Əli Zeynalın karserdən çıxarıldığı bildirilir

Əli Zeynal. Foto: Meydan TV

Ailəsi deyir ki, o məhkəməyə gətirilərkən Penitensiar xidmətin əməkdaşı ilə mübahisə edib

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynalın cərimə kamerasından (karser) çıxarıldığı bildirilir.

Bu barədə onun ailəsi məlumat verib.

Bildirilib ki, Əli Zeynal aprelin 24-də “Toplum TV işi” üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə gətirilərkən Penitensiar Xidmətin avtomobilində havalandırmanın pis olmasından şikayətlənib.

“O, xidmət əməkdaşından havalandırmanı işə salmasını xahiş edib. Penitensiar əməkdaşı isə buna etiraz edib və havalandırma sistemini işə salmayıb, bundan sonra aralarında mübahisə yaranıb. Elə həmin gün Əli Zeynal karserə salınıb”, – onun yaxınları bildirib.

Əli Zeynalın aprelin 27-də nahar zamanı cərimə kamerasından çıxarıldığı deyilir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti hələ ki, məsələyə münasibət bildirməyib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid İsmayılov, “Demokratik Təşəbbüslər İnstitutu”nun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli, həmin təşkilatın əməkdaşları Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov hazırda həbsdədir.

Jurnalist Elmir Abbasov barəsində polis nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilib, Şahnaz Bəylərqızı isə ev dustaqlığına buraxılıb.

“Toplum TV iş”i üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəTövsiyəƏli Zeynalın karserdən çıxarıldığı bildirilir