Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib
Meydan TV-nin məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edib. O, Ə. İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bildirib ki, ittiham sübuta yetirilib və Ə. İnsanova cəza təyin edilməlidir.
Daha sonra iclasda zərərçəkmiş qismində tanınan Penitensiar Xidmətin əməkdaşı Anar Məmmədov çıxış edib. O, Ə.İnsanovun cəzalandırılmasını istəyib.
İclasda Ə.İnsanovun vəkilləri Ağaveyis Şahverdi və Toğrul Babayev müdafiə çıxışı edib.
A.Şahverdi bildirib ki, Əli İnsanov heç bir cinayət törətmədiyi halda, 10 il 10 ay həbsdə saxlanılıb:
“Əli İnsanov saxta cinayət işini quraşdıranların cəzalandırılması üçün Qaradağ Rayon Məhkəməsinə müraciət edib. Amma onun vəsatətinə cavab verilməyib.
Məhkəmə də qərəzli olaraq, müdafiə tərəfinin vəsatətlərini təmin etməyib, yalnız ittiham tərəfinin sübutları araşdırılıb.
Ağaveyis Şahverdi işə baxan hakim Rəşad Mustafayevə etiraz verib. Bildirib ki, bu hakim martın 1-də Əli İnsanov barəsində həbs-qətimkan tədbirinin müddətini 1 ay uzadıb. Uzatma qərarında təqsirsizlik prezumpsiyası hüququnu pozaraq, hələ heç cinayət işinə məhkəmədə baxılmamış onun cinayət əməlinin sübuta yetirildiyini yazıb.
Toğrul Babayev də etirazı müdafiə edib. Bildirib ki, Ə.İnsanov cinayət törətməyib:
“Kimə cəza verirsiniz? 13 il Heydər Əliyevlə çiyin-çiyinə işləyən şəxsəmi? Bununla nə demək istəyirsiniz, məqsədiniz nədir? 56 gün qalmışdı evə getməyinə. Onu ən ağır şəraitdə saxladılar. 11 ilə yaxındır yaxınları ilə görüşməyə qoymurlar. Saxlanıldığı müəssisənin qaydalarına həmişə əməl edib. Bu qədər kin-küdurət olmaz. Əli İnsanovla birlikdə ittiham olunanların hamısı azadlığa çıxdı. Ancaq Əli İnsanovu buraxmadılar. Ona bəraət hökmü verilməlidir”.
Daha sonra Əli İnsanov son sözlə çıxış edib. Bildirib ki, rahat və nikbindir:
“Dövlət ittihamçısına deyirəm ki, xatircəm olsun. Mənə istənilən cəza heç bir isterika yaratmayacaq ki, kiminsə ünvanına təhqir yağdıram. Buna mənim tərbiyəm yol vermir. Bu yalanları bu pafosla siz necə deyirsiniz, bununla hara gedirsiniz? Bunu özümə qarşı terror hesab edirəm. Bir akademikə qarşı bu terror bütün xalqa qarşı terror deməkdir. Guya mən haradasa narkotik dərmanlar saxlamışam. Buna göstəriş verən adamlar polis serjantının səviyyəsinə düşüb. Görün Azərbaycan nə gündədir. Biri tapşırır, biri qoyur, o biri də hüquqi don geyindirir. İnanmıram bu böhtana kimsə inansın. Bütün bunlar bir uydurmadır. Ən az demokratiya olan ölkələrdə də məhkəmələr canlı göstərilir. Lakin mənim məhkəməmə qapalı şəkildə, jurnalistlər olmadan baxılır. Məni və jurnalistləri Lenin muzeyinə çağırmamısınız ki. Siz nəvələrinizin qarşısında nə ilə fəxr edəcəksiniz? Fəxr edəcəksiniz ki, mənim kimi bir alimi həbs etmisiniz? Əli İnsanov mübarizə üçün doğulub. Mənim kədər heykəlimi görməyəcəklər. Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Məni nə iləsə qorxuda bilməzsiniz. Mən iki prezident seçkisində də içəridə olacam. Buna hesablamısınız bu oyunu? 2005-ci ildə şərlədilər, on bir il cəza verdilər. Arzuları məhv etmək olmaz. Mən Azərbaycan xalqını azad görmək istəyirəm. Mən bu yola kəfənlə çıxmışam. On bir il ərzində 107 məhkəməm olub. Heç biri də mənim xeyrimə qərar çıxarmayıb. Bu rekordlar kitabına düşəcək hadisədir. İndi prokuror gülümsəyir. Bir vaxt Kamran Əliyev də belə edirdi, vəzifə verdilər. Yəqin bu prokurora da vəzifə verərlər. Cənab hakim , sizə isə “sağ ol” deyəcəklər. Ancaq bu sağ olun yükü ağır olacaq. Bunları qorxudan mənim bildiklərimdir. Azərbaycandakı vəziyyət heç vaxt bu qədər ağır olmamışdı”.
***
Hakimlər müşavirədədir
Aprelin 26-da Qaradağ rayon Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Rəşad Mustafayevin sədrlik etdiyi prosesdə prokuror çıxış edib. O, Ə.İnsanovun 8 il 9 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hazırda hakim müşavirədədir. Müşavirədən sonra hökm oxunacaq.
Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi başlanıb.
Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Ə.İnsanovun cəza müddəti ötən ilin oktyabr ayında başa çatırdı.