Əli İnsanov: Məni nədə ittiham edirsiniz?

Sabiq nazirin cinayət işində istintaq müddəti tamamlanıb

Source:


Sabiq nazirin cinayət işində istintaq müddəti tamamlanıb

Aprelin 19-da Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Ə. İnsanov bildirib ki, bütün idarələrdə iş planı ilin əvvəlində hazırlanır. Lakin Penitensiar Xidmətdə bu plan iyulda tərtib edilib:

Bu, necə ola bilər?

Hakim cavabında planın rüblük hazırlandığını söyləyib. Vəkil Şahverdi Ağayev hakimin bu məsələyə münasibət bildirməsini doğru saymayıb.

Vəkil Toğrul Babayevin sözlərinə görə, ekspert rəyində tapılan dərmanların istifadə müddəti barədə qeyd yoxdur. Bu zaman hakim “istifadə müddəti bitsəydi, bunu qeyd edərdilər”, – deyib. T. Babayev zərərçəkmiş şəxs Anar Məmmədovdan prokurorluqda nə zaman ifadə verməsini soruşub. Vəkil işdə olan sənədlərə görə, A. Məmmədovun 35 gün xəstəxanada yatdığını deyib. A.Məmmədov isə hadisədən iki gün sonra prokurorluqda ifadə verdiyini söyləyib:

“Kəllə-beyin travması almışdım. O demək deyil ki, əlim-ayağım yoxdur. Xəstəxanadan icazə alıb getdim”.

Ə. İnsanov isə dərman qablarının ekspertizadan keçirilmədiyini söyləyib: “Biz bunu dəfələrlə dedik. Əl izimin olub-olmamasını təsdiqləmək üçün ekspertiza istədik. Lakin bunu etmədilər. Anar Məmmədovu kompüter tomaqrafiyasından keçirməyiblər. Çünki elə zədə olmayıb. Bunu şifahi yazıblar. Siz məni nədə ittiham edirsiniz? Heç bir sualıma cavab yoxdur”.

Bu zaman vəkil A. Şahverdi Ə. İnsanovun cırdığı deyilən protokolun da iş materiallarında olmadığını xatırladıb. Hakim isə cavabında həmin protokolun maddi sübut kimi saxlandığını söyləyib. A. Şahverdi sübutların əsassız hesab olunması barədə vəsatət verib. Bunu Ə. İnsanov və vəkillərinin baxışda iştirak etməmələri ilə əsaslandırıb:

“Əli İnsanov istintaq zamanı heç vaxt ifadə verməyib. Onun evindən göndərilən paltarların üzərindən Anar Məmmədovun paltarının lifləri tapılıb”.

Məhkəmə vəsatətləri təmin etməyib.

Vəkil ekspert qarşısında sual qoyub. A. Məmmədov paqonunu özü cıra bilərdimi? Lakin ekspert sualı cavablandırmayıb. Ə. İnsanov isə deyib ki, A. Məmmədovu görəndə onun cibinin ağzı qatlanmış olub: “Mən şübhələndim ki, yəqin səsyazan cihaz qoyub. Sonradan məsələ aydın oldu”.

Hakim məhkəmə istintaqının tamamlanmasını elan edib.

Proses aprelin 26-da davam edəcək. Həmin gün prokuror cəza istəyəcək.

Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.

Ə İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə. İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.

Ana səhifəXəbərlərƏli İnsanov: Məni nədə ittiham edirsiniz?