”Əlillərin binası satılır”

“18 ildir kirayədə yaşayıram. Son 8 ayın pulunu verə bilmirəm. Ev yiyəsi də bu uşaqlara görə heç nə demir. Mən burdan çıxım hara gedim? Kimin üstünə gedim?” Bu sözləri Yeganə Səlimova deyir. Onun övladlarından ikisi əlildir. Uzun illərdir ki, ev növbəsindədir. Etdiyi müraciətlərə və şikayətlərə baxmayaraq, hələ də ev ala bilməyib:

“10 ildir gedib-gəlirik, axır ki, 2012-ci ildə bizi növbəyə götürüblər. O vaxtdan bu vaxta dəfələrlə getsək də, icra hakimiyyəti bizi qəbul etməyib. İlboyu Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ya səfərdə olur, ya hansısa tədbirdə, ya da bilərəkdən otağında oturub bizi qəbul etmir”.

Yeganə xanımın sözlərinə görə, əlillər üçün tikilən binalar əlil və əlil olmayan insanlara satılır:

“Əlillər üçün nəzərdə tutulan binada yaşayanların bəziləri bizdən sonra növbəyə duranlardır, bəziləri bizdən əvvəl, bəziləri isə, ümumiyyətlə, nə növbədə olublar, nə də əlillikləri var”.

O, bu movzuyla əlaqədar şikayətlər etdiyinə və mediaya danışdığına görə hədələndiyini də deyir:

“İcra hakimiyyətindən zəng etdilər, çağırıb dedilər: “Niyə yazırsıniz? Niyə uşağın adını indidən qara dəftərə salırsınız?” Belə çıxır ki, haqqımızı tələb ediriksə, “qara siyahı”ya düşmüş oluruq. Rekert kimi danışırlar, sanki uşağın üstünə ya maşın sürəcəklər, ya da avtomatla vuracaqlar. Mən əziyyətlə uşaq böyütməmişəm ki, hansısa məmur çağırıb mənim uşağıma hədə gəlsin. Dedim, əgər uşağa bir şey olsa, cavabdeh siz olacaqsınız. Mən hədədən qorxan adam deyiləm. Hamı Allaha bir can borcludur”.


Nərimanov rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirildi ki, hələlik əlillər üçün hər hansı bina istifadəyə verilmir. Belə bir imkan yarandıqda növbədə olan bütün vətəndaşlar mənzillə təmin ediləcəklər.

Ana səhifəVideo”Əlillərin binası satılır”