Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin xaricə səfərlə bağlı Baş Prokurorluğa etdiyi müraciətinə cavab verilməyib.
Bu barədə partiya sədri özünün “Facebook” hesabında yazıb. O, Varşava Təhlükəsizlik Forumunda (sentyabrın 28-29-da keçirilib) iştirak məqsədi ilə xarici pasport almaq üçün Baş Prokurorluğa müraciət etmişdi. Partiya sədri bildirib ki, uzun illərdir davam edən səyahət məhdudiyyətləri hələ də aradan qaldırılmayıb.
“İlham Əliyev Afina demokratiya forumunda (sentyabrın 30-da başlayıb, bu gün bitir-red.) iştirakıma da imkan vermədi. Daha öncə Varşava Təhlükəsizlik konfransında iştirakıma da imkan verməmişdi. Özü gedib Danimarkada Avropa Siyasi Birliyinin toplantısında iştirak edir, dövlətin zor aparatının əli ilə də mənim xarici səfərlərimin qarşısını alır. Baş prokurora müraciətimə cavab verilmir“.
AXCP sədri bildirib ki, ona pasport verilməsilə bağlı Avropa Məhkəməsinin qərarı yerinə yetirilmir.
“Ölkədə hüquq, Konstitusiya işləmir, ölkə cəngəllik qanunları ilə idarə olunur”.
Əli Kərimlinin pasport məsələsi yeni deyil. O, artıq 20 ilə yaxındır ki, beynəlxalq səfərlərə çıxmaq hüququndan məhrumdur.
Əli Kərimlinin səfər qadağası 1994-cü ildə onun barəsində açılmış cinayət işi ilə əsaslandırılır. Həmin il sentyabrın 10-da hüquq-mühafizə orqanları onun cibində qumbara tapıldığını iddia edərək barəsində o dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 220-ci maddəsi (qanunsuz silah saxlama) ilə cinayət işi başladıb və Kərimli həbs edilib. Bir neçə həftə sonra o, yerli və beynəlxalq təşkilatların təzyiqi ilə azadlığa buraxılıb. Cinayət işinə xitam verilməsə də, icraat 1995-ci ilin dekabrında dayandırılıb.
2001-ci ildə aldığı xarici pasportun etibarlılıq müddəti bitdikdən sonra, Kərimli 2006-cı ildə yenidən Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat İdarəsinə müraciət edib. Lakin ona pasport verilməyib və səbəb kimi 1994-cü ildə başlanmış cinayət işi göstərilib.
Avropa İnsan Hüquqları Məhkəməsi bir neçə il əvvəl bu vəziyyəti qanunsuz məhdudiyyət kimi qiymətləndirərək Azərbaycan hökumətini qərarı icra etməyə çağırsa da, məsələ indiyədək həllini tapmayıb.
AXCP sədri paylaşımında izləyicilərinə bir neçə sual da ünvanlayıb.
“Dövlətin inzibati gücündən istifadə edərək mənim xarici səfərlərimə qadağa qoyması İlham Əliyevin gücünü göstərir, yoxsa gücsüzlüyünü? İlham Əliyev xalqdan aldığını elan etdiyi 92 faiz demirəm, xalqın 52 faizinin dəstəyindən əmin olsa idi, onun nəyinə lazım idi ki, rəqibinin xarici səfərlərinə prokurorluğun, məhkəmənin əli ilə qadağa qoymaqla dünyanın gündəminə repressiv rejim başçısı kimi gəlsin? Mən sizdən soruşuram, siz dünyada hansısa bir normal, normala yaxın ikinci bir dövlət tanıyırsız ki, orada dövlət başçısı öz siyasi rəqibinin xarici səfərlərinə qadağa qoysun? Azərbaycan hakimiyyəti uzun illər fəaliyyət imkanlarını müxalifətin əlindən alaraq, sonra da trolları vasitəsilə təbliğat aparıb ki, Azərbaycanda müxalifət yoxdur. Bəs necə olur ki, bu olmayan müxalifətin xarici səfərlərini, mitinq, qurultay keçirməsini, hətta internetə çıxışını, ziyarət tədbirlərini belə özünüzə təhlükə görürsüz?”- Əli Kərimli belə yazıb.
Baş Prokurorluq və digər aidiyyatı qurumlar AXCP sədrinin yazdıqlarına münasibət bildirməyib.