Əngəlsiz sevgiyə inananlara tövsiyəm
Bu yaxınlarda musiqili bir film tədbirində çoxdan tanıdığım qızla rastlaşdım. Onunla çoxdan tanış olsaq da, uzun müddət olardı ki, bir-birimizi görmürdük. Həmin qızla həm Bakıda, həm də xaricdə birgə müalicə-reabilitasiya kursu almışdıq. Qeyd edim ki, hər ikimiz əlil arabasından istifadə edirik.
Beləliklə, həmin tədbirdə qızla ordan-burdan, ortaq dost-tanışdan, həyatımızdan söhbət etdik. Sonra sevgilisinin necə olduğunu soruşdum. Dedi ki, ayrılmışıq. Sən demə, sevdiyi oğlanın valideynləri bunların münasibətinin rəsmiləşdirilməyinə mane olublar.
Qız bildirdi ki, oğlanın anası gəlib qıza ağzına gələni deyib və istehza ilə söyləyib ki, sən oğlumun yanında gəzməkdən utanmayacaqsan?! İmkanlı ailədən olan oğlanın heç bir əlilliyi olmayıb və qızı belə görüb, sevibmiş. Sadəcə qız sırf əlil arabasından istifadə etdiyi üçün onların evlənməyinə “imkanlı” valideynlər imkan verməyib.
Hətta atası öz oğlunu qızdan uzaqlaşdırmaq üçün süni bir cinayətlə də polisə cəlb edib ki, təki bir-birini sevənlər görüşə bilməsinlər. Bu süni əngəllər, sabotajlar və intriqalar bir xeyli davam edib. Oğlan da qızdan vaz keçmək istəməyib, sadəcə qız bu söz-söhbətlərdən təngə gəldiyi və psixoloji basqılardan yorulduğu üçün oğlandan uzaqlaşmağa qərara gəlib.
Həmin qız tanışım fiziki məhdudiyyətinə baxmayaraq çox pozitiv, həyat dolu bir insandır. İctimai və sosial həyatda da olduqca fəaldır. Ali təhsil alıb, işləyir, peşəkar idmanla məşğul olur, rəqs və əyləncələrdən də kənarda qalmır. Bir sözlə, daim öz üzərində çalışır və inkişafdadır.
Bunu müqayisə üçün yox, sadəcə elə-belə vurğulayım ki, həmin qız ayaq üstə olan, heç bir əlilliyi olmayan gördüyüm neçə-neçə qızdan daha gözəl görünüşə və zəngin mənəvi dünyaya malikdir. Fəallığı da nəyə desən dəyər.
İndi onunla bu cür davranan adamların mənəviyyatsız hərəkətini düşünür və məyus oluram. Həmin kəslərin bir adamın fiziki məhdudiyyətinə belə yanaşması və ona qarşı bu cür haqsızlıq etmələri insana pis təsir edir.
Ölkəmizda yarım milyondan çox əlilliyi olan şəxs var. Onların maddi və fiziki, müxtəlif çətinlikləri var. Bunlarla yanaşı həmin adamlara qarşı cəmiyyətdə bir əcaib yanaşma, özgə bir münasibət var. Sanki bu adamlar ayrı planetdən gəliblər və onlarla sevgi münasibəti yaşamaq, birgə olmaq fəsadlı nəticələr verə bilər. Halbuki, belə zehniyyətin daşıyıcıları özləri öz bioloji həyatlarında daha pis nümunələrlə yadda qalmaqdadılar.
Faktiki olaraq əlilliyi olan kişilərə də, qarşı cinslə sevgi münasibəti yaşayıb birgə olmaq asan başa gəlmir və ya ümumiyyətlə onların da bu istəyi bəlli səbəblərə görə çox vaxt reallaşmır. Qadınlarda isə bu ikiqat çətin olur. Cəmiyyətin qadına qarşı münasibəti adekvat deyil. Ondan böyük gözləntilər var. Bu adamlar üçün həyatda əsas şeylər material olan şeylərdir . Mənəvi nəsnələr isə ikiüzlülük və qeyri-səmimi şəkildə olsa belə yola verilərək, qəbul olunur. Təki, standartlardan kənara çıxılmasın.
Nəticədə ölkənin ümumi mənzərəsinə baxanda necə ciddi mənəviyyatsızlıq mühiti ilə əhatə olunduğumuzun fərqinə varırıq.
Yazının sonunda mövzuya yaxın bir film barədə qısa bir neçə sətir yazmaq istəyirəm.
Britaniya istehsalı "Breathe"("Nəfəs") melodramını izlədim. Film real hadisələr əsasında lentə alınıb. Bioqrafik film polimelit xəstəliyi nəticəsində iflic olan Robin Kavendişin həyatından bəhs edir. Robin özü kimi fiziki məhdudiyyətli insanların həyatını müsbətə doğru dəyişən şəxsiyyətlərdəndir. Onun təşəbbüsü və ideyaları nəticəsində polimelitdən əziyyət çəkənlərlərin həyatını yüngülləşdirən müxtəlif tibbi avadanlıqlar istehsal olmuş və həmin şəxslər sosiallaşmışlar..
Sujet: 1950-ci illər, Britaniya. İnadkarlığı və gözəl yumor hissi ilə ilk baxışdan gözəl Diananı məftun edən Robin bir müddət sonra Diana ilə münasibətlərini rəsmiləşdirir. Evləndikdən sonra Afrikaya, Keniyaya bal ayına gedən cütlüyün həyatı başqa istiqamətə dəyişir. Diananın hamiləlik xəbəri Robin üçün gözəl sürpriz olur. Ancaq xoşbəxtlik uzun çəkmir. Robin polimelit xəstəliyinə düçar olur və bütün bədəni iflic olur. Hətta ağciyərlərinin fəaliyyəti də imkan vermir ki, o, müstəqil şəkildə nəfəs alıb-verə bilsin. Robini süni nəfəs aparatına qoşurlar. Belə olan halda həyatdan küsən Robin ətrafdan təcrid olub, ölmək istəyir. Diananın yüksək sevgisi və qayğısı nəticəsində Robinin həyat eşqi artır və bu sevgi ona yeni nəfəs verir. O, anlayır ki, yaşamaq və yeni doğulmuş oğlunun böyüməsini görmək lazımdır.
Film haqda bundan artıq fikir bildirmək istəmirəm.
Əlillik qazanan və həyatı fiziki imkanlar baxımından passiv fazaya keçən adamlar, həmçinin heç bir fiziki məhdudiyyəti olmayan kəslərə təslim olmamaq, mübarizə aparmaq üçün “Nəfəs” filmi bir növ yeni nəfəs ola bilər. Bu təsirli bioqrafik filmi əngəlsiz sevgiyə inananlara izləməyi tövsiyə edirəm.