Ukraynada, sanatoriyada müalicə aldığım vaxt bir hadisənin şahidi olmuşdum. Əlil arabasında oturmuş 30-35 yaşında bir oğlan sanatoriyanın həyətindən keçən bir qızın arxasına yüngün sillə çəkmişdi. Qız dönüb, oğlanın üzünə möhkəm bir sillə vurdu. Qızın nişanlısı da yanında idi. Oğlanın sinəsindən tutub, boğmağa başladı. Ukraynalı oğlan qorxusundan az qala ağlamaq istəyirdi. Ətrafdakı insanlar gəlib, onları ayırmağa başladı. Qızın nişanlısına dedilər ki, bu oğlan əlil arabasında oturub, ona güzəştə getsin. Qız isə ona sataşan əlilin ağlının başında olduğunu dedi. Dedi ki, əlil arabası onun hərəkətlərini məhdudlaşdırıb, daha ağlını yox. Həmin qız sırf kənardakı insanlar xahiş elədiyi üçün oğlanı polisə vermədi…
Bu hadisə Ukraynada baş vermişdi…
Hər gün ölkəmizdə ictimai yerlərdə, nəqliyyatda, küçədə, məhlədə, bir sözlə, hər yerdə qız-gəlinlərə söz atan, sürtünən kişilərlə rastlaşmaq mümkündür. Təəssüf ki, onların qarşısını almaq üçün heç bir maarifləndirici və ya qanuni addım atılmır.
ABŞ-da yaşayan bir tanışım deyir ki, yaşadığı ştatda küçədə qıza hansısa oğlan sataşsa, bu, qızın xoşuna gəlmirsə, özünü müdafiə üçün qanuni gəzdirdiyi silah ilə ona atəş aça bilər. Məhkəmə qıza bəraət qazandırır. Bu qanun qüvvədə olduğu üçün, demək olar ki, heç kəs belə risk edib, qızlara sataşmır. Bu qanun Azərbaycanda da qüvvəyə minsə, ölkəmizi geriyə aparan xeyli parazitlərdən qurtulmuş olarıq. Bilirəm, fikirlərim qeyri-humanist görünür. Amma onillər boyu manqurtlaşmış bir zümrəni oyatmaq üçün ona qarşı müəyyən radikal addımlar atmaq vacibdir.
Təbii ki, mənimlə razılaşmayanlar olacaq. Hətta məni vəhşilikdə qınayanlar da tapılacaq. Amma sizi əmin edirəm ki, hökümət bu işi sırf millətə görk olması üçün aktyorlar vasitəsi ilə də edə bilər. Xüsusi olaraq,hər şey hesablanmış səhnə yarada bilərlər. Küçədə qıza sataşan 3-4 oğlanı qızlar güllələyib, xəstəxanalıq edər. Təhlükəsizlik kamerasına düşmüş bu kadrları gecə-gündüz televiziyalarımız millətə çatdırar, qızlara da məhkəmə guya bəraət verər. Bununla da həmin seksual manyaklar, görməmişlər elə qorxar ki, evlərinin içində, televiziyadakı qızlara belə söz atmağa qorxarlar. Əmin olun, bu, işə yarayar.
Dəfələrlə qızlara söz atdıqları üçün yaxın qohum və tanışlarımla dalaşmışam. Elələri var ki, nə qədər başa salsam da, qanmazlığına veriblər. Bəziləri bu gün mənimlə həmin məsələlərə görə danışmırlar. Belə tanışların içərisində elələri var ki, onlar “vorzakon” dünyasının fəlsəfəsi ilə nəfəs alıb-verirlər. Onlara başa salıram ki, qıza-gəlinə sataşmaq olmaz. Hətta bu sizin “varavskoy” fəlsəfənizə ziddir. Çünki adlı-sanlı lotuların hamısı sözün əsl mənasında millətin qız, gəlininin qeyrətinin təəssübkeşləri olub və bu prinsipə zidd olanları həmişə cəzalandırıblar.
Bu yaxında “vorzakon” fəlsəfəsini yaşadan bir gənc tanışıma başa salırdım ki, qadınlara sataşmaq çox pis şeydir. O, isə özünə hakim ola bilmədiyini söylədi və bundan zövq aldığını dedi. Mən qaqaşa sual verdim ki, bəs sataşdığın həmin qız-gəlin səni təhqir edib, söysə…Sən necə götürürsən o söyüş, təhqiri? Dedi ki, “bizim “aləmdə” qız-gəlinin söyüşünün təsiri yoxdur”. Əcəb “aləmləri” var. Bax, budur manqurtlaşmış Azərbaycan gəncliyi. Əllərinə kitab almaq əvəzinə, təsbeh alan, insan ruhuna müsbət təsir edən klassik musiqiyə qulaq asmaqdan, üzeyirin, balabəyin musiqilərinə qulaq asan, insan düşüncəsini artıran dünya filmləri izləmək əvəzinə, porno izləyən, sosial şəbəkələrdə xəbərlərdən faydalanıb, müzakirələrlə sosiallaşmaq əvəzinə manqurtlaşmış oğlan gəncliyimiz.
Bakıda reabilitasiya mərkəzində dəfələrlə birlikdə müalicə aldığım bir oğlan var, onun ürəyi gedir qızlara girişmək üçün. Qızlara yaxınlaşmaqda xüsusi bir metodu var. Əlil arabasından istifadə etdiyi üçün, ”yazıq” görkəm alır və reabilitasiya mərkəzinə gələn qızların neçəsi ilə tanış olur. Qızlarla salamlaşandan sonra, “işi” təsirli etmək üçün dramatizmə əl atır, qızlara keçirtdiyi qəzadan danışır. Nəticədə qızların gözü dolur, həmin oğlanın isə telefonda qız nömrələrinin siyahısına əlavə bir ad daxil olur. Bir dəfə də həmin metodla bir qıza yaxınlaşmışdı, qız əsəbiləşib az qala əl çantasını həmin oğlanın başına vuracaqdı. O, Ukraynadakı qız kimi dedi ki, “nə olsun ki əlil arabasındasan, başındakı ağlın var. Ağlını başına yığ”.
Allah ağlımızı başımızdan almasın.
Bu yazını oxuyan şəxslər bilib, əmin olsunlar ki, sivil bir cəmiyyət olmağımız üçün gərək mədəniyyətimiz ola. Mədəniyyətimizi isə qaynaqlandıran ancaq kitablar ola bilər. Kitab oxuyanlar həmişə televizora baxanları idarə edəcəklər. İdarə olunanlardan olmayaq!