Əlil qızların taleyi…

O, da sevə, sevişə bilər. Onun da buna haqqı var. O da bunu istəyir.

Source:

Əlil arabasında oturmağa məhkum bir qız tanışım var. Sevdiyi oğlanla yatıb, bakirəliyini itirəndən sonra, oğlan heç bir səbəb demədən qızdan ayrıldı.  Qız onu sevirdi və çox güvənirdi. Qıza evlənmək vədi vermişdi. Oğlan tam sağlam idi. Amma  əlilliyi olan bir qızın hissləri ilə oynayıb, ondan istifadə edib, aradan çıxdı. Qız bərk depresiyaya düşmüşdü. Hətta intihar etmək istəyirdi. İndi dostların mənəvi dəstəyi ilə qız yavaş-yavaş özünə gəlməyə çalışır.

Əslində, bu hal ölkəmizdə bir çox qızın başına gəlir. Elə bir ölkədə ki, insanıarənən dilindən “şərəf”, “qeyrət” sözləri düşmür. Sutkanın on saatını “məhlə” təfəkkürlü tanışları ilə “qeyrət-namus” himnləri oxuyan oğlancıqlar kənarda başqalarının namusuna dil uzadır. Küçələrdə, ictimai nəqliyyatda qızlara ən çox sataşanlar belə “namus-qeyrət” dağarcıqlarıdı.

Ölkəmizdə hər sahədə problem var. Amma ən çox hüququ pozulan qadınlardır. Faktiki olaraq əlilliyi olan qızlarımız, əlil oğlanlardan daha çox problemlərlə qarşılaşırlar. Sağlam adamları belə öz axmaq, yazıq baxışlarıyla, iyrənc tənə və damğaları ilə kompleksə salan, geridə qalmış cəmiyyətimiz əlilləri ev dustağına çevirir. Həmin xüsusiyyətləri özündə daşıyan cəmiyyətin naqis oğlan üzvləri ictimai yerdəki əlil qızı elə baxışları elə kompleksə salırsa, burda hansı sevginin yaranmasından söhbət gedə bilər? Bu fikri ona görə vurğulayıram ki, əlilliyə görə cüzi pensiya alan, o pulla bir-iki dəfə taksiylə şəhərin mərkəzinə və ya ictimai yerlərə çıxan əlil insan belə az müddətdə necə və hansı halda kiminləsə tanış olub, münasibət yaradıb, ailə həyatı qura bilər?

Bu çətin sual çoxunuzu düşündürməlidi. Bəlkə bundan sonra əlil arabasında insan görəndə, ona yazıq kimi baxmazsınız. Bəlkə anlaya biləsiniz ki, əlil arabasında oturan insanın da hissləri var. O, da sevə, sevişə bilər. Onun da buna haqqı var. O da bunu istəyir. Sizin kimi insanların sayəsində çölə-bayıra çıxmaqdan imtina edir, psixoloji sarsıntı yaşayıb, özünə qapanır əlillər.

Azərbaycanda əlilliyi olan qızlar, əlilliyi olan oğlanlardan daha fəaldılar və faydalı işlərlə daha çox məşğuldular. Çox az qismi, internet vasitəsi ilə  özünə iş qurub pul qazanan əlilliyi olan oğlanlar var. Amma əlil oğlanların 90 %-i internetdə yalnız vaxt öldürür. Onlar eyni aqibəti yaşayan qızlardan passivdilər. Qızlarımızın bir çoxu isə tikiş-toxuma ilə məşğul olur, bunları sərgilərdə və ya digər yerlərdə satmaqla məşğul olurlar. Əlil arabasında oturan qızı adi insandan ayırmamalıyıq, bəli. Ona tam sağlam, ayaq üstə olan bir qız kimi baxmalıyıq. Amma onların fiziki məhdudiyyətlərindən istifadə edib, onlara pis məqsədlərlə yaxınlaşmaq ən şərəfsiz xüsusiyyətlərdəndir.

Bir neçə il əvvəl hökumət xətti ilə Ukraynada müalicə alanda bir hadisə baş vermişdi. Əlil arabasında oturmağa məhkum bir qız hansəsa fziki məhdudiyyəti olan, amma ayaq üstə gəzə bilən bir azərbaycanlı oğlanın iyrənc əməlinin qurbanı olmuşdu. Həmin oğlan, əlil arabasında oturan qəşəng qızın həm əllərindəki, həm danışığındakı məhdudiyyətindən istifadə edib onu parkın bir küncünə aparıb, məcbur şəkildə öpübmüş. Yazıq qız heç bir müqavimət göstərə bilmir. Qız bunu daha sonra sanatoriyada, otaq yoldaşına, əlilliyi olan qıza ağlaya-ağlaya danışır.Qız da bu hadisəni qrupdakı başqa oğlanlara deyir. Əlil arabasında oturan azərbaycanlı oğlanlar həmin bişərəf oğlanı kənar bir yerə çağırıb, döymüşdülər.

 Bir çox insanlar da riyakardırlar. Deyirlər ki, biz ayaq üstə və tam sağlam olsaq da, bizim üçün sevgi əngəl tanımır. Yəni, əlil arabasında oturan bir insana simpatiyamız yaransa, heç bir çətinliyə baxmayaraq, onu sevib ailə qura bilərik. Bu sözləri söyləyənlərin 90 faizi çətinliklərdən qorxan, dildə pəhləvan, əməldə tənbəl, xaraktercə zəif insanlardır.

Ölkəmizdəki tam sağlıqlı, yeriyən qızlarımız yüzlərlə problemlərlə qarşılaşır evllik həyatında. Qayınana və qayınatanın kənar müdaxilələri, sosial-psixoloji problemlər qızlarımız üçün böyük əngəllər törədir. Vay o gündən ki, tam sağlam oğlan əlil qızı sevib, ailə qurmaq istəsin. O oğlanın valideynləri, qohum-əqrabası şoka düşürlər. Bu işin reallaşmasını fəlakətə, zəlzələyə bənzədirlər.

Əlil arabasına məhkum bir qız tanışım var, tam sağlam bir oğlan ilə ailə həyatı qurdu. Valideynləri oğlandan imtina etdi. Qızın hətta əlində fiziki məhdudiyyələr olduğundan oğlan onun bir çox işlərini özü görür. Evdəki infrastrukturu qıza uyğun düzəldib. Başqa bir fiziki məhdudiyyəti olan qadın tanıyıram. Tam sağlam yoldaşı onun kaprizlərinə səbrlə yanaşıb, bütün istək və arzularını yerinə yetirir. Bax, əsl əngəlsiz sevgi bunlardır.

Qadın və qızlarımızın qədrini bilək, fiziki məhdudiyyətləri olmalarına baxmayaraq, o incə zərif məxluqları sevib, qayğılarına qalaq. O qızlar sizi tam sağlam qızlardan da xoşbəxt edə bilər.


Yazıdakı fikirlər müəllifin şəxsi fikirləridir və sadəcə müəllif məsuliyyət daşıyır.

Ana səhifəMənim FikrimcəƏlil qızların taleyi…