”Kommunal xərclərimizin dövlət tərəfindən ödənilməsini istəyirik”
İyunun 6-da 30-a yaxın əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında aksiya keçirib.
Bu barədə Meydan TV-yə Zaur Hacılı məlumat verib. O, etirazlarına səbəb kimi müavinətlərinin azlığını göstərib:
“Dövlətin bizə verdiyi təqaüd çox azdır. Kommunal və tibbi xərclərimiz isə çoxdur. Aldığımız təqaüd bunlara yetmir. Odur ki, kommunal xərclərimizin dövlət tərəfindən ödənilməsini istəyirik. Dinc aksiyamızın səbəbi budur”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əlilliyin təyinatı, əlillərin tibbi-sosial reabilitasiyası, əlillərin sosial müdafiəsi məsələləri üzrə müavini Natiq Məmmədov aksiya iştirakçılarını qəbul edib. Onlara nazirin hazırda ezamiyyətdə olduğunu, gələn həftə gəlmələrini söyləyib:
“Media nümayəndələri içəri buraxılmadı. Hətta bizə “mediaya niyə xəbər vermisiniz?”, – dedilər. Tələbimizlə bağlı isə hər hansı cavab ala bilmədik”, – aksiya iştirakçılarından bir nəfərin sözləridir.
Məsələyə hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
I, II və III qruplara ayrılan əlilliyi olan insanlara verilən sosial müavinətin həcmi qruplar üzrə dəyişir. I qrupa 77 manat, II qrupa 56 manat, III qrup əlilliyi olan şəxslərə isə 40 manat məbləğində təqaüd verilir.
Daim dərmana və xüsusi qayğıya ehtiyacı olan aksiya iştirakçıları deyirlər ki, bu, onların gündəlik məsrəflərini ödəmir.