“Əli Kərimli ilə mənim təşəbbüsümlə müzakirə apardıq”
“Əli Kərimli ilə görüşdə öz fikirlərimi və Müsavat Partiyasının mövqeyini onun diqqətinə çatdırdım”.
Bu barədə APA-ya Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A. Hacılı AXCP sədri Əli Kərimli görüşdüyünü və görüşdə iki partiya arasında əməkdaşlıq perspektivlərinin müzakirə olunduğunu bildirib: “Görüş mənim təşəbbüsümlə baş tutdu, təqribən iki saata yaxın müzakirə apardıq. Mən fikirlərimi və Müsavat Partiyasının mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Yəqin ki, bu məsələlər AXCP rəhbərliyində müzakirə olunduqdan sonra fikir bildirmək olar”.
A. Hacılı Müsavatın Milli Şuradan çıxmasından sonra AXCP funksionerlərinin partiyanı hakimiyyətlə əməkdaşlıqda ittiham etməsinə də münasibət bildirib: “Hesab edirəm ki, Müsavat Partiyasını hakimiyyətlə əməkdaşlıqda ittiham etmək siyasi rəqabət kontekstində səslənən əsassız fikirlərdir. Həm siyasi qüvvələr, həm də Azərbaycan cəmiyyəti bilir ki, Müsavat Partiyası heç vaxt hakimiyyətlə hansısa məsələlərlə bağlı sövdələşməyə getməyib”