Əli Kərimli: ”Primitiv, küçə səviyyəsində ittiham edirlər”

AXCP üzvlərinin apelyasiya şikayətinə baxılıb

Source:


AXCP üzvlərinin apelyasiya şikayətinə baxılıb

Mayın 31-də Bakı Apelyasiya Məhkəməsində mayın 25-də həbs olunmuş AXCP funksionerləri – partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərardan verilmiş şikayətə baxılıb. Cəbhəçilərin məhkəmələri ayrı-ayrılıqda keçirilib. Babək Həsənovun apelyasiya şikayətinə hakim Qail Məmmədov, Ruslan Nəsirlinin şikayətinə isə İlqar Murquzovun sədrliyilə baxılıb. Şikayətlər təmin olunmayıb.

Hər iki məhkəmə qapalı keçirilib. Vəkillərinin bildirdiyinə görə, məhkəmədə cəbhəçi fəalların özləri də iştirak edib.

Babək Həsənovun vəkili Cavad Cavadov məhkəmə qapalı keçirildiyinə görə ətraflı məlumat verməsə də, qısaca bildirib ki, müvəkkili özünü təqsirli bilmir. Babək Həsənovun bir sıra şikayətləri də olub. Vəkil onların nədən ibarət olduğunu konkret söyləməsə də, qeyd edib ki. həmin şikayətlərlə əlaqədar lazımi orqanlara müraciət edəcək.

Ruslan Nəsirlinin vəkili Fariz Namazlı da bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün yaxın günlərdə məhkəməyə müraciət edəcək.

AXCP funksionerləri haqqında 4 aylıq həbs-qətimkan tədbiri mayın 26-da Nərimanov və Nəsimi rayon məhkəmələrində seçilib. Vəkillərinin bildirdiyinə görə, onlar mayın 30-da Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasına köçürülüblər. Həbs olunandan mayın 30-na qədər isə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlanılıblar.

Mayın 25-də Babək Həsənov və Ruslan Nəsirli ilə yanaşı, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli də həbs olunub. Onlara qarşı CM-nin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələri ilə ittiham irəli sürülüb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş partiya funksionerləri həmin pulları alıb partiya sədri Əli Kərimliyə çatdırıblar. İttihamda ümumilikdə 412 min dollardan bəhs olunur.

AXCP sədri Əli Kərimli Bakı Apelyasiya Məhkəməsinin qarşısında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, bu, rəhbərlik etdiyi partiyaya qarşı repressiyaların növbəti dalğasıdır. Onun sözlərinə görə, S.Rüstəmli də, həbs olunmuş partiya funksionerləri də tam təqsirsizdir: “Saleh Rüstəmli mənim dostumdur və o, heç bir cinayət törətməyib. Yaxşı bir dost, vətəndaş, Qarabağ müharibəsi veteranı kimi, bizim mübarizəmizə, mənim problemlərimə biganə qalmayıb. Bir dost olaraq, bir neçə dəfə mənə 500 dollar, 1000 dollar pul göndərib. Burada nə qəbahət var? Bu adamla elə rəftar edirlər, sanki erməni əsirliyindədir. Onu bəhanə edib, yenə də heç bir günahı olmayan üç nəfər partiya funksionerini şərləyib həbs ediblər”.

Ə.Kərimlinin sözlərinə görə, son üç həftədə AXCP-nin on nəfər funksioneri şərlənərək həbs olunub: “Onlardan üçünə inzibati həbs cəzası verilib, yeddisinə ağır maddələrlə ittihamlar irəli sürülüb. Yeddi nəfərdən Mirfeyzulla Seyidovun səhhətində çox ciddi problemlər var, bununla əlaqədar o, ev dustaqlığına buraxılıb”.

Partiya sədri çirkli pulyuma ittihamı barədə də danışıb: “Primitiv, küçə səviyyəsində, “sən özünsən” ritorikası ilə bizi pul yumaqda ittiham edirlər. Bir dost digərinə kömək edib, nə var burada? Amma sizin əməllərinizi bütün dünya gördü, danışdı. Təsbit olundu ki, 50 milyon avronu avropalı siyasətçilərə rüşvət olaraq vermisiz. O rüşvəti qanuni şəkildə verilmişdi? Müdafiə Sənayesi Nazirliyi vasitəsilə oğurlanıb ofşorlara köçürülən milyardlar qanuni idi? Niyə bunun izahatını vermirsiz? Azərbaycan xalqı sizi də yaxşı tanıyır, bizi də…”

Aqil Məhərrəmli, Ruslan Nəsirli və Babək Həsənovun ittiham olunduğu maddələrdə 7 ildən 12 ilə qədər həbs nəzərdə tutulub.

Ana səhifəXəbərlərƏli Kərimli: ”Primitiv, küçə səviyyəsində ittiham edirlər”