Elina Hacıyevanın ölüm işi ilə bağlı yenilik var

Zərərçəkmiş tərəfin vəkilləri uzatma qərarından apelyasiya şikayəti versə də, təmin olunmayıb.

Source: Meydan Tv


Sevinc Abbasovanın ev dustaqlığı məsələsi yenidən məhkəmədə müzakirə olunacaq

162 saylı orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunmuş direktor Sevinc Abbasovanın işi ilə bağlı yenilik var. S.Abbasova ev dustaqlığındadır. İyulun 9-da Səbail Rayon Məhkəməsi onun barəsində ev dustaqlığının müddətini daha iki ay uzadıb. E.Hacıyevanın ailəsi isə bundan narazı qalıb, çünki direktorun həbs olunmasını istəyirlər.

Zərərçəkmiş tərəfin vəkilləri uzatma qərarından apelyasiya şikayəti versə də, təmin olunmayıb. Daha doğrusu deyilib ki, apelyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulan 3 günlük müddət ötürülüb. Vəkillər isə bildirib ki, onların heç məhkəmədən xəbəri olmayıb. Bir neçə gün sonra uzatma qərarından xəbər tutan kimi şikayət veriblər.

Bu üzdən E.Hacıyevanın ailəsinin vəkilləri şikayət vermək üçün müddətin bərpası üçün Səbail Rayon Məhkəməsinə müraciət etmişdilər. Məhkəmə müraciətə baxıb və təmin edib. Direktorun barəsində ev dustaqlığı qətimkan tədbirinin uzadılması qərarından verilən şikayət baxılması üçün yenidən Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Avqustun 8-də hakim Mirzəli Abbasovun sədrliyilə bu məsələyə baxılacaq.

E.Hacıyeva bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, iki gün sonra orada vəfat edib.

Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bir müddət sonra məktəbin direktoru Sevinc Abbasova cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Elinanın ailəsi direktorun həbsini tələb edir. Bildirirlər ki, o, vaxtında həkim çağrılmasına imkan verməyib: “Əgər vaxtında tibbi yardım göstərilsəydi, bəlkə də Elina bu gün yaşayırdı…”

Ana səhifəXəbərlərElina Hacıyevanın ölüm işi ilə bağlı yenilik var