Əli Kərimli: “Azərbaycanın milli sərvətləri kiçik bir qrupun varlanması üçün istifadə olunur”

Əli Kərimli – Foto: Meydan TV

“Azərbaycan 100 milyardlarla dollar neft pulları qazanıb, amma Bakının bir kanalizasiya problemini həll edə bilməyiblər”.

Bunu hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

Partiya sədri ailəsi vasitəsi ictimaiyyətə yaydığı açıqlamada Bakının suyun altında qalmasını DTX təcridxanasından böyük təəssüflə izlədiyini çatdırıb.

“Az qala hər gün Azərbaycan neftinin qiymətinin qalxması haqqında xəbərlər eşidirik. Azərbaycan neftinin barreli büdcədə nəzərdə tutulduğundan iki dəfə artıq qiymətə satılır. Sadə məntiqlə, bu, xalqımızın həyatına müsbət təsir göstərməlidir. Amma çox təəssüf, acı təcrübəmizdən bilirik ki, neft qiymətlərinin artması da vətəndaşlarımızın sosial vəziyyətini qətiyyən yaxşılaşdırmır əksinə, qiymət artımları davam edir, sosial problemlər daha da kəskinləşir”, – Əli Kərimli bildirir.

AXCP sədri Əli Kərimli və Partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Əli Kərimliyə və Məmməd İbrahimə qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər ittihamı irəli sürülüb. Onların həbsi sabiq Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan geniş araşdırmalarla əlaqələndirilir. Müxalifət və tərəfdarları bu həbsin siyasi motivli olduğunu bildirir. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər bu həbsi siyasi represiyanın nümunəsi kimi qiymətləndiriblər.

Partiya sədri açıqlamasında deyib ki, Azərbaycan xalqı neft gəlirlərinin xeyrini görmür, amma bununla belə, inflyasiyanın və illərlə davam edən sosial problemlərin cəfasını çəkir:

“Çünki Azərbaycanın neft-qaz başda olmaqla, milli sərvətləri onun rifahı üçün yox, kiçik bir qrupun varlanmasından ötrü istifadə olunur. Ona görə də artıq 10 illərdir neft satan, 16 ölkəyə qaz saymaqla öyünən Azərbaycanın hakimiyyəti bu günə qədər hətta paytaxtın normal kanalizasiya sistemini də qura bilməyib. Bunun hamısı onu göstərir ki, Azərbaycan xalqı ilk növbədə özünə xidmət edən dövlət qurmaqla məşğul olmalıdır. Sosial problemlər də, siyasi problemlər də o vaxta qədər həll olunmamış qalacaq ki, Azərbaycan xalqı ona xidmət edən, onun qarşısında məsuliyyət daşıyan və özünün formalaşdırdığı hakimiyyətə sahib olmayacaq”.

Bir neçə gündür yağan aramsız yağışlar Bakı və Abşeron yarımadasında ciddi fəsadlara səbəb olub. Paytaxtın və Abşeron rayonunun bir sıra ərazilərində küçələr, həyətlər və yaşayış evləri su altında qalıb. Son illərdə güclü yağışlar zamanı oxşar problemlər mütəmadi olaraq təkrarlanır. Hətta 2024-cü ilin oktyabrında sel Sabunçu rayonunda tuneli basarkən iki nəfər həlak olmuşdu.

Ana səhifəSiyasətƏli Kərimli: “Azərbaycanın milli sərvətləri kiçik bir qrupun varlanması üçün istifadə olunur”