Əli İnsanov haqqında hökm qüvvədə saxlanıldı

Sabiq nazir məhkəmə zalına girməkdən imtina edib

Source:

Sabiq nazir məhkəmə zalına girməkdən imtina edib

Fevralın 25-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə sabiq səhiyyə naziri Əli İnsanovun barəsində 20 aprel 2007-ci il tarixli hökmü qüvvədə saxlanılıb. Sabiq nazir məhkəmə zalına girməkdən imtina edib. Hakimlər məcbur olub sabiq nazirin saxlandığı kameraya gedərək, hökmü orda oxuyublar.

Qeyd edək ki, Əli İnsanov 2005-ci ilin oktyabrında “dövlət çevrilişi” ittihamı ilə həbs olunub. Lakin sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-cü (külli miqdarda mənimsəmə və ya israf etmə) 306.2 (vəzifəli şəxs tərəfindən məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunub və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan olunmaqla, 11 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə Avropa Məhkəməsinə verilmiş şikayət bu ilin mart ayında təmin edilib. Məhkəmə Əli İnsanova qarşı Konvensiyanın 3-cü maddəsinin pozulduğunu və ona işgəncə verildiyi haqqında qərar qəbul edib. Bu işgəncələr ona Bayıl həbsxanasında, 5 saylı istintaq təcridxanasında, 13 saylı cəzaçəkmə müəssisəsində tətbiq olunub. Əli İnsanov indi də 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Avropa İnsan haqları Məhkəməsi sabiq nazir barəsində ədalətsiz məhkəmə keçirildiyini hesab edib. Onun müdafiə hüququ və digər prossesual qaydalar pozulub. Bunları əsas götürərək Avropa Məhkəməsi Əli İnsanovun xeyrinə qərar çıxarıb və ona bəraət verilməsini, eyni zamanda, Azərbaycan hökumətinin 10 min avro cərimə ödəməsi barədə qərar çıxarıb.

Ana səhifəXəbərlərƏli İnsanov haqqında hökm qüvvədə saxlanıldı