AXCP sədrinə vəsatətlə tanış olmaq üçün vaxt verildi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin cinayət məsuliyyətinə cəlb olunması tələbilə növbəti məhkəmə iclası keçirilib. Partiyadan xaric olunmuş Aydın Əliyev xüsusi ittiham qaydasında qaldırdığı iddiasında göstərib ki, Əli Kərimli müxtəlif internet kanallarında çıxışlarında ona böhtan atıb. O, AXCP sədrinin Cinayət Məcəlləsinin 147 (böhtan) maddəsilə cəzalandırılmasını tələb edir.
Sentyabrın 19-da Nəsimi Rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyilə keçirilən məhkəmə prosesində Əli Kərimlinin vəkili vəsatət qaldıraraq, məhkəməyə bir sıra sənədlər təqdim edib. Vəkil bildirib ki, bu sənədlər müvəkkilinə qarşı qaldırılmış iddianın əsassız olduğunu, Əli Kərimlinin çıxışlarında böhtan xarakterli ifadələrin olmadığını sübut edir.
Xüsusi ittihamçı qismində tanınan Aydın Əliyevin nümayəndəsi Elvin Əliyev bildirib ki, vəsatət elektron sistemə yerləşdirilməlidir və özü də onunla tanış olub qarşı tərəf kimi ona münasibət bildirməlidir.
Əli Kərimli və vəkili təklif edib ki, xüsusi ittihamçı və nümayəndəsinə 15 dəqiqə vaxt verilsin, onlar vəsatətlə tanış olsunlar, fikirlərini bildirsinlər. Lakin Elvin Əliyev razılaşmayıb, başqa işləri olduğunu iddia edib.
Hakim Babək Pənahov ona bir aya yaxın vaxt verib. Bu səbəbdən də məhkəmə oktyabrın 14-nə qədər təxirə salınıb. Aydın Əliyevin Əli Kərimliyə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddianı məhkəmə sentyabrın 12-də icraata götürmüş, beləliklə, AXCP sədri təqsirləndirilən şəxs qismində tanınmışdı.
AXCP bu məhkəmə prosesinin hakimiyyətin sifarişilə başladıldığını bəyan edib.
“Hazırda hakimiyyət AXCP-ni qanundan kənar qoymaq, onun sədri Əli Kərimlini siyasi fəaliyyətdən məhrum etmək üçün bir neçə istiqamətdə iş aparır. Bu işlərdə isə vaxtilə partiyanın fəal üzvü və Nəzarət-Təftiş Komissiyasının sədri olmuş, sonralar hakimiyyətyönlü ictimai fəaliyyətə başladığı üçün partiyadan xaric edilmiş Aydın Əliyevdən istifadə edir”, – partiyanın bəyanatında bildirilir.