Azərbaycan Prezidenti Pia Kaumayla görüşüb
Azərbaycanın dövlət başçısı İlham Əliyev Cənubi Qafqazda artıq yeni reallıqların yarandığını bildirib.
Bunu noyabrın 13-də Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumayla görüşdə deyib.
Bu barədə “president.az” məlumat yayıb.
Əliyev vurğulayıb ki, regionda baş vermiş son hadisələr Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalı və hərbi təcavüzü kontekstində nəzərdən keçirilməlidir:
“Bu işğal və təcavüzün nəticələrinə baxılmadan regionun gələcəyi ilə bağlı baxışların irəli sürülməsi düzgün yanaşma olmaz. Ermənistan Azərbaycan torpaqlarının işğalını əbədiləşdirməyə çalışırdı. İşğal dövründə həyata keçirilmiş vasitəçilik missiyaları tamamilə uğursuz olub, işğal və təcavüzün nəticələrini aradan qaldırmayıb”.
“Ermənistan 2020-ci il 10 noyabr Bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirmədi. Belə ki, Ermənistan nəinki Qarabağdakı silahlı qüvvələrini ərazidən çıxarmadı, hətta həmin ərazini hərbi texnikanın, silahlı qüvvələrinin şəxsi heyətinin və minaların daşınması üçün məqsədyönlü şəkildə istifadə edirdi. Həmçinin Ermənistan Şərqi Zəngəzurla Naxçıvan arasında əlaqənin yaradılması ilə bağlı öz öhdəliklərini yerinə yetirmədi. Artıq bu məsələlər keçmişdə qaldı. Hazırda regionun sülh gündəliyi üçün çox yaxşı imkanlar var”, – deyə Əliyev əlavə edib.
Ölkə başçısının sözlərinə görə, sülh müqaviləsi və onun əsasını təşkil edən prinsiplərin təşəbbüsü ilə də məhz Azərbaycan çıxış edib:
“Azərbaycan Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər hansı bir baxış ortaya qoymayıb”.
Görüşdə bildirilib ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.
Pia Kauma noyabrın 12-dən 20-dək Azərbaycan, Gürcüstan və Ermənistanda səfərdə olacaq.
ATƏT PA-nın yaydığı məlumatda qeyd olunur ki, Pia Kaumanın səfərində məqsəd ATƏT Parlament Assambleyası vasitəsilə Ermənistanla Azərbaycan arasında sülh prosesinə yardım etməkdir.
“Bir təşkilat olaraq ATƏT Dağlıq Qarabağ münaqişəsi üzrə dialoq üçün təbii meydança kimi çıxış edə bilər”, – Kauma deyib.
Bu gün o həmçinin xarici işlər naziri və Azərbaycan parlamentinin spikeri ilə görüşəcək.
P.Kauma Azərbaycandan Gürcüstana və Ermənistana gedəcək, bu ölkələrdə Prezident Salome Zurabişvili, Baş nazir Nikol Paşinyanla və parlamentin spikeri, həmçinin bir neçə nazirlə görüşəcək.
Onun həmçinin Qarabağ qaçqınları ilə görüşəcəyi də bildirilir.