Əliməmməd Nuriyev: Hüquqi yardım Vəkillər Kollegiyasının monopoliyasına verilir

Ələsgər Məmmədli: “Dəyişikliklər təsdiqlənsə, vətəndaşlar məhkəmələrdə müdafiəsiz qalacaq”

Source:
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev


Ələsgər Məmmədli: “Dəyişikliklər təsdiqlənsə, vətəndaşlar məhkəmələrdə müdafiəsiz qalacaq”

Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklərlə bağlı müzakirə keçirilib.

APA-nın

məlumatına

görə, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev cəmiyyətin və hüquq sektorunun “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanununda aparılan dəyişikliklərə hazır olmadığını bildirib.

Ə.Nuriyev qeyd edib ki, Açıq Hökumət Platforması məsələ ilə bağlı ölkə başçısına müraciət hazırlayıb:

“Bu qanunla bağlı bir sıra məsələlərdə tələskənliyə yol verilib. Vəkillərin sayını region və Avropa ölkələri ilə müqayisə etsək, ən aşağı göstərici Azərbaycandadır. Ümumiyyətlə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklər ciddi müzakirəyə çıxarılmalıdır. Nümayəndəlik institutu bütün sivil ölkələrdə var”, – Ə.Nuriyev deyib.

O, qeyd edib ki, vəkillərin sayı 15 min nəfər olsaydı, əlbəttə, dəyişiklikdə problem olmazdı.

“Nədən hüquqi yardım Vəkillər Kollegiyasının monopoliyasına verilməlidir? Qanuna yenidən baxılmalıdır”.

İradə Cavadova
İradə Cavadova

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova Əliməmməd Nuriyevin dedikləri ilə razılaşmayıb. O, bildirib ki, islahatlar Avropa Şurasının təkidi ilə aparılır:

“Keçən il 706 nəfər Vəkillər Kollegiyasına sənəd verib. Testdən 215 nəfər keçib. Keçid balı isə cəmi 60 baldır. Savadı olmayan, sadəcə, təcrübəsi olan nümayəndələr monopoliya yaradırdı. Geoloq, bioloq, “santexnik”, tibb bacısı, “Kamaz” şoferi, “slesar” nümayəndəlik edirdi. Həbsxanadan çıxan şəxs dələduzluq faktını o qədər gözəl mənimsəyir ki, zərərçəkənin hüquqlarını müdafiə edir. İki dəfə boşanan şəxs maklerlik edib nümayəndəlik edir”.

Hüquqşünaslar Emin Abbasov, Ramil Süleymanov, Nizami Bağırov, Səbuhi Axundov, Nemət Ağalarov və başqaları məsələ ilə bağlı fikirlərini bildirib, əlavə və dəyişikliyə etiraz ediblər.

Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova ilə hüquqşünaslar və nümayəndələr arasında mübahisə və fikir ayrılığı yaranıb.

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, Avropa Şurasının Azərbaycandan Nümayəndəlik İnstitutunun ləğv edilməsi kimi tələbi olmayıb.

“Nümayəndəlik ləğv ediləndə tədricən proses vəkillərin hegemonluğuna keçir. Təsəvvür edin ki, Azərbaycanda 10 min nəfərə 1 vəkil düşür. Belə olanda Avropa Şurasının o istiqamətdə təkid göstərməsini inandırıcı informasiya hesab etmirəm”.

Ə.Məmmədli qeyd edib ki, Ali Məhkəmənin qanunvericilik təşəbbüsü ilə çıxış etməsində də Avropa Şurasının tələbi xatırlanmır.

“Əgər İradə Cavadovanın dediyi doğru olsaydı, qanuna dəyişikliklər təklifi birinci dəfə geri qaytarılanda Avropa Şurasının tələbi xatırlanardı. Əslində, İradə Cavadovanın dedikləri real informasiyaya söykənmir, sadəcə, irəliyə atılan uğursuz cəhddir. Amma dəyişikliklər təsdiqlənsə, vətəndaşların məhkəmələrdə müdafiəsiz qalması ilə nəticələnəcək”.

Avropa Şurasının Nümayəndəlik İnstitutunun ləğvi barədə səsləndirdiyi açıqlamanı Meydan TV-yə şərh edən İradə Cavadova xatırladıb ki, Strastburqda 2012-ci ildə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı proqramı” əsasında Avropa Şurası “Şərq Tərəfdaşlığı proqramına qoşulan ölkələrdə hüquqi reformalar” adlı

sənəd

qəbul olundu, hətta İşçi Qrupu da yaradılmışdı.

“Sənədin 25-ci səhifəsində bu barədə qeyd var. Orda Nümayəndəlik İnstitutunun ləğvi nəzərdə tutulur. Hətta sənəddə xatırlanmışdı ki, Gürcüstanda məhkəmə sistemi nümayəndələr institutunun inhisarındadır. Onlar tələb edir ki, Avropa standartlarına görə hətta mülki işlərə də vəkillər çıxmalıdır. Çünki söhbət keyfiyyətli hüquqi yardımdan gedir”.

İradə Cavadova hesab edir ki, Nümayəndəlik İnstitutu olmamalıdır, təmsilçilik fərqli şeydir:

“Təmsilçilik yaxın qohum vətəndaşı məhkəmədə təmsil etməsidir. Bu qalmalıdır, əleyhinə çıxa bilmərəm. Amma hüquqi yardımı isə peşəkarlar etməlidir. Söhbət hüquqşünaslar və qeyri-hüquqşünaslardan gedir. Bir çox qeyri-peşənin sahibləri, savadı, hətta diplomu olmayan, yalnız praktikasından bəhrələnənlər nümayəndə kimi məhkəmə prosesinə qatılıb vətəndaşları aldadırdı”.

Hüquqşünas Xalid Bağırov
Hüquqşünas Xalid Bağırov

Vəkil Xalid Bağırov bildirib ki, hökumət vəkillik institutunu gücləndirsə, İradə Cavadovanın dediyi qeyri-peşəkarlar bu istiqamətə yaxın durmayacaqlar.

“Geoloqun, slesarın, bioloqun Vəkilər Kollegiyasının üzvü olması institutun inkişafdan qalmasının təzahürüdür. Vacib məsələ vəkillik institutunu inkişafıdır, əgər bu olsa, avtomatik bu problemlər aradan qalxacaq”.

Vəkil İntiqam Əliyev isə öz növbəsində deyir ki, Avropa Şurası nümayəndəlik institutunun ləğvini təkid etmirlər.

“Sadəcə, deyirlər ki, vəkilliklə vəkillər məşğul olmalıdır”.

Məhkəmələrdə nümayəndəlik institutunun ləğvini nəzərdə tutan dəyişikliklər parlamentin oktyabrın 31-də plenar iclasında qəbul edilib.

Praktik hüquqşünaslar birliyi buna etiraz əlaməti olaraq noyabrın 18-də “Məhsul” stadionunda mitinq keçirəcəklərini bəyan ediblər və prezident İlham Əliyevə müraciət edərək, həmin dəyişikliklərin qüvvəyə minməməsindən ötrü, qanunu imzalamamağı xahiş ediblər.

Ana səhifəXəbərlərƏliməmməd Nuriyev: Hüquqi yardım Vəkillər Kollegiyasının monopoliyasına verilir