Əlillərlə bağlı yeni fərman – yeni diskriminasiya

Əlillər müavinətlərin artırılacağı ilə bağlı hökümətdən çoxdandır ki, müsbət addım atılmasını istəyirlər. Ölkə başçısı yeni fərmanla yanlız I qrup əlillərə prezident təqaüdü təyin etsə də, onların heç də hamısı bundan yararlana bilməyəcək.

Source:
OLYMPUS DIGITAL CAMERA
OLYMPUS DIGITAL CAMERA


Əlillər müavinətlərin artırılacağı ilə bağlı hökümətdən çoxdandır ki, müsbət addım atılmasını istəyirlər. Ölkə başçısı yeni fərmanla yanlız I qrup əlillərə prezident təqaüdü təyin etsə də, onların heç də hamısı bundan yararlana bilməyəcək.

“Prezidentin yeni fərmanı mənim kimi əllilərə aid edilməyib, halbu ki, biz də pis yaşayırıq. Əlillərin problemlərida son günlər bu qədər gündəmə gəldi, nəticəsi isə nə oldu? Cəmi 60 manat təqaüd, o da yalnız sosial müavinət alan birinci qrup əlillərə veriləcək” – deyən Sevda Səfərəliyeva da birinci qrup əlildir. O əlillərə təqaüd ayrılması ilə bağlı prezindentin son fərmanının ədalətsiz olmasına etiraz edir.

Yeni fərmanla bütün Qarabağ müharibəsi əlillərinə və sosial müavinət alan I qrup əlillərə apreldən 60 manat prezident təqaüdü veriləcək. Sosial müavinət alan əlillərin kateqoriyası isə belə müəyyən edilib – ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlil olanlar.


“Bu əlillərə qarşı diskriminasiyadır”

Hazırda ölkədə I, II və III qruplara ayrılan əlillərə verilən sosial müavinətin həcmi qruplar üzrə dəyişir ki, bu da I qrup əlillərinə 77 manat, II qrup əlillərinə 56 manat, III qrup əlillərinə isə 40 manat məbləğində müəyyən edilib. Bu isə daim dərmana və xüsusi qayğıya ehtiyacı olan əlillərin gündəlik məsrəflərini ödəmir. Yalnız I qrup sosial müavinət alan əlillərə apreldən veriləcək 60 manat təqaüdü də çətin ki, yaralara məlhəm saymaq mümkün olsun.

“Prezident təqaüdü müharibə əlillərinin bütün qrupları üçün təyin edilsə də səbəbdən əlilliyi olan insanların yalnız I qrupu üçün prezident təqaüdü təyin edilib. Bu halı əlilliyi olan insanlara qarşı diskriminasiya hesab edirəm. Üstəlik də fərmanın məzmununda yazılıb ki, bu təqaüd sosial müavinət alan I qruplara veriləcək. Halbuki, prezident təqaüdü müharibə əlillərinin bütün kateqoriyalarına (əmək pensiyası və sosial müavinət almalarından asılı olmayaraq) verilir. Məsələn, mən birinci qrup əlil olsam da, bu artımdan kənarda qalacam, çünki əmək pensiyası alıram, sosial müavinət yox. Bununla bağlı heç bir izahat verilmədi”.


“110 manata nə alasan?”

Dövlət qulluğunda işə düzəldiyi üçün anonim qalmasını istəyən Fərman adlı II qrup əlil isə bu artımın II və III qruplardan yan ötməsinin anlaşılmaz olduğunu deyir.

“Təqaüdün mənə dəxli olmadı. Mənim pensiyam 110 manatdır. Təhsilli olduğuma görə mənə nisbətən yüksək pensiya düşür. Keçmiş qanunla diplom nəzərə alınırdı və buna görə pensiyam yüksək oldu, ancaq indiki qanunla diplom da nəzərə alınmır. Birbaşa staj tələb olunur. Mənə görə 110 manat simvolik bir məbləğdir. Onunla nə isə almaq qeyri-mümkündür. Bizə heç bir güzəşt yoxdu. Bəzi xəstəliklərə dərman verilir, məsələn, şəkərli diabet kimi. Ümumilikdə əlillər təbəqəsinə güzəştlər ləğv olunub”.


“Biz əlilləri hamı unudub”

Fərman əlillərin mövcüdlüğünün bir növ cəmiyyətdə unudulduğunu deyir və onlara hər hansı bir imkan yaradılmamasından giləylənir:

“Bizim infrastruktur problemimiz var. Adi pandüslər yoxdur. Şəhərə çıxa bilmirik, avtobuslara minə bilmirik, heç yerdə bizi nəzərə alan yoxdur.  Bu, bizim birinci problemimizdir. Üstəlik pensiyalarımız çox az olduğundan normal qidalana, müalicə də oluna bilmirik bilmirik”.

Yasamal rayon əlillər təşkilatının sədri Təranə Şövkət əlillərlə bağlı məsələdə II qrupların da müavinətlərin artırılmasına ehtiyac olduğunu deyir:

“III qrup işləyə, özünü idarə edə bilir. Onlarda xəstəliyin dərəcəsi cüzi olur. Ancaq II qruplarla bağlı məsələyə baxılmalıdır. 1994-cü ildə Nazirlər Kabinetinin 185 saylı qərarı vardı. Həmin qərara əsasən I və II qrup əlillərin əmək haqqının üstünə əmək kollektivinin razılığı ilə 20-25 faiz əlavə ödəniş ola bilərdi. Bunu iş yerlərində danışmaq olar”.

T.Şövkət deyir ki, bu gün II qrup əlillər yalnız Dövlət Sosial Müdafiə Fondunda əmək stajı olduğu halda 100 manatdan yuxarı pensiya ala bilir:

“Mən də II qrup əliləm. Əmək stajına görə 160 manat pensiya alıram. Tamam işləməyənlər müavinət alır. II qrup 50 manat, III qrup isə 40 manat alır. II qrupun içində ruhi xəstə olan insanlar var ki, onların da əlavə təminata, qayğıya ehtiyacı var”.


Neft pullarının gətirdiyi disproporsiya

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, indiki situasiyada hökumətin əlillərlə bağlı problemə bu cür yanaşması doğru deyil:

“Ölkəyə neft pulları gələnə qədər məmurlarla sosial sitemdə çalışan işçilər bir-birinə yaxın əmək haqqı alırdı. Neft pullarından sonra böyük disproporsiya başladı. Nəticədə bugünkü vəziyyət yarandı. Dövlət idarəetməsində, hüquq-mühafizə sistemində alınan əmək haqqı ilə sosial sferada çalışanların əmək haqqları arasında az qala 10 dəfə fərq yarandı. Sosial siyasətdə bu yanaşma kobud səhvdir. Normal ölkələrdə balanslı tarazlaşdırılmış siyasət aparılır”.

Ekspertin fikrincə, əlillərin müavinətləri artırılmalıdır. Onların ehtiyacları daha çoxdur. Ancaq burada vacib məsələ – yaşayış minumumu obyektiv hesblanmalıdır.

“O məntiqlə pensiyaçıların da xərci çox olur. Hökumət minumum sosial normativlərə və orta, yüksək sosial standartlara uyğun siyasət qurmalıdır. Bu siyasətin mahiyyəti ondan ibarətdir ki, yaşyış minimumu düzgün hesablanmalıdır. Bəzi rəsmi şəxslər də etiraf edirlər ki, bu gün Azərbaycanda yaşayış minimumu, onun tərkibi, normativlərə yenidən baxılmalıdır. Bizdə nəzərdə tutulan ərzaq səbətinin strukturu, normativləri üçüncü dünya ölkələri səviyyədsindədir. Bizdə bir nəfər üçün hökumət orta hesabla il ərzində 26 kiloqram ət nəzərdə tutur. Bu da ayda 2 kiloqramdan artıq edir. Qonşu Qazaxıstanda minimum 40 kiloqram, Rusiyada 38 kiloqramdır. Ümumdünya Səhiyyə Təşkilatı optimal norma kimi ət istehlakını illik 70 kiloqrama yaxın götürür. Eyni qaydada da yumurta, yağ, balıq, bu tip vacib normalar qonşu ölkələrdən əhəmiyyətli dərəcədə geri qalır” – deyir ekspert.

Hazırda ölkədə yaşayış minumumu 125 manatdır. R.Ağayev bildirir ki, bütün dünyada hökumətlər pensiyaların, müavinətlərin minimum həddini müəyyənləşdirməzdən öncə, yaşayışın minimum həddini obyektiv şəkildə hesablayırlar.


Bəs əlil uşaqlar?

Təranə Şövkət fərmandan sonra açıq qalan bir məsələyə də toxundu. Bu da əlil uşaqlarla bağlıdır. Onun sözlərinə görə 18 yaşadək qrupları təyin olunmayan uşaqlara yəqin ki, prezident təqaüdü veriləcək:

“Uşaqların vəziyyəti yaxşı deyil. Digər ağrılı bir məsələ isə ildən ilə uşaqlar arasında əlilliyin sayının artmasıdır. Hazırda 63 minə qədər əlil uşağımız var. Bu uşaqlarının sayının niyə artması araşdırılmalıdır. Müavinətlər vacibdirsə, onların sağlamlığı da vacibdir. Hökumət bu sahədə həyəcan təbili çalmalıdır”.

İqtisadçı ekspert Rövşən Ağayev təşkilatlarının alternativ hesablama apararaq ölkədə minumum yaşayış normasını müəyyənləşdirdiyini də söylədi. Onun sözlərinə görə, bu gün minumum yaşayış həddi 180-200 manatdan az olmamalıdır:

“Bir qrupun alacağı məbləğ artırılır, ancaq başqa qruplar qalır. Müharibə əlilləri ümumi əlillərin içərisində neçə fazidir? Hökumət özü deyir ki,  hardasa 2 milyona qədər pensiyaçı, müavinət alan insan var. Son fərmandan sonra artım nə qədər insanı əhatə edəcək? Yerdə nə qədər insan qalır? Burda kompleks şəkildə yanaşma olmalıdır. Siyasət bunun üzərindıə qurulmalıdır. Qruplara fərdi yanaşma ola bilər, ancaq ədalətli olmalıdır. Hər kəsin dövlət büdcəsindən eyni şəkildə minumum yaşayışa təminat verən məbləği almaq haqqını hökumət tanımalıdır”.

Ana səhifəXəbərlərƏlillərlə bağlı yeni fərman – yeni diskriminasiya