Əlillərin seksual həyatı

Dedi ki: “Mənə saglam kişi lazımdı. Mən seksual həyatımı yaşamaq istəyirəm…”

Source:

Ukraynada müalicə alırdım. Əlil arabasında idim. Həkimim orta yaşlı qadın idi. Bir dəfə o, mənə fəal intim əlaqədə olmağı məsləhət gördü. Dedi ki, tez-tez qızlarla kinoteatra gedim. Ünsiyyət yaradım, intim həyatımı dondurmayım. Dedi ki, intim həyat olduqca vacibdir, həm fiziki, həm psixoloji bir çox xeyirləri var. Ürəyimdə zarafatyana fikirləşdim ki, gör, bu qadının cavanlıqda kinoteatrda nə günləri olub?!

Mən Azərbaycanlı həkimlərdən heç vaxt buna oxşar məsləhət eşitmədim. Bizdəki reabilitasiya mərkəzlərində olduğum müddətdə, heç bir həkim intim həyatım barədə maraqlanmadı. Bu bir yana, heç  tam işlədə bilmədiyim ayaqlarımla da normal maraqlanmırlar. Halbuki, qonşu İrandan tutmuş, sivil ölkələrə qədər hər yerdə əlillər müalicə alanda, həkimlər ölmüş sinirlərin yenidən oyanması üçün intim əlaqənin və seksual həyatın vacib olduğunu deyirlər. Xəstələrə xabardarlıq edir, məsləhətlərini verirlər.

Bizdə isə…Həkimlərdən tutmuş, sadə insanlara qədər hamı əlillərin sevgi həyatına, seksual əlaqələrinə, hətta ailə həyatı qurmağına dırnaqarası və istehza ilə baxır.

Keçirtdiyim qəzadan sonra anası məni sevdiyim qızdan ayırdı. Guya bundan sonra uşağım olmayacaqdı. Təəccüblü deyil, hətta savadlı insanların çoxu elə düşünür ki, əlil insanların seksual potensialı da məhduddur. Halbuki, heç də belə deyil. Bir çox hallarda, əlilliyin seksual fəallığa heç bir dəxli olmur.

Azərbaycanda isə əksəriyyət əksini düşünür. Əlil insanı sevib, ailə qurmaq istəyən insanlara xəbərdarlıq edirlər ki, “sizin uşağınız olmayacaq”.

Bir əlil oğlan var, qəza keçirdəndən sonra əlil arabasında oturmağa məhkum olub, arvadı ondan o dəqiqə, elə qəzadan bir neçə gün sonra ayrıldı. Oglanın sağalmağını gözləmədən dedi:

– Mənə saglam kişi lazımdı. Mən seksual həyatımı yaşamaq istəyirəm…

Əlillərin də seksual həyat yaşaya biləcəyini və yaşamalı olduğunu ağlına sığışdırmayacaq qədər dar və geri təfəkkürlü cəmiyyət…

Sivil ölkələrdə əlillər seksual partnyor, sevgili tapmayanda, xüsusi seksual surroqatlara müraciət edirlər. Bu işin fahişəliyə heç bir dəxli yoxdur. Bununla məşğul olanlar sağlam şəxslərdir və bu fədakar peşədən zövq alırlar.

 Fədakar bir qız tanıyıram. Toyuna üç gün qalmış, nişanlısının ağır qəza keçirdi. Oğlan yataqda uzamağa məhkum olmuşdu. Qız heç kimə qulaq asmadı. Elə xəstəxanada oğlanla kəbin kəsdirib, evləndi. O qızın sədaqəti, sevgisi və onu mübarizəyə ruhlandırması  sayəsində oğlan indi çəliklə gəzə bilir. Oğlan deyir ki, çəliyi də atacam və doğulacaq uşağımız böyünəndə ona deyəcəm ki, bu gün mən anan sayəsində ayaqdayam.

Əlil arabasına məhkum bir oğlan da tanıyıram. Sevdiyi qızla evlənmək istəyir. Qız valideynlərini yola gətirib. Amma qohumlar, tanışlar qıza təsir göstərməyə çalışır. Evlilikdən vaz keçməsini məsləhət görürlər. Qohumlarında bir Hacıxanım var. Müəllimədir, o deyir ki: “Neynirsən o, şikəstə ərə gedib, özünü bədbəxt edirsən”. Çoxları ona deyir ki  “uşağınız olmayacaq”.

Bir əlil tanışım da var, sevdiyi qızla ailə həyatı qurmaq istəyirdi. Qızın anası razı olmadı. Oğlan qızla gizli nikaha girdi. Qadın yenə əl çəkmədi. Oğlanın evinə gedib, oğlanın valideynlərinin gözündən salmaq üçün, öz qızına min-bir ləkə yaxdı. Sonra polisə müraciət etdi. Polis işin qanuni olduğunu görəndən sonra işə qarışmadı. Anası qıza nə etdisə, axırda həmin oğlandan ayırdı.

Statistikaya görə, Azərbaycanda 500 000 dən çox adam sonsuzluqdan əziyyət çəkir. Bunların 70 faizdən çoxu kişilərdir. Təbii ki, bu çox pis haldır. Amma bundan da pis hal, cəmiyyətin böyük bir hissəsinin düşüncə cəhətdən sonsuz olmasıdır.

Cəmiyyətin ümumi düşüncəsini qaldırmaq üçün Viaqra effekti lazımdır. Lakin Viaqra effektinin qarşısını irinləmiş cahillik kəsir. İntim həyatda durğunluğun qarşısını almaq üçün fəal cinsi əlaqə lazım olduğu kimi, ağıl və düşüncədəki durğunluğu aradan götürmək üçün, kitab oxumaq, maariflənmək lazımdır.

Sevgi əngəl tanımır. Ağlı başənda olan bir əlillə ailə həyatı qurmaqdan çəkinməyin. Məhz sizin bu fədakarlığınız və sevginiz o əlilin sağalmağına, sağalmasa da, çox xoşbəxt olmağına vəsilə ola bilər. Bir əlilə “sənin uşağın olmayacaq” damğasını vurmamışdan qabaq,  iddianızın nə qədər yalnış olduğunu öyrənmək üçün internetdə, kitablarda araşdırma aparın. Unutmayın, dırnaqarası baxdığınız əlilin yerində siz də ola bilərsiniz.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəƏlillərin seksual həyatı