Onun ağciyər xərçəngindən əziyyət çəkdiyi bildirilir
Uzun illər Niderlanda mühacir həyatı yaşayan Ələkrəm Hümmətovun vəfat etdiyi deyilir.
Onun müalicə aldığı xəstəxanada öldüyü bildirilir.
Hümmətovla eyni şəhərdə yaşayan hüquqşünas Ataxan Əbilov Meydan TV-yə deyib ki, məlumatı sosial şəbəkələrdən öyrənib.
Onun sözlərinə görə, Ələkrəm Hümmətov uzun müddət ağciyər xərçəngindən əziyyət çəkib: “Amma həbsxanada vərəmə yoluxmuşdu. Son aylar isə yataq rejimindəydi”.
Ələkrəm Hümmətov AXC-nin təsisçilərindən və idarə heyətinin üzvlərindən olub.
1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini vəzifəsində çalışıb.
Ə.Hümmətov 1993-cü ilin avqustunda Azərbaycanın tərkibində “Talış-Muğan Muxtar Respublikası”nın yaradıldığını elan edib.
Elə həmin il də həbs olunan Hümmətov 1996-cı ilin fevralında vətənə xəyanət maddəsi ilə ömürlük azadlıqdan məhrum edilib.
2004-cü ilin sentyabrında Prezidentin 119 nömrəli Fərmanı ilə əfv olunan Ə.Hümmətov Azərbaycan vətəndaşlığından çıxarılıb.
Ələkrəm Hümmətov 1948-ci ildə Lerikdə anadan olub.
Azərbaycan Politexnik İnstitutunu bitirib, daha sonra Lənkəranda avtonəqliyyat müəssisəsinin direktor müavini işləyib.