Səlahiyyətlərin icra edilməsi əvvəlki tərkibə həvalə edildi
Azərbaycanın dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetini istefaya göndərib.
Bu barədə İlham Əliyev fevralın 14-də sərəncam imzalayıb.
Sərəncamda bildirilir ki, Konstitusiyanın 116-cı maddəsinə uyğun olaraq Nazirlər Kabineti istefaya göndərilir:
“Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək üzvlərinin səlahiyyətlərinin icra edilməsi əvvəlki tərkibinə həvalə edilsin”.
Bu gün Azərbaycanın Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib.
Fevralın 13-də Konstitusiya Məhkəməsi Prezident seçkisinin nəticəsini təsdiq edib.
Fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçirilib.
Seçkiyə 7 namizəd qatılıb.
Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsaslanaraq bildirib ki, İlham Əliyev 92.12 faiz səslə Prezident seçkilərində qalib gəlib.
MSK-in sonuncu məlumatında seçici fəallığı 76,43 faiz göstərilmişdi.
Digər namizədlərin topladığı səslər isə beləydi:
“Zahid Oruc – 2,17 faiz (107 877 səs); Fazil Mustafa – 1,98 faiz (98 623 səs); Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs); Razi Nurullayev – 0,80 faiz (39 797 səs); Elşad Musayev – 0,66 faiz (32 956 səs); Fuad Əliyev – 0,53 faiz (26 561 səs)”.
Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edib.
İlham Əliyev 20 ildən çoxdur Prezident vəzifəsini icra edir.