Ekspertlər Moskva razılaşmasını şərh edir
“Bu, təzyiqin nəticəsində humanitar atəşkəs adlandırılsa da, hər halda atəşkəs elan edilib. Xüsusən də atəşkəsin müddəti bildirilmədiyi üçün vəziyyət kifayət qədər qeyri-müəyyəndir. Ona görə prosesin gedişin izləmək lazımdır. Yəqin ki, bir neçə günə vəziyyət aydınlaşacaq”.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə Azərbaycan-Ermənistan arasında elan edilən humanitar atəşkəsə münasibətini açıqlayarkən deyib.
Oktyabrın 9-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin üçtərəfli görüşü 10 saat davam edib. Görüşün yekunu haqda bəyanatı Rusiyanın Xarici işlər naziri Sergey Lavrov açıqlayıb.
Razılaşmaya əsasən, Azərbaycan və Ermənistan tərəfi arasında 10 oktyabr saat 12:00 radələrindən Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olunur.
Bildirilir ki, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.
“Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar”, – razılaşmanın şərtlərində deyilir.
İsa Qəmbər “9 oktyabr Moskva anlaşması Azərbaycanın ziyanına, yoxsa xeyrinədir” sualına belə cavab verib:
“Azərbaycan torpaqlarını azad edirdi, həmin proses dayandırıldı. Ona görə də bu, ölkənin xeyrinə bir hadisə kimi qiymətləndirilə bilməz. Azərbaycana atəşkəs elan edildikdən sonra hansı qərarların elan ediləcəyi önəmlidir. Həmin qərarların atəşkəsin Azərbaycana nə dərəcədə ziyan gətirəcəyini müəyyənləşdirə bilər”.
“Əgər söhbət humanitar atəşkəsdən gedirsə, onda qalan 3 bəndə nə ehtiyac var?”
Siyasi icmalçı Ərəstun Oruclu Moskva anlaşmasını izah etməkdə çətinlik çəkdiyini və 9 oktyabr Moskva danışıqlarının Azərbaycan maraqlarına cavab vermədiyini deyib:
“Birinci sual odur ki, üstünlük Azərbaycanın tərəfində olduğu təqdirdə Rusiyanın vasitəçiliyini qəbul etmək nəyə lazım idi? Müəyyən ehtimallarım var, əlbəttə, Moskva Bakını anlaşmanı imzalamağa təhdid etdi. Ona görə ki, anlaşma hərbi, diplomatik, iqtisadi üstünlüyə malik olan ölkəyə lazım deyildi. İlham Əliyev də sona qədər gedəcəyini bəyan etmişdi, 9 oktyabrda kobud ifadələr işlətmiş, populist çıxışlar da etmişdi. Çünki Moskva anlaşması təslimçidir. Əvvəla, ilkin informasiyada anlaşmanın humanitar xarakter daşıdığını, cənazələrin qaytarılması müzakirə olunur, amma konkret zaman göstərilmir. Baxın, bu hissə Azərbaycanın marağına cavab vermir. Əgər söhbət humanitar atəşkəsdən gedirsə, onda qalan 3 bəndə nə ehtiyac var? Mən baza prinsipləri əsasında sülh danışıqlarını əldə olunmasını nəzərdə tuturam, çünki baza prinsipləri ümumiyyətlə, Azərbaycanın əleyhindir, birbaşa olaraq Dağlıq Qarabağın qoparılmasının rəsmiləşməsidir. Nəhayət, cəmiyyətin səfərbər olduğu və müharibəyə hazır olduğu, az da olsa əraziləri azad etdiyi zamanda belə anlaşmaya imza atmaqla hansı məqsəd güdülürdü? Bütün bunlar ciddi suallardır. İlham Əliyev 27 sentyabrda addım atanda xalq onun arxasında dayandı. Təəssüf ki, İlham Əliyev xalqın etimadın doğrultmadı, qırdı, ucuz və populist çıxışlarla belə bir qərar qəbul etdi”.
Ərəstun Oruclu 9 oktyabr Moskva anlaşmasının Azərbaycanın əleyhinə olduğunu düşünür:
“Anlaşmanı nəinki müsbət, heç neytral dəyərləndirmək mümkün deyil”.
Ərəstun Oruclu hesab edir ki, bundan sonra cəmiyyətdə çox güclü gərginlik yaranacaq:
“Azərbaycan xalqı gecəni yatmayıb 9 oktyabr anlaşmasını gözləyirdi. Bu, səhv idi. Xalq başa düşməliydi ki, hakimiyyət onun maraqlarından çıxış etmir. Gərginlik olacağı, ordunun küncə sıxılması gözlənir, 2016-cı ildən sonra orduya qarşı cəza tədbiri təkrarlana bilər. Bu, orduyla siyasi hakimiyyət arasında uçurumu bir az da dərinləşəcək. İndi Azərbaycan cəmiyyəti daxili gərginlik mərhələsinə qədəm qoyur, çünki xalqın iradəsini ortaya qoyması hakimiyyəti qorxuya salıb. Bu gün artıq Azərbaycan xalqına ağır pandemiya və yoxsulluğa baxmayaraq məğlub xalq demək olmaz”.
“Danışıqlar Minsk Qrupu çərçivəsində başlayacaq, zaman qazanmaq üçün belə olacaq”
Siyasi icmalçı Zərdüşt Əlizadə Moskva anlaşmasını təbii hesab edib:
“Çünki beynəlxaq hüquqa görə itki çoxdursa, atəşkəs elan olunur və meyitlər qaytarılır. Məncə, bu məntiqi qərardır və başqa cür mümkün deyil. Bundan sonra nə olacaq? Düşünmürəm ki, Paşinyan erməni ordusunun Qarabağdan çıxmaq cədvəlini hazırlayacaq. Bəli, danışıqlar Minsk Qrupu çərçivəsində başlayacaq, zaman qazanmaq üçün belə olacaq. Bundan sonra nə olacaq, bu, artıq dövlət başçısının və Türkiyənin qətiyyətinin nəticələrindən yaranacaq. Yəni, İlham Əliyev və Ərdoğanım qətiyyətli mövqeyi əsas rol oynayacaq. Əgər Ermənistan yenə status-kovonu uzatmağa çalışacaqsa, məntiqə görə tərəflər hərbi əməliyyatları başlamalıdırlar, Paşinyanı zəiflətmək və ram etmək üçün razılaşdırılmış bir oyuna getməli olurlar”.
“…. atəşkəs humanitar səbəblərlə deyil, məhz elə danışıqlar məqsədilə elan olunub”
Siyasi icmalçı Azər Qasımlı Azərbaycan dövlət başçısının “Paşinyan Azərbaycan xalqından üzr istəməlidir” fikrini xatırladıb:
“Əliyevin dövlət başçısına yaraşmayan çıxışındakı tələblərin gerçəkləşməsini mən şəxsən gözləmirdim. Lakin əsas məsələ – Ermənistan hələ də Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, əsgərlərini Qarabağdan çıxartmayıb və çıxarılması ilə bağlı heç bir təqvim verməyib. Azərbaycan xalqına Nikol Paşinyanın AzTV-də alçaldılması deyil, Azərbaycan ordusunun real qələbələrinin danışıqlar masasında diplomatik qələbəyə çevirilməsi lazım idi. İmzaladıqları sənəddə humanitar məqsədlərlə atəşkəsin nə vaxt elan ediləcəyi yazılıb, lakin atəşkəsin nə qədər sürəcəyi ilə bağlı heç bir qeyd yoxdur. 3-cü bənddə isə "substantiv danışıqlara başlanılır" yazılır. Bu, o deməkdir ki, atəşkəs humanitar səbəblərlə deyil, məhz elə danışıqlar məqsədilə elan olunub”.
İlham Əliyev son müsahibələrində "Türkiyə də masada olmalıdır", "əvvəlki format artıq olmayacaq" söyləyirdi. Azər Qasımlı həmin açıqlamanı da xatırladıb:
“Dünənki çıxışında isə İlham Əliyev "status-kvo və təmas xətti artıq yoxdur" dedi. İmzalanan sənədin 3-cü və əsasən 4-cü bəndlərində Minsk Qrupunun rolu xüsusi vurğulanıb və danışıqların baza prinsipləri əsasında aparılacağı yazılıb. Deməli, nə format dəyişib, nə də 27 il sürən danışıqların prinsipi. Status-kvo da yerindədir, təmas xətti də. Bu, o deməkdir ki, Əliyev iqtidarı Türkiyənin dəstəyini real alətə çevirə bilmədi. İndi isə atəşkəs dönəmində Azərbaycan xalqına hərbi itkilərimiz barədə məlumat verilməlidir”.
“Müharibələr bitməmiş əsirlər dəyişdirilməz”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, anlaşmanın birinci bəndi istisna olmaqla (o da qısa müddət üçün keçərlidir) digər 3 bəndin yerinə yetirilməsi mümkün deyil və indiki şərtlər altında Azərbaycanın maraqlarına ziddir:
“Birinci bəndin özündə də əsirlərin dəyişdirilməsiylə bağlı fikir qüsurludur. Biz hərbçilərimizə atəş açan erməni hərbçiləri azad edək ki, onlar geri qayıdıb yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi ümumi məsələ həll olunduqdan, yəni müharibə bitdikdən sonra mümkündür. Bu, bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz”.
Elxan Şahinoğlu bildirub ki, 9 oktyabr Moskva anlaşmasında Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır:
“Bu yoxdursa, bəyanatın digər 3 bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. Yerevan belə bir qrafik hazırlamayıb. Digər tərəfdən biz danışıqlarda regional dövlət kimi mütləq Türkiyənin iştirakını istəyiriksə, bəyanatda “danışıqlar formatının dəyişilməzliyini” bəndini qəbul edə bilmərik. Məgər ermənipərəst Fransanın vasitəçiliyini rədd etmədikmi? Bu, bir bəyanatdır, hüququ qüvvəsi yoxdur, kimsə bizi bu bəndləri yerinə yetirməyə məcbur edə bilməz”.
Sentyabrın 27-də Azərbaycan-Ermənistan hərbi birləşmələrinin təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb. Azərbaycan tərəfi bir sıra kənd və yüksəklikləri, eləcə də Cəbrayıl rayonunu işğaldan azad etdiyini deyir. Hər iki tərəfdə mülki şəxslər arasında ölən va yaralananlar var.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.