Əlil impotent deyil…

Bu nə seksin bitməyidir, nə də sevginin….

Source:

Bu yaxınlarda bir qız tanışım mənə öz rəfiqəsindən danışdı. Rəfiqəsi ondan əlil arabasında oturan kişilərdə ereksiya olub-olmadığını soruşub. Soruşub ki, əlillər seks həyatı yaşayırlarmı?

Bu sual çoxlarını düşündürür. Açıq soruşmasalar da, əksər insanlarda bu məsələ ilə bağlı qəribə şübhələr var. Elə bilirlər ki, əlil insanların seksual həyatı olmur. Bəziləri isə elə düşünür ki, olmamalıdır da.

Vəziyyət o qədər pisdir ki, sağlam insana qəfildən bəla üz verəndə, əlil olanda sevgili, həyat yoldaşı onu atır. Danışmadan, müzakirə etmədən. Sadəcə, əlil insanların sevgi, seks həyatının bitdiyini, buna yaramadığını düşünürlər və tez ayrılırlar. Cəmiyyətin qapalılığı, seksual məsələlərin müzakirəyə açıq olmamağı hətta sağlam insanları bir-birindən uzaqlaşdıra bilər, o ki qaldı, tərəflərdən birinin əlil olmağına…

Belə tanışlarım, qız ya oğlan olsun, çoxdur. Onlar heç bir əlilliyi və xəstəliyi olmayan insanlar olublar, qəfildən hansısa qəza, bədbəxt hadisədən sonra əlil arabasında oturublar. Əlil olandan sonra sevgilisi, nişanlısı, həyat yoldaşı tərəfindən tərk edilənlər, «sənin daha seksual həyatın olmayacaq, uşağın olmayacaq» kimi sözləri eşidənlər o qədərdi ki…Bəziləri həmin bədbəxt hadisələrə qədər sevgililəri, həyat yoldaşları ilə normal, yaxşı cinsi həyat yaşayıblar. Amma bir fiziki məhdudiyyət qarşı tərəfi onlardan qəfil uzaqlaşdırıb…

Bu məsələdə əsas faktor insanların vəfasızlığı olsa da, digər vacib faktor onların məlumatsızlığıdır. İnternet əsrində yaşadığımıza baxmayaraq, insanlar sadə bir məsələ barədə internetdə məlumat axtarmaq, öyrənmək istəmirlər. Əlil insanlar, onların seksual aktivliyi barədə internetdə minlərlə məlumat var. Bəlkə bu məlumatları oxusalar, öyrənsələr, vəfasızlığı bu qədər asan etməzlər. Özlərinə mənəvi zəmini bu qədər asanca, rahatca yarada bilməzlər.

Məsələ sadəcə sevgi və seks də deyil. Bu ayrılıqlar, boşanmalar bəzən uşaqları iki valideyndən birindən məhrum edir. Valideyninin birinin əlil olmağı dərdinin üstünə bir dərd də gəlir. Atalı-analı yaşıdlarının yanında özünü kəm, natamam, yarımçıq hiss etmək…

Mənim də fiziki məhdudiyyətim var. Sizə seks təlimi keçməkdən də tamamilə uzağam. Amma bu məsələdə bilgili adam kimi bəzi şeyləri deyə bilərəm. Əlil insanların seksual həyatı heç bir məhdudiyəti olmayanların cinsi həyatından bəzən heç fərqlənmir. Dünya görüşündən, xasiyyətindən asılı olaraq, hətta daha zəngin də ola bilər onların cinsi həyatı.

Seksual həyatda vacib olan tərəflərin hər ikisinin fiziki imkanlarından daha vacib olan, partnyorların bir-biri ilə harmoniya təşkil etmə bacarığıdır. Aralarında bu harmoniya olsa, sevgi olsa, fiziki imkanlar axırıncı məsələ olar. İstəsələr bu problemi heç görməyə də bilərlər. Sevgiləri, istəkləri, fantaziyaları onlara kömək edər. Bu sevgi və harmoniya yoxdursa, tərəflərdən birinin fiziki məhdudiyyətli olmağı bəhanədir.

Bizimkilərin çoxu Avropanı, avropalıları əxlaqsız hesab edir. Amma o əxlaqsız dediyiniz avropada insanlar əxlaqı ayaqların arasında deyil, belə çətin məqamlarda bir-birinə sədaqətdə görür. Orda azad seksual həyat yaşayan adama pis baxmırlar. Amma fiziki məhdudiyyətinə görə ərini, arvadını, sevgilisini atan adamlara pis baxırlar. Siz bir əvvəl özünüzə baxın, dəyərlərinizə baxın, sonra başqa xalqları tənqid edin, onlara söz deyin.

Ana-bacı söhbəti edirsiniz, amma küçədə xalqın anasına-bacısına söz atırsınız. «Ana» segahı oxuyursunuz, amma analarınızı acından öldürürsünüz. Hansınız ananızı, atanızı gəzməyə aparırsınız? Hansınız onlarla söhbət edir, vaxt ayırırsınız? Bəlkə də belə övladlar var, amma istisnadırlar.

Əlilliyi olan əziz dostlar. Mən sizi anlayıram. Problemləriniz sonsuzdur. Əsəbləriniz zəifdir. Təhsil almaq imkanınız yoxdur. Şəraitiniz yoxdur. Aldığınız təqaüd qəpik-quruşdan ibarətdir. Mən bu yazılarla özüm də daxil olmaqla, hamımızın problemini qabartmaq istəyirəm. İnsanlar bizim barəmizdə məlumatsızdırlar. Məlumatsızlıqdan dolayı bizimlə münasibətə girməyə də çəkinirlər. Gəlin etiraf edək ki, bir çox əlil dostumuz fiziki məhdudiyyətinə görə yoldaşı, sevgilisi tərəfindən tərk edilib. Bu yazı sizə bir az dəstək olmağa çalışmaqla bərabər, bir az da insanların gözünü açmaqdır.

Əziz insanlar, əlil impotent, ya da frigid demək deyil. Əlillik sadəcə hansısa fiziki məhdudiyyətdir. Nə sevginin bitməsidir, nə də seksin.

Bu, uzaqbaşı sizin sədaqətinizin bitməyidir…


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəƏlil impotent deyil…