Əli İnsanov Ramiz Rzayevə müraciət edib

Keçmiş nazir məhkəmənin təxirə salınmasını siyasi qərar adlandırıb

Source:


Keçmiş nazir məhkəmənin təxirə salınmasını siyasi qərar adlandırıb

Keçmiş səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin onun kassasiya şikayətinə baxılmasının qeyri-müəyyən müddətə təxirə salınmasını siyasi qərar adlandırır.

Bu barədə onun vəkili Toğrul Babayev “Turan”-a məlumat

verib

. Vəkil bildirib ki, keçmiş nazir etiraz olaraq noyabrın 15-də Ali Məhkəmənin sədri Ramiz Rzayevə ərizə ilə müraciət edib:

“Əli İnsanov hesab edir ki, işə baxılmasının süni şəkildə yubadılması onun Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verməsinin yubadılması və Avropa Şurasının tələbi ilə gözlənilən əfv siyahısına adının salınmasını əngəlləmək məqsədi daşıyır”.

Noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətinə baxış başlayıb və dövlət ittihamçısı Rizvan Şəmmədovun xahişi ilə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O, sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum olunub.

2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).

2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirin barəsində yeni həbs qərarı çıxarıb.

2017-ci il aprelin 26-da Bakının Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.

Keçmiş nazir Qaradağ Rayon Məhkəməsinin hökmünü onun həbsdən buraxılmaması üçün “uydurulmuş ittihama verilən ədalətsiz hökm” adlandırıb.

“Onlara çatdırın ki, siz heç zaman dəmir barmaqlıqlar arxasında Əli İnsanovun kədərli heykəlini görməyəcəksiniz. Əli İnsanov mübarizə adamıdır, xalqının azadlığı və firavanlığı uğrunda dəmir barmaqlıqlar arxasında da mübarizəsini aparacaq. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Onu heç nə qorxutmur. Bu həbsi də iki prezident seçkisinə hesablamısınız”, -Ə.İnsanov qeyd edib.

Bakı Apelyasiya Məhkəməsi 2017-ci il iyunun 22-də hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş səhiyyə nazirinin 7 il 5 gün azadlıqdan məhrum edilməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin etməyib. Bundan sonra Ə.İnsanov Bakı Apelyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.

Vəkilin sözlərinə görə, kassasiya şikayətinə baxış üç aydan çox təxirə salındıqdan sonra Ə.İnsanov Ali Məhkəmənin sədri Ramiz Rzayevə məktubla müraciət edərək süründürməçiliyə etirazını bildirib və bundən sonra məhkəmə noyabrın 14-nə təyin edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.

Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıblar.

Ə.İnsanov bütün məhkəmələrdə hazırkı iqtidarın yüksək vəzifəli şəxslərini kəskin tənqid edib.

Ana səhifəXəbərlərƏli İnsanov Ramiz Rzayevə müraciət edib