Azərbaycan Prezidenti İranın yeni seçilən Prezidentini təbrk edib
Azərbaycan Prezidenti İlham Əliyev İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu göndərib.
Xəbəri Prezidentin rəsmi saytı yayıb.
İranlı həmkarını yeni vəzifəyə seçilməsi münasibətilə ürəkdən təbrik edən Əliyev Azərbaycanla İran arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayıb.
“Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir. Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq”, – məktubda deyilir.
Dövlət başçısı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət edib.
İranda nə baş verib?
İranın son Prezidenti, ultramühafizəkar İbrahim Rəisi may ayında helikopter qəzasında həlak olub. Beləliklə, İran erkən prezident seçkilərinə gedib.
Məsud Pezeşkian iyunun 28-də keçirilən seçkinin I turunda qalib olub, lakin o, prezident olmaq üçün tələb olunan 50%-lik baryeri keçə bilməyib.
İyulun 5-də İranda prezident seçkisinin II turu keçirilib və qalib Məsud Pezeşkian olub.
İranın 9-cu Prezidenti olacaq Pezeşkian seçkidə 16,4 milyona yaxın səs toplayıb.
İranın rəsmi İRNA agentliyi isə seçkidəki aktivliyin 49,8% olduğunu açıqlayıb. Bu, birinci turdakı aktivlikdən çoxdur.
Pezeşkian bundan öncə İran parlamentində vitse-spiker kimi çalışıb.
Onun əslən İran azərbaycanlısı olduğu bildirilir.