Əli Məsimli: Hökumət prezidentin fərman və sərəncamlarına laqeyd yanaşır

”Bu, təxribatdır, yoxsa səriştəsizlikdir, yoxsa saymazlıqdır?”

Source:


”Bu, təxribatdır, yoxsa səriştəsizlikdir, yoxsa saymazlıqdır?”

Deputat Əli Məsimli qaz və işığın bahalaşmasına görə hökuməti tənqid edib.

“Modern.az”-ın xəbərinə görə, Milli Məclisdə Azərbaycanın 2017-ci il üzrə dövlət büdcə zərfinin müzakirəsi zamanı Əli Məsimli deyib ki, artıq bundan sonra sahibkarlar da qiymətləri qaldırmalıdır.

Deputat bildirib ki, yarımçıq siyasət qeyri-neft sektorunun inkişafına da mane olur:

“İqtisadiyyat Nazirliyi tərəfdən yeni müəssisələrin yaradılması, yeni iş yerlərinin açılması ilə əlaqədar addımlar atılır. Digər tərəfdən, qaz və elektrik enerjisinin qiymətlərinin artırılması ilə sahibkarların xərclərini artırır”.

Əli Məsimli vurğulayıb ki, sahibkar qiymətləri qaldırsa belə, yenə də rəqabətdə uduzacaq:

“Əgər istixanalar qaza və işığa görə 30 min manat ödəyirdisə, indi 60 min manat ödəyəcək. Bu halda sahibkar artan xərcə görə qiymətləri qaldırmalıdır. Qiymətləri qaldırsa, sahibkar rəqabətdə uduzacaq. O məhsulu daxili və xarici bazarda sata bilməyəcək”.

Əli Məsimli həmçinin Azərbaycan hökumətinə 7 sual ünvanlayıb.

O, həmin suallara hökumətdən cavab istəyib.

“Hələ də çox vacib suallar cavasız qalır. Mərkəzi Bankın sədri tərəfindən bəzi suallar cavablandırıldı. Amma cavablandırılmayan vacib suallar qalır. Bu gün büdcə müzakirəsindən Azərbaycan cəmiyyətinin çox böyük gözləntiləri var.

Bu dəfə sualları mən Azərbaycan cəmiyyətinin gözləntiləri baxımından qaldırıram”.

Deputat hökumətə aşağıdakı suallarla müraciət edib:

“- Azərbaycanda indi getdikcə dərinləşməkdə olan böhran nə zaman səngiyəcək?

– Azərbaycanda 3-cü şok devalvasiya olacaqmı? Yaxud da aparılan indiki maliyyə- kredit siyasəti Azərbaycanı 3-cü şok devalvasiyaya aparmırmı?

– Manat nə zaman etibarlı şəkildə sabitləşəcək?

– Qiymətlər sürətlə artır. Xüsusilə də xaricdən gələn malların qiymətləri… Belə bir şəraitdə əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi aşağı düşməyə başlayıb. Ona görə də əhalinin aztəminatlı təbəqəsinin sosail müdafiəsi istiqamətində görülən tədbirlərlə yanaşı, büdcədən maliyyələşən və az maaş alan təbəqənin maaşları artacaqmı?

– Xarici valyutada olan kreditlərlə bağlı vətəndaşlara konkret güzəştlər ediləcəmi?

– İqtisadiyyat naziri Milli Məclisdə çox gözəl bir müqayisə apardı. Yoxlamalar 1 il ərzində 67 mindən 67-yə enib. Sahibkarlar bu müddət ərzində 67 min dəfə rüşvət verib. Bəs bu sahibkarları soyan məmur özbaşınalıqlarına son qoyulacaqmı?

– Vergi yükünün yüngülləşdirilməsi istiqamətində addımlar atılacaqmı? İndiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır”.

Deputat bildirib ki, indiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır.

“Bu 7 suala müsbət cavab verməkdən ötrü Azərbaycan prezidentinin bu ilin əvvəlində siyasi iradə nəticəsində başladıtğı iqtisadi siyasətin təmin edilməsinə hökumət komandasının bir hissəsi ilə yox, tam tərkibdə, vahid komanda şəklində qoşulmalıdır”.

Əli Məsimli xüsusi olaraq vurğulayıb ki, hökumət prezidentin iqtisadi sahədə imzaladığı fərman və sərəncamlarına qarşı etinasız və laqeyd yanaşır:

“Azərbaycan prezidentinin fərmanlarına baxılsın. Prezident 2 ay, yaxud 3 ay aydiyyatı orqanlara zaman verib. Prezident 2 ay vaxt verəndə dəqiq bilir ki, bu işi 1 aya, 3 ay vaxt verəndə isə dəqiq bilir ki, 2 aya görmək olar. Niyə onu 6-7 aya əmələ gətirmək olmur? Bu, təxribatdır, yoxsa səriştəsizlikdir, yoxsa saymazlıqdır? Digər tərəfdən, prezident çıxışlarında sahibkarlığın inkişafı üçün görülən işlərdən danışanda, hər zaman bu istiqamətdə insanları iqtisadi fəaliyyətə həvəsləndirən ifadələr işlədib. Amma burda oturan aydiyyatı orqanların rəhbərləri hansısa sahibkar yeni işə başlayan kimi tələb irəli sürürlər: “Biz heç nə bilmirik, bizim payımızı verin!” Həmin orqan rəhbərlərinin, qanunsuz tələblər qoyan işçilərinin cəzalandırılaraq televiziya vasitəsilə insanlara göstərilməsi üçün Azərbaycan hökuməti hansısa işlər görəcəkmi?

Dövlət Neft Fondundan vəsaiti azaldırıq, amma əlavə vəsaitlər əldə etmək imkanları aşağıdır. Əgər bu il 3 faizə qədər enmə olacaqsa, gələn il həmən hiss olunacaq. Yəni büdcəyə artım vasitəsilə vəsait daxil ola bilməyəcək. O zaman nədən istifadə etmək lazımdır? Mövcud resursların ölkə daxilindəki və xaricindəki yenidən bölgüsü olmalıdır. Bu, bütün dünya praktikasında ən yaxşı üsullardan biri olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və korrupsiya pullarının yenidən büdcəyə qaytarılmasıdır. Kölgə iqtisadiyyatının 10 faiz daraldılması Azərbaycan büdcəsinə yarım milyard manatdan çox vəsaitin daxil olmasına gətirib çıxarar. Halbuki, insanları narazı salmaqla, qazın və işığın qiymətinin artırılması nəticəsində büdcəyə 300 milyon manat pul daxil olacaq. 300 milyona görə bu qədər narazılığa dəyərdimi?”

Ana səhifəXəbərlərƏli Məsimli: Hökumət prezidentin fərman və sərəncamlarına laqeyd yanaşır