Çexiyada bank hesabları açmaq üçün yaradılıb. Digərlərinin isə investisiya vasitəçisi və ticari biznes üçün yaradıldığı elan olunub. Sadəcə şirkətlərdən çox azının Azərbaycanda fəaliyyət göstərən müəssisəsi var.
Məlum olan isə budur ki, onlardan bəziləri aktivlərə sahibdir. Demək olar ki, tamamilə Londonda yerləşən onlarla mülk 429 milyon funt sterlinq (694 milyon dollar) dəyərindədir. Onların torpaq qeydiyyatları göstərir ki, əksəriyyəti nəğd pulla alınıb.
Ən maraqlı hal budur ki, Heydər, hələ 11 yaşında olanda Mayfair-dəki Maddox küçəsində dörd binanın sahibi olub.
Əliyev ailəsinin üzvünün sahib olduğu ən bahalı mülk, Kamilov tərəfindən 35.5 milyon funt sterlinqə (58.8 milyon $) satın alınan və bir neçə həftədən sonra 22 yaşındakı Arzu Əliyevanın hesabına köçürülən mülkdür.
Şirkətlər qrupunun ən böyük aktivləri, Londonun mərkəzində 208 milyon funt sterlinq (343 milyon dolar) dəyərindəki, bir neçə bloku olan ticarət kompleksi “Holborn Links” olub. Bura Britanya muzeyindən sadəcə bir neçə addım uzaqlıqda yerləşən tarixi “Bloomsbury” barı daxildir. 2016-cı ildə satılmamışdan öncə kompleks, Kamilovun şirkəti tərəfindən idarə olunub.
Pulyuyan maşınla əlaqəli ödəmələr
Əksər hallarda sızdırılan Pandora Sənədləri pulların Əliyevlərin və onlara bağlı şəxslərin ofşor imperiyasına necə daxil edildiyini açıqlamırdı.
Lakin 2013-cü ildə “Holborn Links”i satın alan “Perez International”, Rusiyanın 20 milyard dollar dəyərindəki çirkli pulların yuyulması və köçürmə sisteminin arxasında duran üç əsas ofşor şirkətindən biri olan “Westburn Enterprises”dan 1,2 milyon dollardan çox pul alıb.
Kamilovun digər üç şirkəti də “Westburn”dan pul alıb, Rusiyanın pulyuyan maşınına 16,6 milyon dollar pul köçürüb.
Rusiyanın “Pulyuyan maşını”na daxil olan ikinci əsas şirkət, İlham Əliyevin qayınatasına verilən malikanəni 29 milyon funt sterlinqə (47 milyon dollar) satın alan “Quandu Finance” şirkətinə 6.1 milyon dollar göndərib.
Britaniyanın Vircin adalarında yerləşən Qurbanova məxsus başqa bir şirkət, OCCRP tərəfindən 2019-cu ildə aşkarlanan ayrıca çirkli pulların yuyulması layihəsi olan Azərbaycanın pulyuyan maşını çərçivəsində, Litvanın “Ukio Bankı” tərəfindən açılan bir ofşor şirkətindən təxminən 800.000 dollar alıb.
Belə "pulyuyan maşınlarda" olduğu kimi, ödənişlər "avadanlıq" və ya "tikinti texnikası" üçün xərcləndiyi elan olunur, lakin öndə olan bu şirkətlərin fiziki mal almaq və ya satmaq ehtimalı azdır.
Zərrabla əlaqə
Əliyevlə əlaqəli şəbəkəyə daxil olan digər iki şirkətlə aparılan əməliyyatlar da suallar yaradır. 2010-cu ilin sonu, 2011-ci ilin ortalarında, Kamilovun Britanyanın Vircin adalarında yerləşən iki şirkəti, “EZE Investment” və “Gigaworks Holding”, Panama və Honq Konqda qeydiyyatdan keçmiş iki ofşor şirkətindən 5.2 milyon dollardan çox pul alıb. Pul köçürmələri üçün "avtomobillərdən", "tikinti materiallarından" "kosmetikaya" qədər bir sıra səbəb göstərilir. Bu sənədlər ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan və digər cinayətlərdən yayınmaq üçün çirkli pulların yuyulmasında təqsirli bilinən İran və Türkiyənin ikili vətəndaşı Rza Zərrab barədə araşdırmanın, eləcə də 2016-cı ildə onun mühakiməsi ilə əlaqədar olaraq ABŞ Məlumat Azadlığı Qanuna uyğun şəkildə OCCRP-nin əldə etdiyi bank sənədləri arasındadır. “Gigaworks Holdinq”, kosmetika üçün ödəniş aldıqdan üç aydan az bir müddət sonra, Londonun mərkəzi meydanında, 33 Ovington Square adresində yerləşən 28.8 milyon dollarlıq bir malikanə satın alıb.
Nə Qurbanov, nə də Kamilov pul köçürmələrinin əsl məqsədinin nə olması ilə bağlı sualları cavablandırıb.
Ailə fondu
Bir neçə il ərzində sabit şəkildə sərvət topladıqdan sonra vəziyyət 2015-ci ildə pik nöqtəyə çatmış kimi görünür. Həmin il neftin qiymətinin düşməsi və milli valyuta devalvasiyası ilə Azərbaycanda maliyyə böhranı başlanıb. Ən çox əziyyət çəkən sıravi vətəndaş olub, lakin hətta ölkənin elitası da kiçilən piroq uğrunda aralarında yarışa girib. “AtaHolding”in əhəmiyyətli bir hissəsi olan “AtaBank”, illər sonra iflas edib.
Əliyevlərin və onların əlaltılarının ofşor imperiyası da zərərçəkmiş kimi görünür. Şirkətlərinin çoxu fəaliyyətsizdir və artıq onlara ehtiyac qalmayıb.
Onlar “Holborn Links”- dəki kompleks də daxil olmaqla üç biznes mülklərini satıb.
Ancaq onlar hər şeyi satmayıb və ya bağlamayıb. Kamilov və Qurbanov mülklərinin əhəmiyyətli bir hissəsini saxlayıb. Əliyevlər qızlarının yaşadığı Knightsbridge bölgəsində elit bir mənzil də daxil olmaqla 191 milyon dollar dəyərindəki daşınmaz əmlakı, Man Adasından fəaliyyət göstərən gizli bir ailə fonduna köçürüblər.
Aydındır ki, bu mülklərin sahibi olan şirkətlər əvvəlcə izlərini itirmək üçün İlham Əliyevin yaşlı qayınatası, indi 87 yaşında olan Arif Paşayev tərəfindən açılıb. Daha sonra onları yalnız satın almaq məqsədilə satın alan və sonra onları fonda köçürmək məqsədilə başqa bir şirkətə köçürüb. Paşayev şərh istəklərinə cavab verməyib.
Bu manevrlər əmlakın başqasına ötürüldüyü təəssüratı yaradıb. Pandoranın Sənədlərində reportyorlar tərəfindən aşkarlanan bir sənəd olmasaydı, Man Adamın sərt məxfilik qanunları ilə qorunan bir fonda daxil edildikləri üçün ictimaiyyətin gözündən kənarda qalacaqdı. Lakin Paşayev əmlakı köçürəndə “Trident Trust” a fondun 100 milyon funt sterlinq dəyərində aktivi və özünün vəsaitin mənbəyi olduğunu bildirən bir bəyannamə forması təqdim edib.
Daşınmaz əmlakın izi burada itib.
Əliyevlər və onların ortaqlarına aid olduğu bilinən ən sonuncu Pandora Sənədlərindən birində, “Trident Trust” öz nümayəndələrindən Arzu Əliyeva haqqında daha ətraflı məlumat istəyir:
"Davam edən qlobal araşdırmamız zamanı yuxarıda sadalanan şirkətlərin gəlirinin sahibinin [siyasi cəhətdən ifşa olmuş şəxs olaraq] təyin edildiyi qeyd olunub",- deyə 2018 -ci il noyabrda yazılan e-poçtda deyilir: "Hüquqi sahibi Azərbaycan Hökumətinin Prezidentinin qızıdır".
"Təkmilləşdirilmiş araşdırma tələblərimizə uyğun şəkildə aşağıdakı sənədlərə ehtiyacımız olacaq: bank arayışı, peşəkar tövsiyə məktubu, CV".
Elə həmin gün Əliyevanın sözçüləri Əliyevanın Azərbaycandakı bankından köhnə tövsiyə məktubunu əlavə edərək cavab verdilər. Məktubda qeyd olunur: "Arzu Əliyeva xanımı 10 ildən çoxdur tanıyır. Adı çəkilən şəxsi etibarlı hesab edirik və yerinə yetirə bilməyəcəyi heç bir öhdəliyi öz üzərinə götürməyəcəyinə inanırıq".
Alexandra Li (OCCRP/Kloop) hesabatda köməklik edib.
Müəlliflər:
Miranda Patrucic, Ilya Lozovsky, Kelly Bloss, and Tom Stocks