Əlilik dərəcəsi almağın əngəlləri (VİDEO)

Vasif Adıgözəlov- bir neçə ay əvvələ qədər fiziki cəhətdən hamı kimi sağlam olub. Lakin bir müddət əvvəl yaşadığı qorxunc qəza onun bütün həyatını dəyişib.

Bacısı Aybəniz Musayeva deyir ki, qardaşı 7 ay əvvəl Qəbələ rayonunda avtoqəzaya düşüb:

“ Təxminən 2 ay komada qaldı. Sonra ayıldı. 2 yaşında bir oğlu var, biri də təzə olub. Yoldaşı 1 həftə qardaşımın yanında qaldı, sonra dedi ki, məndən inciməyin  mən gedirəm. Əslində qəza qardaşımın  maşınında olsa da,  sükan arxasında gəlinimizin əmisioğlu olub . Amma bunu heç kimə sübut edə bilmədik. Heç indi bunu sübut etməyin bizim üçün əhəmiyyəti də yoxdur”.

İndi Adıgözəlovlar ailəsini düşündürən  yalnız Vasif üçün masajçı tapa bilmək və onun üçün fiziki məhdudiyyətli olmasına dair arayış ala bilməkdir: “Amma bizə arayış vermirlər. 8 nömrəli poliklinika bizi  saylı 2 saylıruhi-əsəb xəstəxanasına göndərdi. Amma vallah, ora mən gedib baxdım. Adam orada necə yaşayar? Ürəyim gəlmədi qardaşımı orada qoymağa. Mən ondan imtina etmirəm. Mən onun sağalmasını istəyirəm. Hətta prezidentə də məktub yazdıq. SN də poliklinikaya müraciət etdi. Amma bizə nə masajçı verən oldu, nə də əlillik haqqında arayış”.

Vasifin anası deyir ki, oğlu qəzaya düşəndən sonra onun müalicəsi üçün bankdan pul götürüb. Hazırda isə bütün pensiyasını banka ödəyir. Maddi vəziyyətləri yaxşı olmadığından oğlunu həkiməgöstərib, onun yekun diaqnozunu da öyrənə  bilməyib: “Oğlum yaxşı uşaq idi. Santexnik işləyirdi. Hamıya hörmət  edirdi. Hamı onun xətrini istəyirdi. Qazanıb, gətirən bircə o idi. O da belə oldu. Yoldaşım da yoxdur. Vallah, vəziyyətim çox pisdir”.

Məsələ ilə bağlı Meydan Tv-yə açıqlamasında 8 saylı şəhər poliklinikasının baş həkimi Tamella Kərimova bildirib  ki, onlar  xəstə Vasif Adıgözəlov üçün əllərindən gələni ediblər:

“Onu Sabunçuda 3 saylı xəstəxanaya, daha sonra 2 saylı ruhi- əsəb dispanserinə göndərmişik.  Nə bizdən asılıdırsa, biz onu etmişik. Nazirlər Kabinetinin qərarları var.  O qərara  görə, biz 6 ay ərzində onun xəstəliyinin dinamikasını izləməliyik. Bu dinamika stabil vaxta çatsa, o zaman xəstə üçün forma doldurub,  onu fitekə göndərməkdən söhbət gedə bilər”.

Həkimin sözlərinə görə, istənilən halda, xəstə 2 saylı ruhi-əsəb dispanserində yatmalıdır. Onun ailəsinin masajçı tələbinə gəlincə, baş həkim bu tələbi yalnız bir halda təmin edə biləcəyini deyib:

“Poliklinikanın 3 masajçısı var və onların hər üçü gözdən birinci qrup məhdudiyyəti olan insanlardır. Mən onları küçəyə necə göndərim? Sabah o masajçıların başına bir iş gəlsə, mən cavabdeh olacam. Vasifin bacıları var. Onlar maşın gətirsinlər, hər gün masajçıları işdən evə aparıb, təzədən işə qaytarsınlar. Bu halda, biz ona masajçı ayıra bilərik”.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirli də Meydan Tv-yə  baş həkimin sözlərini təsdiqləyib:“Bu xəstə əlillik dərəcəsi almaq istəyirsə, o, mütləq xəstəxanada uzunmüddətli kurs keçməlidir. Keçməsə, ona əlillik dərəcəsi verilməyəcək. Masajçı məsələsini isə, araşdırarıq və o xəstəyə masajçı ayrılmasını təmin edərik”.

Ana səhifəVideoƏlilik dərəcəsi almağın əngəlləri (VİDEO)