Əlil tanışım var. Yaxşı maddi imkanları var. Oğlan 4-5 il olar, qəza keçirdib. Əlil arabasında oturur. Hərdən iki nəfərin boynundan tutub, gəzir də. Valideynləri onu tez-tez xarici ölkələrə müalicəyə yollayır. Təəssüf ki, o özünə qarşı tamam biganədir. Biz az səy göstərsə, çox yaxşı gəzə bilər. Amma gününü siqaret, alkoqollu içkilərlə keçirir və evdən bayıra çıxmır. İnsanlar arasında görünməkdən çəkinir. Əlilliyinə görə böyük kompleksi var. Yalnız atasının və dostlarının avtomobilində gəzməklə hava alır. Valideynləri onun bu halına görə çox məyusdular.
Həmin oğlanın yaxşı maddi imkanı var, amma heç yerə çıxmır. Bir çox əlil isə heç yana çıxa bimir. Çünki maddi imkanı yoxdur. Bu oxuculara qeyri-adi görünə bilər. Uzaqgörən,qayğıkeş hökümətimiz əlilliyimə görə 67 manat sosial müavinat, 60 manat prezident təqaüdü ayırıb. Bu 127 manat pulla mən bir ayda necə dolana bilərəm? Çox bərbad durumdur. Əgər valideynlərim olmasa yəqin ki, bomj vəziyyətinə düşüb, bir aya haqqın dərgahına qovuşacam. Nə qədər pozitiv olsam da, bu, faktdır.
Azərbaycanda 500 mindən çox əlil var. Bu insanların rifahını yüksəltmək kosmosa peyk göndərən hökümət üçün heç də çətin deyil. Bir çox problemlərimiz var. Bir əlil kimi ictimai nəqliyyatdan istifadə edə bilmirik. Küçələr də əlil arabasının hərəkətinə yararlı deyil. Bu arabalarla nə səkilərdən küçəyə keçmək, nə yeraltı keçidlərdən keçmək mümkün deyil. Mağazaların və ictimai iaşə obyektlərinin girişlər də küçədən bir-iki pillə yüksək olduğundan əlillər belə obyektlərə də daxil ola bilmirdilər.
2002-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (DŞAK) tərəfindən “Bina və qurğuların layihələndirilməsində əlillər üçün zəruri olan fəaliyyət şəraitinin yaradılması üzrə müvəqqəti təlimat” qəbul edilib. Təlimat yeni binaların layihələndirilməsi zamanı əlil arabalarının hərəkəti məsələsinə xüsusi diqqət yetirilməli, liftlərin, dəhlizlərin, tualetlərin ölçüləri əlil arabalarının hərəkəti üçün yararlı olmalıdır.
Əsas problemlərdən biri də ondan ibarətdir ki, yeni düzəldilən və təmir olunan keçidlərdə, səkilərdə əlil arabaları üçün yerlərin çox pis düzəldilib. Bu yerlər nəinki əlillərin rahatlığına şərait yaratmır, hətta onlar üçün təhlükədir. Bunların düzəldilməsi üçün gərək yeni təmir olunan və tikilən körpülər təzədən sökülsün. Problemlərdən biri də özəl obyektlərin tikilməsi zamanı əlillərin nəzərə alınmamasıdır.
Nə avtobuslardan istifadə edə bilirik, nə də metrodan. Nə yaxşı ölkəmiz Eurovision-a ev sahibliyi etdi və ölkəmizə gələn turistlərin istifadəsi üçün el arasında “badımcan taksi” deyilən London taksilərini Bakıya gətirdilər. Onun əsas özəlliyi pandusunun olmasıdır. Son vaxtlar bir çox maraqlı tədbirlərə dəvət alıram. Amma taksi ilə hara isə bir səfərimin ən azı 20-25 manata başa gəldiyini xatırladıqca həvəsim tamam ölür. Evdə oturmaqdan bezmişəm. İnsanlarla ünsiyyətdə olmaq, yeni hadisələrə şahid olmaq istəyirəm. Niyə nəqliyyat və şəhər infrastrukturndakı maneələrə görə yaşam tərzim məhdudlaşmalıdır? Fiziki məhdudiyyətlərimə səbəb olanları şiddətlə QINAYIRAM!
Bu, təkcə mənim sözüm deyil, bu, əlil arabasından istifadə edən 60 mindən çox Azərbaycan vətəndaşlarının hayqırışıdır. Almaniya kansleri Angela Merkel keçən il Beynəlxalq Əlillər Günündə çıxışı zamanı qeyd etdi ki, “Ölkəmizin, cəmiyyətimizin inkişaf göstəricisi əlil vətəndaşlarımıza olan qayğı ilə bağlıdır. Biz həm əlillərimizə pensiya verir həm də onlardan yaxşı mənada istifadə edirik. Yəni əlilləri işlə təmin edib, onların əmək qabiyyətindən istifadə edirik.”
Qeyd edim ki, Almaniyanın maliyyə naziri Volfanq Şaulbe əlil arabasından istifadə edir. Almaniya kimi Avropanın bir çox ölkələrində olsanız, elə biləcəksiniz ki, burda gəzən adam qədər əlil arabası istifadəçisi var. İnandırım sizi ki, Azərbaycanda normal nəqliyyat infrastrkturu olsa, əlilləri küçəyə çıxmağa alı qoyan, ona kompleks püskürən cəmiyyət olmasa, bizdə də Avropadakı qədər küçələrdə əlil arabası istifadəçisi görmək olar. Bir çox məmurlarımız var ki, onların doğma övladları, yaxın qohumları əlil arabası istifadəçisidir. Məhz həmin məmurların əlində imkan var ki, onlar infrastrukdurda, nəqliyyatda və bir çox tikinti-sosial obyektlərdə əlil arabası istifadəçiləri üçün yaxşı şərait yarada bilsinlər. Amma etmirlər..Elə bil hamısı and içib ki, əlil araba istifadəçilərini sevindirməyəcik.
Sevincimizi məhdudlaşdıranların, öz sevinci az çəkəcək. Çünki sevinməyimiz labüddür. Gülümsəyin.