Əliyev Paşinyanla Kopenhagendə görüşüb

Foto: president.az

Bu gün Danimarkanın paytaxtı Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.

Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini qeyd ediblər və iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını vurğulayıblar.

Əliyev və Paşinyan regionda nəqliyyat kommunikasiyalarının faydalarını vurğulayıb, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatını və Ermənistan ərazisində TRIPP (Tramp yolu)  layihəsini müzakirə edib, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

Tərəflər eyni zamanda  ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğv olunması ilə bağlı qəbul edilmiş qərarı alqışlayıblar.

Sonda hər iki ölkə lideri təmasları davam etdirmək barədə razılığa gəliblər.

Bu gün Kopenhagendə Avropa İttifaqı (Aİ) liderlərinin bloka üzv olmayan ölkə başçıları ilə bir araya gəldiyi Avropa Siyasi Birliyinin (EPC) sammiti keçirilir.

Ana səhifəSiyasətƏliyev Paşinyanla Kopenhagendə görüşüb