Əli Kərimlinin mühafizəçisinə qarşı 5 maddə ilə ittiham irəli sürüldü

Həbs olunan AXCP üzvlərinin bir çoxu ümumiyyətlə, o yürüşdə iştirak etmədiklərini bildiriblər.

Source: Foto: sosial şəbəkə


Ruslan Əmirovun istintaqı digər işlərdən ayrı aparılacaq

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Ruslan Əmirov da iyulun 15-də Bakıda keçirilən Qarabağa və Orduya dəstək yürüşünə görə cinayət məsiliyyətinə cəlb edilib. Baş Prokurorluğun İstintaq İdarəsində bununla əlaqədar onun barəsində cinayət işi başlanıb. Bu barədə AXCP mətbuat xidmətindən Meydan TV-yə verilən məlumatda bildirilir ki, oktyabrın 10-da İstintaq İdarəsində R.Əmirov təqsirləndirilən şəxs qismində tanınıb, ona qarşı Cinayət Məcəlləsinin 5 maddəsilə ittiham irəli sürülüb.

“Ruslan Əmirovu oktyabrın 9-da günorta saatlarında yaşadığı evdən gəlib aparmışdılar. Onu axşam buraxsalar da, oktyabrın 10-da səhər saat 10.00-da prokurorluqda olmaq tapşırılmışdı. Bu gün gedəndə məlum olub ki, onu da Qarabağ yürüşü ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanıyıblar. Beləliklə, AXCP-dən həmin yürüşə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 oldu. İyulda həbs olunan 16 cəbhəçinin işi artıq məhkəməyə göndərilib, oktyabrın 27-də hazırlıq iclası keçiriləcək. Ruslan Əmirovun istintaqı isə ayrıca aparılacaq”, – deyə AXCP-dən bildirilib.

İstintaq dövrü üçün R.Əmirov barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. O, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə iştirak, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, özgənin əmlakına ziyan vurma və qəsdən sağlamlığa az ağır zərər vurma kimi əməllərdə ittiham olunur. Cinayət Məcəlləsində bu maddələrlə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Qarabağa dəstək yürüşü üzrə ümumilikdə 38 nəfər cinayət məsuliyyətinə cəlb olunub ki, onlardan da 37-sinin işi məhkəməyə göndərilib. Həbs olunanlar arasında AXCP Rəyasət Heyətinin üzvləri Fuad Qəhrəmanlı, Ayaz Məhərrəmli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Asif Yusifli də var.

Həbs olunan AXCP üzvlərinin bir çoxu ümumiyyətlə, o yürüşdə iştirak etmədiklərini bildiriblər.

İttihamda Almaniyada yaşayan mühacir, sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovun da adı hallanır. İttihamda yazılıb ki, Qabil Məmmədov, həyat yoldaşı Aytən Ramazanova və başqaları əlbir olub, yürüşdə iğtişaş törətmək qərarına gəlib. Baş verənlərə də onlar rəhbərlik edib. “WhatsApp” proqramı vasitəsilə Bakıdakılara təlimat verilib. AXCP üzvləri də bu haqda “Facebook”da yaratdıqları gizli qrupda öz aralarında müzakirələr aparıblar. Təqsirləndirilən şəxslər əvvəldən müəyyənləşdirilmiş plan üzrə hərəkət ediblər.

AXCP və həbsdə olan cəbhəçilər isə bu ittihamı rədd edir. AXCP sədri Əli Kərimli bildirib ki, cəbhəçilərin həbsi partiyaya qarşı repressiyaların davamıdır və Prezident İlham Əliyevin iyulun 15-də Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi barədə nifrət nitqindən qaynaqlanır.

Ə.Kərimlinin digər mühafizəçisi Niyaməddin Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.

N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

Ana səhifəSiyasətƏli Kərimlinin mühafizəçisinə qarşı 5 maddə ilə ittiham irəli sürüldü