Xuliqanlıqda ittiham olunan Səid Məmmədzadə ittihamın saxta olduğunu deyir
AXCP üzvü, eyni zamanda, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Səid Məmmədzadə ötən il aprelin 28-də Xətai Rayon Məhkəməsində həbs olunub. Qarışıq döyüş növləri üzrə Avropa çempionu, “Səid Bakuvi” kimi tanınan AXCP fəalı 3 il 6 ay azadlıqdan məhrum edilib. Hakim İbrahim İbrahimlinin çıxardığı hökmə əsasən, o, Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Səid Məmmədzadə icarə əsasında işlətdiyi avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxsə bıçaqla xəsarət yetirib, avtomobilinə ziyan vurub.
Aprelin 28-də keçirilən məhkəmə iclasında əvvəl prokuror çıxış edərək, AXCP fəalının 4 il azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmiş qismində tanınan Rüfət Məcidov da Səid Məmmədzadənin prokurorun təklif etdiyi şəkildə cəzalandırılmasını tələb edib.
AXCP fəalının vəkili Elçin Sadıqov isə ittihamın tamailə əsassız və qurama olduğunu, hüquqlarını müdafiə etdiyi şəxsin ümumiyyətlə, Rüfət Məcidovu vurmadığını bildirib. Vəkil vurğulayıb ki, avtoyuma məntəqəsində çəkilmiş və istintaqa təqdim olunan videogörüntülər də orada dava olmadığını, Səid Məmmədzadənin qarşı tərəfə ümumiyyətlə toxunmadığını sübut edir.
Vəkil çıxışının sonunda müdafiə etdiyi şəxsin haqqındakı cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.
Ardınca Səid Məmmədzadə son sözünü deyərək, təqsirsiz olduğunu vurğulayıb. Zərərçəkmiş qismində tanınan Rüfət Məcidovu əvvəllər tanımadığını deyən AXCP fəalının sözlərinə görə, həmin gün o, avtoyuma məntəqəsinə gələrək, heç bir səbəb olmadan söyüş söyməyə başlayıb. O da uzaq məsafədən ona irad bildirib: “Başa düşdüm ki, bunun məqsədi başqadır, təxribata çəkməyə çalışır. Ona görə baş qoşmadım. Mübahisə belə, uzaq məsafədən olub. Videogörüntülər də mənim dediklərimi sübut edir”.
Səid Məmmədzadə son sözündə ona bəraət verilməsini istəyib.
Bundan sonra müşavirəyə gedən hakim bir neçə dəqiqə sonra geri qayıdaraq, hökmü elan edib. 2020-ci il mayın 25-də həbs olunan, iki ay sonra ev dustaqlığına buraxılan Səid Məmmədzadə məhkəmə zalında yenidən həbs edilib.
Hökmdən apelyasiya şikayəti veriləcək.
Avtoyuma məntəqəsindəki hadisənin şahidi olmuş AXCP Rəyasət Heyətinin üzvü Ayaz Məhərrəmli Meydan TV-yə bildirib ki, onu istintaq zamanı şahid qismində dindiriblər: “Mən də hadisəni necə varsa, elə danışmışdım. Videogörüntülərdə də mən varam və dediklərim də o görüntülərlə təsdiqini tapır. Görünür, mənim ifadəm həqiqət olduğuna və ittiham tərəfinə sərf eləmədiyinə görə məhkəməyə çağrılacaq şahidlərin siyahısına məni daxil etmədilər. Məhkəmənin gedişində vəkil mənim dindirilməyim haqda vəsatət qaldırdı, hakim bunu təmin eləmədi. Görünürdü ki, bunlara həqiqət yox, Səidi həbsə göndərmək lazımdır”.